Onlayn ictimai-siyasi qəzet
Yekaterinburqdakı vəhşilik aktı heç şübhəsiz, Azərbaycana münasibətdə təyyarəmizin vurulması olayına bərabər bir demarşdır. Həqarətdir. Rusiyanin hələ də sivil, müasir dövlət ola bilmədiyinin bariz sübutudur.
Kiməsə rəsmi Bakının olaya reaksiyası çox sərt görünə bilər. Amma və lakin bu, bu faktiki səbir kasamız üçün son damla olduğundan cavab tədbirləri kifayət qədər adekvat və yerindədir. Həmin hadisəyə qədər Azərbaycana, soydaşlarımıza edilən və bitmək bilməyən irili-xırdalı, gizli-açıq pisliklərin, haqsızlıqların, neqativlərin məcmusuna verilmiş normal cavabdır...
Prezidenti “Rusiyanın ən etibarlı müttəfiqi onun ordusudur” deyən yırtıcı bir ölkədən nə gözləmək olar ki? Bu, əlbəttə ki, neoimperialist və irqçi düşüncənin, “velikorus” şovinizminin diktə elədiyi yanaşmadır. Eyni zamanda, qonşuluqdakı suveren dövlətlərə ünvanlı açıq hədə və təhdiddir. Yəni hazır olun, işğalçı müharibələrin davamı gələ bilər.
Rusiya beləcə, postsovet ölkələrinin müstəqilliyinə yuxaridan aşağı baxmaqda, bu ölkələri və onların xalqlarını “ikinci sort”, onların ərazisini isə “arxa bağça” saymaqdadır. Putinin yaxın adamlarının, partiyadaşlarının vaxtaşırı SSRİ çöküşünü qanunsuz hesab etmələri barədə avantürist bəyanatları qənaətimizi daşlaşdırır.
Bir yandan da Ukraynada işğalçı müharibə uzanır. Kreml hədəflərinə çata bilmir, müharibə xərcləri, daxildə narazılıq artır. Ukraynanı guya bir həftəyə “ram edəcəyini” xəyal edən təcavüzkar Rusiya əməllicə bataqlığa düşüb. İqtisadiyyatı, bank-maliyyə sistemi yavaş-yavaş tənəzzülə doğru gedir. Kreml başçısı görünür həm də bu səbəbə qəzəblidir...
Polşanın xarici işlər naziri Radoslav Sikorski bu xüsusda çox diqqətçəkən fikir söyləyib. O, Putinin sovet lideri Leonid Brejnevlə eyni yolla getdiyini söyləyib. Nazir xatırladıb ki, Kreml rəhbəri vaxtilə Sovet İttifaqının orduya həddən artıq çox pul xərclədiyi üçün dağıldığını deyib, amma indi onun özü eyni şeyi edir. “Putin başa düşməlidir ki, o, Brejnev yolu ilə gedir. Onun hərəkətləri Qərb ölkələrini hərbi büdcələrini artırmağa məcbur edib. NATO-nun Haaqa sammitindən sonra ölkələr 2035-ci ilə qədər müdafiə xərclərini ümumi daxili məhsulun 5%-ə çatdırmaq və bu məbləğin 3,5%-ni kritik müdafiə ehtiyaclarına yönəltmək barədə razılığa gəliblər”, - polyak diplomat vurğulayıb.
Ayrı sözlə, daha bir qeyri-bərabər sürətlə silahlanma yarışının doğuracağı geosiyasi kollaps kabus kimi Rusiyanın üzərində dolaşmaqdadır...
Bu ölkədə yaşayan, işləyən qeyri-ruslara qarşı dözülməz və faşist davranışa gəlincə, bu günlərdə Moskva polisi tərəfindən döyülüb alçaldılan və hədə-qorxu ilə pulu əlindən alınan bir qırğız miqrant yüz dəfə haqlıdır deyəndə ki: “Rusiyada qanun qorxulu deyil, onu qoruyanlar qorxuludur”. Yəni qanun elə indiki kriminal və “Gestapo” rejiminin özüdür. Kağız üstündə, konstitusiyada yazılanlar boş şeydir.
Azərbaycanla Rusiya arasına imzalanmış (22.02.2022) Moskva Bəyannaməsi də eyni rəfdə yer alır. Bəllidir ki, şimal qonşumuz Putinin imzası duran həmin sənədi dəfələrlə, birtərəfli qaydada pozub. 2023-cü ilin sentyabr antiterror əməliyyatınadək Rusiya “sülhməramlı” kontingentin Qarabağda hansı hoqqalardan çıxdığını, separatçı-xunta rejiminin qalması üçün nələr etdiyini yada salmaq yetər. Həmin hərəkətlər Moskva Bəyannaməsinin bir yox, bir neçə bəndinin tələblərinə daban-dabana zidd idi.
Bir daha əminlik hasil olur ki, rus rəhbərlərin hansısa beynəlxalq sınədə imza atması su üzərinə atılmış imza kimidir. Bu gün Ukrayna xalqının yaşadığı faciələrin kökündə də budur – rəsmi Kremlin nəinki şifahi, heç yazılı öhdəliklərə də əməl eləməməsi, beynəlxalq hüququ yox, imperiya maraqlarını və Pyotrun vəsiyyətlərini prioritet sayması. Çünki 1994-cü il Budapeşt Memorandumuna görə, Rusiya nüvə başlıqlarından imtina qarşılığında Ukraynanın ərazi bütövlüyü və suverenliyinə zəmanət verib.
Bizə isə Rusiyaya Brejnev yolunun sonundakı SSRİ aqibətini arzulamaq qalır...
Z.SƏFƏROĞLU
30 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ