İnsanlara hürriyət, millətlərə istiqlal!

Geosiyasi şahmat taxtası: Rusiyanın Suriyası

Bəlkə də dilimizin bir mistikasıdır, Rusiya və Suriya sözləri eyni sayda və eyni hərflərdən təşkil olunub. Ərəb dilindən türkcəyə keçmiş SUR kəlməsi isə qala divarı yaxud istehkam mənasını verməkdədir. Bu mənada, Suriya, uzun illər Sovet İttifaqının Yaxın Şərqdəki ABŞ təsirinə qarşı suru, 90-cı illərdən etibarən isə, Rusiyanın bu bölgədəki sonuncu istehkam nöqtəsi olub.

Suriyanın bir dövlət kimi mövcudluğunun ortadan qalxması, o cümlədən Əsəd rejiminin çökməsi, Rusiya üçün ağır məğlubiyyətdir, qlobal güc itkisidir və eyni zamanda uzun illər Rusiyanın təsir dairəsində olan ölkələr üçün ciddi mesaj və həyəcan təbilidir.

2011-ci ildə Suriyada başlayan sosial partlayışın tətiklədiyi xalq inqilabı, ölkəni vətəndaş müharibəsi bataqlığına çəkdi və daha sonra fərqli ölkələrin hərbi və siyasi oyun arealına çevirdi.

Rusiya, ilkin mərhələdə Bəşər Əsəd rejimini qorumağı bacarsa da, Suriyanın parçalanmasının qarşısını ala bilmədi.

Artıq süqut etməkdə olan Suriya dövlətçiliyi, öz siyasi legitimliyini xalqdan almayan, xarici dövlətlərə arxalanan və siyasi-totalitar avtoritarizmlə idarə olunan ölkələr üçün ibrətamiz nümunə halına gəldi.

WhatsApp Image 2024-12-12 at 15.55.46 (1).jpeg (74 KB)

Suriyanın çöküşü, niyə həm də Rusiyanın çöküşü deməkdir?

Bunu anlamaq üçün, hər iki ölkə arasındakı əlaqələrin əsas aspektlərini izah etməkdə fayda var.

  1. Tarixi Əlaqələr

Rusiya ilə Suriya arasında təxminən 80 illik dərin tarixi və strateji köklərə malik ikitərəfli əlaqələr, siyasi, iqtisadi və hərbi sahələr başda olmaqla, bir çox sahəni əhatə etməkdədir.

1950-ci illərdə Suveyş böhranında, SSRİ-nin bölgədə artan nüfuz və təsir dairəsi, bir sıra ərəb ölkələri kimi, Suriyanı da özünə doğru çəkdi. Yaxın şərqdə, artan ərəb milliyətçiliyinin fonunda yaranan BAAS partiyalarının əsas dəstəkçisi də, məhz SSRİ idi.

Sovet İttifaqının Yaxın Şərqdəki ən yaxın müttəfiqlərindən birinə çevrilən Suriyaya, SSRİ tərəfindən silah, iqtisadi yardım və hərbi təlim dəstəyi göstərilirdi.

1958-1961-ci illərdə SSRİ-də təhsil alan Hafiz Əsəd də, Suriyaya geri qayıtdıqdan qısa bir müddət sonra ordudan uzaqlaşdırılsa da, Suriyada qurulmaqda olan BAAS Partiyasının hərbi qanadına rəhbərlik edən şəxslərdən biri oldu, daha sonra ard-arda baş verən hərbi çevrilişlərlə 1966-cı ildə müdafiə naziri, 1970-ci ildə isə bütün hakimiyyəti ələ keçirdi, 1971-ci ildə ordunun nəzarətində keçirilən referendumla ölkənin prezidenti seçildi.

Soyuq müharibə dövründə də iqtisadi, hərbi və ideolojik olaraq SSRİ tərəfindən dəstəklənən Suriya, Sovet İttifaqı üçün Yaxın Şərqdə ABŞ və İsrailə qarşı güclü dayaq nöqtəsi olmağa davam etdi və bu dövrdə sovet silahlarının və texnologiyasının ən böyük alıcılarından biri oldu.

  1. İqtisadi Əlaqələr

Hələ, Sovet İttifaqı dövründə iki ölkə arasında enerji, tikinti və infrastruktur sahələrində formalaşmış çoxşaxəli sıx əməkdaşlıq, öncə SSRİ-nin, daha sonra mirasçısı Rusiyanın Yaxın Şərq bazarlarına daxil olmasında mühüm rol oynayırdı.

Suriyadakı təbii neft və qaz ehtiyatları da, SSRİ və Rusiya üçün cəlbedici məqamlardan biri olub, 2000-ci illərdə Rusiya şirkətləri, Suriyanın enerji sahəsinə külli miqdarda sərmayə qoymuş, xüsusən də "Stroytransgaz", Suriyanın enerji sektorunda aparıcı şirkətə çevrilmişdi.

Bu illər ərzində, mühüm ticarət tərəfdaşı kimi Suriya da Rusiyadan əsasən hərbi texnika və taxıl idxal etməyə davam edirdi.

2011-ci ildə başlayan Suriyada başlayan vətəndaş müharibəsi, iki ölkə arasındakı çoxtərəfli iqtisadi əlaqələri ciddi olaraq sarsıtdı, buna baxmayaraq, Əsəd rejiminə hərbi dəstəyini əsirgəməyən Rusiya hakimiyyəti, dağılmış Suriya iqtisadiyyatının bərpasında aktiv iştirak etmək niyyətində olduğunu bildirdi və bu ölkədə Rusiya şirkətləri üçün iqtisadi üstünlük və bərpa layihələrində güzəştli şəraitin yaradılmasını təmin etdi.

  1. Siyasi Əlaqələr

Hafiz Əsədin hakimiyyətə gəlməsiylə, SSRİ ilə sıxlaşan siyasi əlaqələr, onun oğlu Bəşər Əsədin hakimiyyəti illərində də yüksək səviyyədə qalmağa davam etdi.

Həm SSRİ, həm Rusiya üçün Suriya, Yaxın Şərqdə özünün geosiyasi maraqları çərçivəsində Qərbin təsirinə qarşı çıxan müttəfiq dövlət və platforma olma baxımından mühüm əhəmiyyət daşıyırdı.

Suriya, Rusiyanın Yaxın Şərqdə nüfuzunu möhkəmləndirmək üçün strateji məkan olduğu üçün rəsmi Moskva, bu ölkəni regionda ABŞ və NATO-ya qarşı güc balansı yaratmaq üçün istifadə edirdi.

SSRİ-nin dağılmasıyla, qərb ölkələriylə əlaqələrini mülayimləşdirməyə cəhd edən Əsəd rejimi, Putinin Rusiyada hakimiyətə gəlməsiylə, yenidən yönünü şimal qonşumuza doğru çevirdi.

Suriyada 2011-ci ildə başlayan Suriya vətəndaş müharibəsində Rusiya, Bəşər Əsəd rejiminin əsas beynəlxalq müdafiəçisi oldu. Əsəd hakimiyyətini birmənalı olaraq dəstəkləyən Rusiya, onun beynəlxalq səviyyədə legitimliyini saxlamaq üçün BMT Təhlükəsizlik Şurasında qərarların veto edilməsi ilə Əsəd rejimini qorumağa çalışdı.

  1. Hərbi Əlaqələr

Suriyanın, Aralıq dənizindəki yeganə rus hərbi dəniz bazasına (Tartus bazası) ev sahibliyi etməsi, Rusiyanın Yaxın Şərqdə regional hərbi mövcudluğunu təmin edirdi.

Hərbi təlim və silah ixracı, hələ SSRİ dövründə Hafiz Əsədin hakimiyyətə gəlməsiylə başlayan və  hər iki ölkə arasında stratejik məsələyə çevrilməsiylə yanaşı, hərbi təlim və texnikanın təmin edilməsi, Rusiya-Suriya əlaqələrinin əsas tərkib hissəsindən biri idi.

WhatsApp Image 2024-12-12 at 15.55.46 (2).jpeg (72 KB)

Rusiyanın, 2015-ci ildən etibarən Hmeymim Hərbi Hava Bazasını quraraq, Suriyada hava hücumları həyata keçirərək ardıcıl və geniş hərbi əməliyyatlar aparması, o cümlədən yeni silah sistemlərini məhz bu ölkədə sınaqdan keçirməsi, Əsəd rejimini gücləndirməklə yanaşı və müxalifət qüvvələrini xeyli zəiflətməsi fonunda bu hərbi müdaxilənin, Əsədə bağlı ordu birliklərinin bir çox ərazini geri almasına şərait yaratsa da, Əsəd hakimiyyətini bütün Suriya ərazisində bərpa etmək mümkün olmamışdı.

Təbii ki, Rusiyanın Suriyadakı mövcudluğu uzunmüddətli strateji məqsədlərə xidmət edirdi və rəsmi Moskva, Suriyanı yalnız hərbi bazası kimi deyil, həm də Yaxın Şərqdə diplomatik, iqtisadi və siyasi təsirini artırmaq üçün bir qapı kimi görürdü.

Bu mənada, Rusiya, Suriyanın yalnız yaxın müttəfiqi deyil, həm də onun dövlətçilik taleyini formalaşdıran əsas aktor idi.

Qeyd: Bu yazını yazmağa başlarkən, Suriya müxalif gücləri, sadəcə Hələbi almışdılar, onların qarşısını amansızlıqla alacağını bildirən Əsəd hökümətinin süqutunun yaxınlaşdığını aydın görmək mümkün idi.

Bəli, SSRİ imperiyasının varisi olan Rusiya Federasiyasının cənubdakı sonuncu qala divarları da dağıdıldı,

Rusiya sadəcə Suriyanı yaxud ordakı hərbi bazasını itirmədi, qlobal güc kimi əriməsiylə və Ukrayna müharibəsində itirdiyi hərbi gücün fəsadlarıyla yenidən üzləşməli oldu.

Suriya ilə bağlı daha bir yazım olacaq, həmin yazıda isə Suriya – İran əlaqələrini təhlil etməyə çalışacam.

Suriya dövlətçiliyinin süquta uğramasını, son 2 əsrdə Yaxın Şərqdə formalaşmış və bu regionda birgə hərəkət edən, son 70 ildə ABŞ və Qərbin regiondakı artan təsirinə qarşı birlikdə müqavimət göstərən Rusiya – İran hegemoniyasının çökməsinin əyani sübutlarından biri kimi də görmək olar.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR