İnsanlara hürriyət, millətlərə istiqlal!

Gəncləri radikallıqdan uzaqlaşdırmaq üçün nə etməli - deputatın təklifi

Millət vəkili: “Onları daha çox təhsilə yönəltməliyik”

Azərbaycanda son zamanlar dini radikalizmlə mübarizəyə xüsusi diqqət ayrılır.  Yeniyetmə və gənclərin dini radikalizm və ekstremizm təsirlərindən uzaq, milli ruhda yetişdirilməsi aktual vəzifələrdəndir. Radikalizm və ekstremizmin təsirlərindən qorunmaq üçün ciddi maarifləndirmə işi aparılmalıdır. Bu məsələdə medianın rolu da danılmazdır.

İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa “Yeni Müsavat”a bildirdi ki, dövlət tərəfindən ciddi mübarizə tədbirləri həyata keçirilir: “Bizim əsas hədəfimiz dünyəvi dövlət modelinin qorunması, bəlli hüdudlar səviyyəsində insanların dini, vicdan azadlığını sərbəst həyata keçirməsidir. Bu sərbəst həyata keçirmə dini-dünyəvi dölvətin prinsipləri ilə toqquşduqda dövlət buna müdaxilə etməlidir. Əks halda, dövlətin hər hansı şəkildə dini fəaliyyətə, vicdan azadlığı sahəsinə daxil olan məsələlərə müdaxiləsi müzakirə mövzusu ola bilməz. Dövlət bu niyyəti də güdmür. Əsas odur ki, dini konfessiyalar arasında münasibətlərin yüksək səviyyədə olması dövlətin hədəflərindən biridir. Digər tərəfdən dini zəmində insanların sırf vicdan azadlığı kontekstində məsələlərə baxışı daha çox maarifçilik istiqamətində təlqin olunur. Hər hansı şəkildə dinin siyasətə alət olması, başqa yerdən idarə olunan din anlayışının Azərbaycanda təxribat xarakterli mövcudluğu dövlətin məsələlərə münasibətinin müəyyən dərəcədə olmasını zəruri edir. Bu baxımdan indiki vəziyyət nisbətən qaneedicidir, amma daha çox iş görülməlidir. Bu, ilk növbədə təhsil və maarifçiliklə bağlı məsələdir. Bu məsələ həllini birdən-birə tapa bilməz, davamedici proses kimi baxmaq lazımdır. Gəncləri qorumaq dedikdə söhbət ”çəpər çəkmək" və yaxud hüquq mühafizə orqanlarının addımlarından getmir. Gəncləri daha çox təhsilə yönəltməliyik. İnanc məsələsi hər kəsin öz seçimidir, bu seçim başqalarının həyatına müdaxiləedici yaxud zərərverici mahiyyətdə olduqda dövlət müdaxilə edir. Gənclərin zərərli vərdişlərdən uzaqlaşaraq hər hansı şəkildə dini inancların daşıyıcısı olması müəyyən dərəcədə qəbul olunan istiqamətlərdən biridir. Təriqətlərin, məzhəblərin tutuculuğu, onların başqa dini konfessiyalar üzərində  üstünlüyünü təmin etmə niyyəti güdərsə, daha çox  radikal baxışların təbliğ olunması, onun gerçəkləşməsi istiqamətində addımlar atılarsa, o zaman bunlar narahatedici amillərə çevrilir. Bu həm də gənclərlə işin nə dərəcədə önəmli olduğunu ortaya qoyur. Buna görə də orta məktəbdən başlayaraq, ali məktəblərə qədər hər yerdə onların doğru yönləndirilməsi, inancın insanın daxili məsələsi kimi vacib olduğunu, bunun siyasətdə alət kimi istifadəyə edilməsinin zərərləri barədə onlara izah aydınlanmasına ehtiyac var. Bu baxımdan gənclərlə iş olduqca önəmlidir. Xüsusilə, dini radikalizmin təsiredici və zərərli nümunələrini tez-tez xatırlatmaq, bunu KİV vasitəsilə diqqətə çatdırmaq məqsədəuyğun olar. Bütün hallarda biz müasir Azərbaycan dövlətinin maraqlarına xidmət edən və inancının nə olmasından asılı olmayaraq, bu maraqlara hörmət edən insan obrazına üstünlük verdiyimizə görə, onların digər radikal təmayüllü qüvvələr tərəfindən diskriminasiyasının müəyyən dərəcədə qarşısını almalıyıq. Dövlətin, cəmiyyətin maraqları üçün öz imkan, bacarıq və enerjilərini ortaya qoymaları üçün onlara dəstək göstərməliyik".

F.Mustafa təhsil sahəsində ciddi işlər görülməsinin əhəmiyyətini vurğuladı: “Təhsil sistemimizdə bu kateqoriyadan olan insanların daha bilikli yetişməsi vacibdir. Sağlam dini biliyin verilməsi çox önəmlidir. Gəncləri təriqət yaxud məzhəb üstünlüyünü təlqin etməyə çalışan zehniyyətdən təhsil vasitəsilə uzaqlaşdıra bilərik.  Bu baxımdan sağlam dini ədəbiyyatın dərsdənkənar oxu vasitəsi kimi verilməsini də təmin etməliyik. Dini mövzuda təhsillə bağlı tələblər var, amma bu tələbləri  yerinə yetirmədən öncə tərəfli dini yanaşma, yaxud mövzuların seçilməsi ilə bağlı problemləri həll etməliyik. Əks halda, belə bir təhsilin faydalı olacağına gümanım yoxdur. Elə bir yol seçilməlidir ki, alınan bilik həm insanın inanclarına zərər vurmasın, həm də onu müəyyən dərəcədə cəmiyyətdən təcridedici yaxud yanlış istiqamətə yönəltməsin”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR