Onlayn ictimai-siyasi qəzet
Prezident Donald Trampın tarif siyasəti fonunda ABŞ fond bazarı sürətlə dəyər itirməyə davam edir.
Musavat.com Bloomberg-ə istinadən xəbər verir ki, Ağ Ev rəhbərinin hərəkətləri ABŞ iqtisadiyyatının yavaşlayacağı ilə bağlı narahatlıqları artırıb.
Texnologiya şirkətlərindən ibarət Nasdaq 100 indeksi 2022-ci ildən bəri ilk dəfə 3,8 faiz, S&P 500 indeksi 2,6 faiz ucuzlaşıb. İndeks, 2023-cü ilin Noyabr ayından bəri ilk dəfə olaraq 200 günlük hərəkətli ortalamanın altına düşüb. Onun cəmi doqquz seansda 5 faiz azalması, pandemiyanın yaşandığı 2020-ci ilin fevralından bəri bu miqyasda ən sürətli enişdir.
Tramp amerikalıların Kanada, Meksika və Çinlə ticarət müharibələrindən "bir az narahatlıq" hiss edə biləcəyi barədə xəbərdarlıq etsə də, ABŞ-ın onun siyasətinin faydalarını nə vaxt görəcəyini açıqlamayıb. O, həmçinin tənəzzül ehtimalını istisna etməkdən yayınıb.
Wall Street-də də təşviş var. Strateqlər və iqtisadçılar ABŞ-ın iqtisadi tənəzzülü ilə bağlı proqnozlarını artırırlar. Bu, ABŞ fond bazarını uzunmüddətli turbulentlik dövrü üçün hazırlayır.
S&P 500 indeksində ən böyük texnologiya şirkətləri 4,6 faiz ucuzlaşıb. İlon Maska məxsus Tesla Inc. səhmləri 13 dəyərsizləşərək 2020-ci ildən bəri ən pis gününü qeyd edir. Pul itirən texnologiya şirkətlərinin səhmləri dəyərsizləşdiyi vaxtda ən qısamüddətli səhmlərdən ibarət səbətdə olan Goldman Sachs Group Inc. səhmləri 4,7 faiz azalıb.
İnvestorlar geosiyasi risklər, artan volatillik və yüksəlmiş inflyasiya ilə üzləşirlər, bu da Federal Ehtiyat Sisteminin faiz dərəcələrini bir neçə ay əvvəl düşünüldüyündən daha uzun müddətdə yüksək saxlayacağı gözləntilərini artırır.
Musavat.com
11 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ