İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanı şərlədi, indi də Bakıya gəlir....

Vardanyan üçün “həyəcanlanan” pakistanlı hüquq müdafiəçisi ölkəyə buraxılacaqmı?

Özünü hüquq müdafiəçisi sayan pakistanlı, 2016-cı ildə “Avrora” mükafatına namizəd və 4 finalçıdan olmuş Səidə Qulam Fatimə Ruben Vardanyanın məhkəməsində iştirak etmək üçün Bakıya gəlməyi planlaşdırır. Bu barədə o, X-dəki mikrobloqunda yazıb. Pakistanlı qadın qeyd edib: “Ədalətsizliyi uzaqdan qınamaq asandır, real dəyişiklik hərəkət tələb edir. Ona görə də Ruben Vardanyanın işi üzrə məhkəmədə iştirak etmək üçün Bakıya getmək qərarına gəldim. Pakistanlılar Azərbaycana sərbəst səyahət edə bildiyi üçün Bakıya gedib Rubenin başına gələnləri, onun hansı şəraitdə saxlanıldığını və ona qarşı hansı məhkəmə prosesinin getdiyini görmək istəyirəm”.

Daha sonra o, “hüquq müdafiəçilərini və bütün laqeyd olmayan insanları Vardanyanın azadlığı uğrunda mübarizəyə” çağırıb. “Həbsindən əvvəl mən Ruben Vardanyanla bir neçə dəfə görüşmüşəm. O, gözəl və məsum insandır. O, əziyyət çəkməməlidir. Bütün hüquq müdafiəçiləri səsini ucaltmalı, Vardanyanın azadlığı uğrunda mübarizə aparmalıdır. Biz Rubeni tək qoymamalıyıq. O, çox yaxşı insandır, humanistdir, insan haqları və sülh üçün mübarizə aparıb, ona görə də bu vəziyyətə düşməməlidir”, - deyə o ərz edib. Qeyd edək ki, “Avrora”nın maliyyəçilərindən biri çirkli pulları yumaq üzrə “usta” Ruben Vardanyan olub. Beləcə Səidə Qulam Fatimənin canfəşanlığının səbəbi aydın olur. Onun Rubenlə qoşa şəkli də var.

Qəribədir deyilmi? Pakistanlı “hüquq müdafiəçisi” Azərbaycanın müsəlman əhalisinə qarşı etnik təmizləmələr, soyqırımları, digər hərbi cinayətlər törətmiş, dövlətimizə və xalqımıza uzun illər meydan oxumuş xuntaçıları müdafiə etmək niyyətindədir. Görəsən, Xocalı soyqırımı törədiləndə bu “ədalət carçısı” harada idi, niyə indiyədək bir dəfə öz etiraz səsini qaldırmayıb? Bəs 44 müharibə zamanı Gəncə, Tərtər, Bərdə bombalananda, günahsız insanlar, körpələr qətliam ediləndə harada gizlənmişdi? Yaxud Vardanyan və dostlarının pulları, təşkilatçılığı hesabına Qarabağda basdırılmış minalardan yüzlərlə dinc azərbaycanlının həyatını itirməsi və ya ağır xəsarət alması? Bundan da bixəbərdir? Səidə Qulam Fatimə Azərbaycana buraxılacaqmı?

Çingiz Qənizadəyə ağır itki - Globalinfo.az

Çingiz Qənizadə

“Yeni Müsavat”a danışan Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə təəssüf etdi ki, dost və müsəlman Pakistanın belə bir insan haqları müdafiəçisi var imiş. Onun sözlərinə görə, Səidə Qulamın əvvəlcədən Vardanyanla tanışlığının olması burada xüsusi çəki daşıyır. Ç.Qənizadə bildirdi ki, onun Bakıya gəlməsində heç bir məhdudiyyət yoxdur və Vardanyanla görüş üçün dövlətin müvafiq orqanlarına müraciət edə bilər: “Sadəcə, onun çıxışı siyasi kampaniya aparmağa fokuslanıb. Pakistanlı müdafiəçi yaxşı bilir ki, Vardanyan saxlanma şəraitindən narazı deyil, ailəsi ilə əlaqə saxlanmasına şərait yaradılır, Ombudsman və eləcə də” Qırmızı Xaç" onunla görüşür, məhkəmədə də tərcüməçi ilə təmin edilib. Başqa nə olmalıdır ki? Özünün də bu günlərdə səs yazısı yayıldı, saxlandığı şəraitdən razılıq etmişdi, azərbaycanlılara təşəkkürünü bildirmişdi. Ona görə də Səidə Qulamın açıqlamaları beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək niyyəti kimi qəbul olunmalıdır".

Hüquq müdafiəçisi qeyd etdi ki, hazırda Vardanyan və digər təqsirləndirilən erməniəsilli şəxslər barəsində şou xarakterli kampaniya aparılır: “Gah onları siyasi məhkum adlandırırlar, gah əsir olduqlarını iddia edirlər, gah da fiziki təzyiqə məruz qaldıqları haqda yalanlar tirajlayırlar. Ermənistan hakimiyyəti də bu prosesdə iştirak edir. Bu da daxili işimizə müdaxilədir. Həmin şəxslər konkret maddələr və sübutlar əsasında mühakimə olunurlar. Onların Azərbaycan ərazilərində törətdikləri cinayətlə bağlı məhkəmə istintaqı aparılır. Əminəm ki, layiqli cəzalarını da alacaqlar. Onlar hərbi canidir və əməlləri sübuta yetirilməkdədir. Biz istər pakistanlı, istər avropalı aktivistlərin hay-küyünə məhəl qoymadan işimizi görməliyik. Yəni obyektiv məhkəmə prosesi aparılır, özləri də etiraf edirlər ki, hansı cinayətlərə yol veriblər. Araik Arutyunyan təsdiqlədi ki, onlara əmrlər Ermənistan hərbi rəhbərliyindən verilib”.

Ç.Qənizadə onu da vurğuladı ki, Vardanyanın yaxınları onun müdafiə kampaniyasını təşkil edir, bunun üçün müxtəlif media resurslarından, hüquq müdafiəçilərindən istifadə edirlər: “Bununla siyasi don geyindirmək, dünya ictimaiyyətinin marağını cəlb etmək məqsədi güdülür. Amma beynəlxalq aləmin reaksiyası onların gözlədiyi kimi deyil. Bunun da səbəbi Vardanyanın əsl mahiyyətinin nədən ibarət olmasıdır. Onun istər Qarabağda, istər Donbasda separatizmi dəstəkləməsi, maliyyələşdirməsi haqda çoxsaylı faktlar yayılıb. Ən əsası isə heç zaman Qarabağda olmamış biri kimi sərhədi qanunsuz keçərək ərazilərimizə daxil olub, burada qondarma qurumun "dövlət naziri" təyin edilib. Üstəlik, Rusiya vətəndaşlığından imtina edərək bu addımı atıb. Sonrakı dönəmdə Azərbaycana qarşı hədyanlar, təhdidlər səsləndirib, Xankəndidə mitinq təşkil edərək erməni əhalisini ölkəmizə qarşı silahlanmağa çağırıb, deyib ki, təslim olmayacaqlar. Bütün bu sübutlar ortadadır. Eyni zamanda son məhkəmə prosesində dövlət ittihamçıları onun yazışmalarını, bütün gizli əlaqələrini üzə çıxarıblar, onun hansı cinayətlərə əl atdığı ortaya qoyulub, lakin Vardanyan ifadə verməyib. Bunlar hamısı sübutdur. O baxımdan, kimin onu müdafiə etməsinə baxmayaraq, qanun çərçivəsində cəzasını alacaq".

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə) əməllərinin törədilməsində təqsirləndirilib. Həmçinin o, həmin Məcəllənin 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsində ittiham olunur.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Mart 2025

BÜTÜN XƏBƏRLƏR