Onlayn ictimai-siyasi qəzet
“İsrail, ABŞ və Azərbaycan arasında üçtərəfli strateji müttəfiqlik yaratmaq üçün danışıqlar aparılır”. Bu barədə İsrail parlamentində (Knesset) baş nazir Benyamin Netanyahunun kabinet üzvü və milli missiyalar naziri Orit Ştrak məlumat verib. “Yerusalim Post” yazır ki, Knessetdə “İsrail və Azərbaycan arasında strateji müttəfiqliyin möhkəmləndirilməsi” mövzusunda müzakirələr zamanı deputat Simon Moşiaşvili hökumətin Bakı ilə əlaqələrin daha da inkişaf etdirilməsi üçün hansı addımlar atdığını soruşub. Parlament müzakirələrinin təşəbbüskarı olan Moşiaşvili Azərbaycanla strateji müttəfiqliyin müasirləşdirilməsi və bu ölkənin “İbrahim sazişləri” çərçivəsinə daxil edilməsinin mümkünlüyü məsələsini qaldırıb. Deputatın sözlərinə görə, Azərbaycan uzun müddətdir ki, İsrailin regional təhlükəsizlik arxitekturasının mühüm elementi olmasına baxmayaraq, Amerika sanksiyalarından əziyyət çəkməkdə davam edir (söhbət Azadlığa Dəstək Aktının bədnam 907-ci maddəsindən gedir. 1992-ci ildə Birləşmiş Ştatlar keçmiş Sovet respublikalarına iqtisadi dəstək vermək üçün qəbul edilən Azadlığa Dəstək Aktının 907-ci maddəsini qəbul edib. Dəyişiklik Azərbaycan hökumətinə yardım göstərilməsinə imkan vermir).
İsrailli deputat Azərbaycanda yəhudi icmasının unikal statusunu da vurğulayaraq, onu “nümunəvi, fəal, firavan və xüsusilə birləşmiş” və dünyada yeganə müsəlman ölkəsində tam dövlət dəstəyi ilə mövcud olan icma adlandırıb. “Azərbaycan yeganə müsəlman ölkəsidir ki, İsraillə əlaqələr təkcə hakim elita ilə məhdudlaşmır, həm də geniş əhali arasında dərin dəstək qazanıb”, - o vurğulayıb. Deputat qeyd edib ki, 7 oktyabr hadisələrindən sonra da Azərbaycan müsəlmanları İsrailin Bakıdakı səfirliyinə gül dəstələri gətirərək, xatirə şamları yandıraraq, öz dəstəklərini bildiriblər.
Baş nazir Benyamin Netanyahunun adından deputatın çıxışını cavablandıran nazir Orit Ştrak isə deyib: “Azərbaycan İsrailin Qafqazda mühüm strateji müttəfiqidir və bizim əlaqələrimiz təhlükəsizlik, ticarət, enerji və texnologiya sahələrində əməkdaşlığı əhatə edir”. O, “İsrail və Azərbaycan arasındakı münasibətlərin qarşılıqlı maraqlara və çoxillik dostluğa əsaslanan unikal tərəfdaşlıq üzərində qurulduğunu” bildirib. Onun sözlərinə görə, İsrail Azərbaycan və ABŞ-la əməkdaşlığı gücləndirməkdə davam edəcək və onu pozmağa yönəlmiş istənilən cəhdə qəti şəkildə qarşı çıxacaq. Nazir onu da qeyd edib ki, ölkələr arasında dialoq qarşılıqlı səfərlərdə, o cümlədən İsrail Prezidentinin Azərbaycana səfəri və Azərbaycanın milli təhlükəsizlik müşavirinin İsrailə səfərində özünü göstərir. “Bu münasibətlər İsrailin regionda müttəfiqlikləri gücləndirməyə və digər müsəlman ölkələri ilə körpülər qurmağa yönəlmiş daha geniş regional siyasətinə uyğundur”, - Ştruk əlavə edib.
Öz növbəsində İsrailin Baş Nazirlik Ofisi bəyan edib ki, ölkəsi İsrail, Azərbaycan və ABŞ arasında güclü üçtərəfli tərəfdaşlıq qurmaq üçün davamlı danışıqlar aparır. Bu danışıqlar həm də Azərbaycana qarşı tətbiq edilən ədalətsiz sanksiyaların ləğvinə aiddir. Göründüyü kimi, dost İsrail Bayden dövründə korlanmış ABŞ-Azərbaycan əlaqələrini normallaşdırmağa, hətta müttəfiqlik səviyyəsinə qalxmasına səy göstərir. Son dövrlər prezidentin köməkçisi Hikmət Hacıyevin də İsrailə səfərlərini nəzərə alsaq, əvvəldən proqnozlaşdırdığımız kimi, Bakı-Vaşinqton arasında əlaqələrin yaxşılaşması üçün bir proses getdiyini görmək olar.
Tramp dönəmində üçtərəfli müttəfiqlik statusunda bir sənədin imzalanması mümkündürmü? Yada salaq ki, prezident İlham Əliyev də belə bir sazişi istisna etməmişdi...
Hikmət Babaoğlu
Milli Məclisin deputatı Hikmət Babaoğlu “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanın xarici siyasətində mühüm prioritetlərdən biri Yaxın Şərq coğrafiyasıdır və hazırda Türkiyə-Azərbaycan münasibətləri kontekstində yeni reallıqlar, yeni şərtlər içərisində Azərbaycan Yaxın Şərqin daha da dərinliklərinə doğru irəliləməkdədir: “Əlbəttə ki, Yaxın Şərq deyərkən ilk növbədən bu coğrafiyanın ən mühüm aktorlarından biri olan İsrail göz önünə gəlir. İsrail-Azərbaycan münasibətlərinin dərin kökləri var. Bu gün İsraillə əməkdaşlıq əslində Yaxın Şərqdə münasibətlərin keyfiyyətini təyin edəcək qədər strateji əməkdaşlıq hesab olunur. İsrail regionda böyüyən iqtisadiyyatı, dünya siyasətində artan nüfuzu ilə yaxın ətrafda iqtisadi və siyasi baxımdan çəkisini hər gün artırmaqdadır. Belə olan halda əlbəttə ki, İsrail-Azərbaycan münasibətlərinin aktuallığı bir daha ortaya çıxmış olur. Məsələ ondadır ki, İsrail Yaxın Şərq, Ərəbistan yarımadası ölkələri ilə yeni bir diplomatik münasibətlər mərhələsi yaradıb. Bu böyük "İbrahim sazişləri" prinsipləri əsasına söykənir. Bu da sülhün əsasını təşkil edə biləcək ortaq bir nöqtədir. Bu yaxınlarda yenidən İsrailin xarici siyasətində böyük “İbrahim sazişi” ilə bağlı müddəalar gündəmə gəldi. Mən düşünürəm ki, bu, bütün regiona sabitlik gətirəcək iddialardır. Azərbaycanın milli maraqlarının tələb etdiyi münasibətlər formatından Azərbaycan imtina etmir. Əgər söhbət üçtərəfli (ABŞ-Azərbaycan-İsrail) münasibətlərdən gedirsə, İsrail, ABŞ və Azərbaycan üçbucağı həm coğrafi baxımdan bir-birini tamamlayan, həm də Yaxın Şərq və Cənubi Qafqaz arasında əlaqələrin güclənməsini təmin eləyən bir əməkdaşlıq ola bilər. Ona görə də düşünürəm ki, bu ideya çox perspektivli ideyadır və Azərbaycan, məncə, Yaxın Şərqə sülh gətirəcək ideyaların, qüvvələrin bir parçası olmağa hazırdır".
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
11 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ