İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski Ər-Riyadda: Vəliəhdlə görüş və…

Ukrayna prezidenti Volodimir Zelenski Səudiyyə Ərəbistanına səfəri çərçivəsində krallığın vəliəhdi Məhəmməd bin Salman Əl Səud ilə görüşüb.

Musavat.com xəbər verir ki, məlumatı Ukrayna prezidenti öz Telegram kanalında açıqlayıb.

O, bildirib ki, onun üçün vəliəhddən Ukraynanın gələcəyinə inam sözləri eşitmək çox vacibdir.

Zelenskinin sözlərinə görə, Ukrayna Səudiyyə Ərəbistanının diplomatiya üçün platforma təqdim etməsi faktını yüksək qiymətləndirir: "Biz müharibəyə son qoya biləcək, sülhü etibarlı və uzunmüddətli edə biləcək addımları və şərtləri ətraflı müzakirə etdik. Mən xüsusilə əsirlərin azad edilməsi və uşaqların geri qaytarılması məsələsini qeyd etdim ki, bu da diplomatik səylərə etimadın yaradılması üçün əsas tədbirlərdən birinə çevrilə bilər. Söhbətin əhəmiyyətli hissəsi təhlükəsizlik təminatlarının formatlarına həsr olunub".

Zelenski həmçinin Səudiyyə Ərəbistanının iqtisadi əməkdaşlığı inkişaf etdirməyə və Ukraynaya sərmayə qoymağa hazır olduğunu açıqlayıb. Tərəflər təhlükəsizlik, enerji və infrastrukturdan başlayaraq investisiya üçün əsas sektorları müzakirə ediblər.

Prezident qeyd edib ki, Ukrayna komandası amerikalı həmkarları ilə danışıqlar aparmaq üçün Ciddədə qalıb: "Biz praktiki nəticəyə ümid edirik. Görüşdə Ukraynanın mövqeyi tamamilə konstruktiv olacaq".

Qeyd edək ki, bu gün Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukrayna və ABŞ nümayəndə heyətləri arasında danışıqlar baş tutacaq. Ukrayna nümayəndə heyətinə Prezident Aparatının rəhbəri Andriy Yermak, Amerika nümayəndə heyətinə isə dövlət katibi Marko Rubio başçılıq edir.

Danışıqların əsas mövzuları Amerika Birləşmiş Ştatlarından hərbi yardımın bərpası, Ukraynanın mineral ehtiyatlarına çıxış haqqında sazişin imzalanması və gələcək sülh sazişinin şərtləri ola bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Mart 2025

BÜTÜN XƏBƏRLƏR