Onlayn ictimai-siyasi qəzet
Həkim: “Xəstəxanada qəflətən dünyasını dəyişən şəxslə bağlı nəticələr mütləq elan olunmalıdır”
Xəbər verildiyi kimi, Bakı Slavyan Universitetinin Şərqi Avropa Dilləri fakültəsinin II kurs tələbəsi Sevinc Bayramova qəflətən vəfat edib. Gənc qız əməliyyatdan dərhal sonra dünyasını dəyişib. Bu barədə universitetdən bildirilib.
Universitetdən qəzetimizə Sevinc Bayramovanın heç bir xəstəliyi olmadığı vurğulanıb: “Tələbənin xəstəliyi yox idi. Bir müddət əvvəl qızılcaya yoluxmuşdu. Xəstəlikdən dolayı dərslərə gəlmirdi. Evdə sağalma müddətində ödündə problem yarandığı deyildi. İmmuniteti aşağı düşmüş, bir qədər zəifləmişdi. Bir gün öncə əməliyyat olunub. Əməliyyatdan dərhal sonra klinikada dünyasını dəyişib. Çox yaxşı tələbə idi. Dekan və müəllimlərinin dediyinə görə, dərslərdə hər zaman aktiv iştirak edirmiş. Allah rəhmət etsin”.
Universitetdən tələbənin hansı xəstəxanada əməliyyat olunması ilə bağlı məlumatsız olduqları bildirildi. Nədənsə, tələbənin ailəsi ilə bağlı məlumatı da verməyə çəkindilər.
Burada cavab alınası bir sıra suallar ortaya çıxır. Heç bir xəstəliyi olmayan gənc əməliyyatdan dərhal sonra niyə dünyasını dəyişsin ki? Ölümə qızılca dolayısı ilə səbəb ola bilərdimi? Bəs həkim səhvi? İmmuniteti zəif insan əməliyyata niyə götürülüb?
Qeyd edək ki, son aylar bu kimi hallar təkrarlanmaqdadır, gənclərin qəfil ölümləri ilə bağlı klinikalar məlumat verməkdən boyun qaçırırlar. Belə ki, Bakıda qabırğa ağrısı şikayəti ilə xəstəxanaya aparılan 17 yaşlı qız da iki gün sonra tibb müəssisəsində vəfat edib. “Yeni Müsavat” Xəzər TV-yə istinadla xəbər verir ki, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib. Qəsəbə sakini Ümid Quliyev deyir ki, qızı Nuranə Quliyevanı bu il fevralın 5-də Maştağada yerləşən 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına aparıb. İki gün sonra, fevralın 7-də qızı dünyasını dəyişib. Ata iddia edir ki, həkimlər adı bilinməyən iynələri vurduğu üçün qızı dünyasını dəyişib.
Ata qızı xəstəxanada olduğu 2 gün boyunca həkimin tapşırdığı iynə-dərmanların hamısını alaraq xəstəxanaya çatdırdığını əlavə edib: “Dedilər ki, pnevmoniya olub, ciyərlərində maye izlənilir. Məni qorxutdular. Bu klinikada saxlamaq fikrim də yox idi. Amma məcbur etdilər ki, qalsın, xəstəxana şəraitində müalicə alsın. Dedilər 3-5 gün müalicə edib, buraxarıq. Nə iynə-dərman dedilərsə, alıb çatdırdım. Venadaxili vurduqları iki iynədən sonra uşağın halı pisləşib, sonra vəfat edib”. Ata onu da əlavə edib ki, uşaq dünyasını dəyişəndə həkim klinikada olmayıb, təlimatları tibb bacısına telefonla verib. Valideynləri uşağın meyitini məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinə aparıblar. Araşdırma nəticəsində məlum olub ki, ölüm səbəbi beyinə qan sızması olub. Ata deyir ki, Sabunçu Rayon Prokurorluğunun araşdırmasında isə açıq şəkildə qeyd olunub, tibb bacısı xəstəyə adını bilmədiyi iynəni vurub. Heç bir cəza da almayıblar. TƏBİB-dən isə məsələdən məlumatsız olduqları və araşdırılacağı bildirilib.
Adil Qeybulla
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan tibb elmləri doktoru professor, Adil Qeybulla deyib ki, bu çox üzücü bir faktdır: “Təəssüflər olsun ki, bununla bağlı açıq məlumat verilmir. Hər halda, rəsmi qurumlar konkret məlumat verməlidir. Xüsusilə də xəstəxanada qəflətən dünyasını dəyişdiyinə görə mütləq outopsiya olunmalı və nəticələri də elan olunmalıdır. Ölümün birbaşa səbəbi müəyyən edilməlidir. Ümumiyyətlə, bu cür situasiyalarda ölüm hallarının birbaşa açıqlanması, bu cür məsələlərin sonradan təhlil edilməsi, bu istiqamətdə problemlərin aradan qaldırılması səhiyyə sistemində əsas strategiya olmalıdır. Belə hadisələr olanda hay-küy salınır, amma təəssüf ki, bir müddət sonra unudulub gedir. Ona görə də yaxşı olar ki, sona qədər bu məsələlər ictimaiyyətin diqqət mərkəzində olsun ki, biz fikrimizi bildirə bilək”.
Qeyd edək ki, Azərbaycanda ötən ildən etibarən qızılcaya yoluxanların sayında artım müşahidə olunub. Dövlət Statistika Komitəsinin (DSK) yaydığı məlumata görə, 2023-cü ilin yanvar-noyabr aylarında 1493 nəfər bu xəstəliyə yoluxub. Yoluxma əsasən uşaqlar arasında müşahidə edilib. Bir neçə uşaq xəstəlik səbəbindən vəfat edib. 2022-ci ildə isə cəmi bir nəfərdə bu xəstəliyə rast gəlinib.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da dünya miqyasında qızılcaya yoluxma hallarının 2023-cü ildə 2022-ci ilə nisbətən iki dəfə artdığı haqda məlumat yayıb. ÜST-nin məlumatları göstərir ki, 2023-cü ildə 321582, 2024-cü ildə isə 94 000-dən çox yoluxma qeydə alınıb. Məlumata görə, ən yüksək yoluxma göstəriciləri Azərbaycan, Qırğızıstan və Yəməndə olub. 2021-ci ildən başlayaraq qızılcaya qarşı peyvəndin əhatə dairəsinin azalması nəticəsində 2022-ci ildə qlobal miqyasda qızılcaya yoluxma hallarının sayı 18 faiz, ölüm hallarının sayı isə 43 faiz artıb (2021-ci illə müqayisədə). ÜST-nin məlumatına görə, 2000-ci ildən bəri ümumi qızılcaya yoluxmuş 50 milyondan çox insan vaksin sayəsində xəstəlikdən yaxa qurtara bilib.
Məlumatda bildirilir ki, qızılca xəstəliyi uşaqların sağlamlığı üçün ciddi təhlükə olaraq qalmaqda davam edir. Qızılcaya qarşı peyvəndləmə əhatəsi 95 faizdən aşağı olduğu zaman bütün ölkələr və icmalar üçün xəstəliyin geniş yayılma riski yaranmış olur. 2000-ci ildən 2022-ci ilə qədər qızılcaya qarşı peyvənd qlobal miqyasda 57 milyon insanın qızılcadan ölməsinin qarşısını alıb.
Həmçinin qeyd edilib ki, qızılca 5 yaşdan kiçik uşaqlar üçün daha təhlükəlidir. Bu xəstəlik onlarda pnevmoniya, ensefalit (beyin iltihabı) və ölümlə nəticələnə bilər. Qızılcaya qarşı peyvənd ən effektiv peyvəndlərdən biridir. 2 doza peyvənd qızılca infeksiyasının qarşısını ömürlük almaqda 97 faiz effektivdir.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
27 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ