Onlayn ictimai-siyasi qəzet
Ukrayna savaşı beynəlxalq siyasət məkanında tədricən kəskin ziddiyyət qaynağına çevrilməyə başlayıb. Hər halda, son vaxtlar kollektiv Qərbin daxilində Ukraynaya dəstək mövzusuna fərqli yanaşmalar mövcuddur. Üstəlik, bu fəqrli yanaşmalar artıq kollektiv Qərbə parçalanma təhlükəsi də yaratmaq üzrədir. Və hazırda bəzi Qərb ölkələri Ukrayna savaşına münasibətdə öz dövlət mövqelərinə yenidən baxmağa üstünlük verirlər.
Onu da qeyd etmək lazımdır ki, hazırda Ukrayna savaşında Rusiya üzərində tarixi qələbənin mümkün ola biləcəyi barədə Qərb siyasi dairələrinda demək olar, danışmağa daha o qədər də həvəs göstərmirlər. Halbuki, bir müddət öncəyə qədər Rusiyanın mütləq tarixi məğlubiyyətə uğradılacağı iddia edilirdi. Və bununla da bütün dünyanın, xüsusilə də, Avropa ölkələrinin Rusiya təhlükəsindən həmişəlik xilas ediləcəyi vurğulanırdı.
İndi isə əksər Qərb ölkələri Ukrayna savaşının maliyyə-iqtisadi yükündən xilas olmağın yollarını axtarmağa başlayıblar. Hətta bəzi Qərb ölkələri Ukrayna savaşında məğlubiyyətin qaçılmaz olduğunu da dolayısı ilə etiraf edirlər. Və bu, rəsmi Kiyevin onsuz da ağır olan vəziyyətinə çıxılmazlıq görüntüsü qatır.
Maraqlıdır ki, ABŞ prezidentliyinə namizəd Donald Tramp Ukrayna savaşı ilə bağlı Qərb siyasi dairələrini ittiham edir. Onun fikrincə, ABŞ prezidenti Co Bayden başda olmaqla, bəzi Qərb ölkələri Rusiyanı Ukraynaya hərbi müdaxilə etməyə məcbur buraxıb. Yəni, Ağ Evin keçmiş sahibi hesab edir ki, ABŞ və Qərb hərbi-siyasi manipulyasiyalar, eləcə də, sabotaj texnologiyaları ilə Kremli Ukraynaya qarşı müharibəyə başlamağa təhrik edib. Və ona görə də, prezident Co Bayden də daxil olmaqla, Qərb liderləri Ukrayna savaşına görə siyasi məsuliyyət daşıyırlar.
Eyni zamanda, Ağ Evin keçmiş sahibi Rusiya ilə müharibəyə görə Ukrayna prezidenti Volodimir Zelenskini də suçlayır. Onun fikrincə, prezident Volodimir Zelenski ABŞ və Qərbin siyasi manipulyasiyalarına aldanmaqla, Ukraynanın gələcək taleyi baxımından, tarixi səhvə yol verib. Donald Tramp əmindir ki, əgər, prezident Volodimir Zelenski daha realist qərarlar qəbul etmək qabiliyyətinə malik olsaydı, Rusiya ilə savaşdan Ukraynanı yayındıra bilərdi. Və indi Ukrayna dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üzləşmiəzdi.
ABŞ prezidentliyinə namizəd Donald Tramp açıq mətnlə bəyan edib ki, Ukrayna savaşı kollektiv Qərb üçün artıq uduzulmuş hərbi-siyasi kampaniya xarakteri daşıyır. Ona görə də, indi Qərb siyasi dairələri bu müharibənin mövcud şərtlər daxilində mümkün qədər tez bir zamanda dayandırılması barədə düşünməlidirlər. Əks halda, bu savaş uzanacağı təqdirdə, onun nəticələri yalnız Ukrayna adlı dövlətin yox olması ilə məhdudlaşmayacaq. Və ABŞ başda olmaqla, bəzi Qərb ölkələrinin gələcək taleyi böyük təhlükə qarşısında qalacaq.
Təbii ki, kollektiv Qərbin daxilində Ağ Evin keçmiş sahibi ilə eyni mövqedə olanlar da kifayət qədərdir. Belə ki, bəzi Qərb ölkələri tədricən Ukraynaya hərbi yardımların dayandırılması istiqamətində mesajlar verməyə başlayıblar. Xüsusilə də, Almaniya bu istiqamətdə konkret addımlar atmağa da cəhd göstərir. Belə ki, rəsmi Berlin əvvəlcə Ukraynaya Almaniya istehsalı olan silahlarla Rusiya ərazisinə zərbə endirməyi qadağan edib. Yəni, rəsmi Berlin Almaniya silahları ilə Ukraynanın yalnız müdafiə olunmasını istəyir. Və Almaniyanın növbəti addımları isə Qərbdə ciddi tərəddüdlər yaradıb.
Məsələ ondadır ki, rəsmi Berlin Almaniyanın bundan sonra Ukraynaya daha hərbi texnika göndərməyəcəyini açıq mətnlə bəyan edib. Yəni, rəsmi Berlin Ukraynanın arxasından tədricən geri çəkilir. Almaniyanı Ukrayna savaşından uzaqlaşdıraraq, çıxartmağa çalışır. Rəsmi Berlin indi tamamilə fərqli istiqamətlərdə qərarlar qəbul etməyə üstünlük verir. Və bu, kollektiv Qərbin artıq parçalandığını təsdiqləyir.
Almaniya kansleri Olaf Şolts bəyan edib ki, Rusiya prezidenti Vladimir Putin ilə danışıqlara hazırdır. O, hesab edir ki, Ukrayna savaşının dayandırılması ilə bağlı şərtlərin müzakirə edilməsinin vaxtı çatıb. Halbuki, alman kanslerin Kreml sahibi ilə yalnız Ukrayna savaşının dayandırılmasını müzakirə etməklə, kifayətlənəcəyinə sadəlövhlər inana bilər. Və böyük ehtimalla kansler Olaf Şolts prezident Vladimir Putin ilə Almaniya-Rusiya münasibətlərinin, xüsusilə də, korlanmış iqtisadi əlaqələrin bərpasını götür-qoy etmək niyyətindədir, bunun üçün uyğun imkanlar axtarır.
Göründüyü kimi, kollektiv Qərbin daxilində müşahidə olunan parçalanma indi Ukrayna üçün ciddi təhlükələr vəd edir. ABŞ isə nə qədər qəribə də olsa, hazırda baş verənlərə daha çox sükutla reaksiya göstərir. Yəqin ki, Ağ Evin prinsipial mövqeyi ABŞ-da keçiriləcək növbəti prezident seçkilərindən sonra dəqiqləşməyə başlayacaq. Hələlik Bayden administrasiyası Ukrayna savaşına münasibətdə birmənalı qərarlardan ehtiyatlanır. Keçmiş prezident Donald Trampın Ağ Evə geri dönəcəyi təqdirdə isə ABŞ-ın ümumiyyətlə, Ukraynanın arxasından çəkiləcəyi də artıq qətiyyən istisna deyil. Və bu, Ukrayna üçün fəlakət ssenarisinin hələ irəlidə olduğunu ehtimal etməyə imkan verir.
Maraqlıdır ki, son vaxtlar Ukraynaya yalnız Fransa açıq və birbaşa dəstək verməklə, diqqəti çəkir. Belə ki, rəsmi Paris prezident Volodimir Zelenskinin sülh planını dəstəklədiyini bəyan edib. Halbuki, həmin sülh planını Ukrayna savaşının dayandırılmasından daha çox kollektiv Qərbin, xüsusilə də, NATO-nun Rusiya ilə müharibəyə birbaşa qatılmasını nəzərdə tutur. Yəni, prezident Volodimir Zelenski hesab edir ki, kollektiv Qərbin Rusiya ilə müharibəyə qoşulması Kremli Ukraynanın maraqlarına uyğun şərtlər daxilində sülh danışıqlarına məcbur buraxa bilər. Və hazırda bu sülh planına Fransadan başqa birbaşa dəstək verən hər hansı Qərb dövləti nəzərə çarpmır.
Məsələ ondadır ki, kollektiv Qərbin Rusiya ilə birbaşa savaşa bulaşması əvvəlcə qlobal müharibəyə yol aça bilər. Ardınca isə bu, ümumiyyətlə, nüvə sazişini qaçılmaz reallığa çevirər. Nəticədə yalnız Rusiya deyil, həm də Ukrayna ilə yanaşı, bir çox Qərb ölkəsi də öz mövcudluğunu itirmək təhlükəsi qarşısında qala bilər. Və bu baxımdan, Fransanın həm Ukraynanı, həm də ilk növbədə Avropanı dağıda biləcək "Zelenski planı"na dəstək verməsi rəsmi Parisin avantüra vərdişlərinə bağlı geopolitik manevr hesab olunur.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
07 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ