Onlayn ictimai-siyasi qəzet
"Azərbaycanda meymun çiçəyi xəstəliyi aşkar edilib. Bu dönəmlərdə qucaqlaşmaq, öpüşmək, əl tutmaq, başqasının geyim və əşyalarından istifadə etməkdən yayınmaq lazımdır".
Musavat.com xəbər verir ki, bunu həkim radioloq Aydın Əliyev bildirib. "Eləcə də çox yaxın məsafədən həmsöhbət olmaq və sairə kimi vərdişlərdən bacardıqca uzaq durmaq lazımdır", - deyə həkim əlavə edib.
Qeyd edək ki, Səhiyyə Nazirliyi ilə TƏBİB birgə məlumat yayıb. Qeyd edilir ki, 22 yaşlı Azərbaycan vətəndaşı 02-11 yanvar 2025-ci il tarixlərində xarici ölkəyə turistik səfər etmiş və oradan döndükdən bir-neçə gün sonra halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpgilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları ilə Bakıda fəaliyyət göstərən klinikalardan birinə müraciət etmişdir.
Həkim-infeksionist xəstənin simptomlarına görə meymunçiçəyi virusuna yoluxmadan şübhələnib və xəstədən anamnez toplanması nəticəsində onun, digər ölkəyə səfəri və səfər zamanı səpgili şəxslə əlaqəsinin olduğunu müəyyən edib.
Simptomlarla yanaşı epidemioloji əlaqənin olması laborator müayinə üçün test götürməyə əsas verib və xəstənin səpgilərindən götürülmüş yaxmanın laboratoriyada PZR üsulu ilə müayinəsinin nəticəsi meymunçiçəyi virusuna görə müsbət olub.
Hazırda xəstə hospitalizasiya edilmiş və xəstəxana şəraitində müalicə alır.
Xəstə ilə təmasda olan ailə üzvlərində heç bir xəstəlik əlaməti olmadığına görə onlar ərazi üzrə xidmət göstərən ambulator tibb müəssisəsi və sanitariya-epidemioloji xidmət əməkdaşları tərəfindən evdə müşahidəyə götürülmüş, onlara profilaktik müalicə təyin edilib və dərman preparatları ilə təchiz olunublar.
Xəstə və təmasları üzərində müalicə və müşahidə tədbirləri xəstəliyin inkubasiya dövrü bitənə qədər davam etdiriləcək.
Məlumat üçün bildirək ki, meymunçiçəyi çox nadir hallarda rast gəlinən zoonoz virus xəstəliyidir, yəni bu xəstəlik insana əsasən heyvandan keçir. Xəstəliyin inkubasiya dövrü 5-21 gün arasında dəyişə bilər. Xəstəlik adətən 2-4 həftə davam edir. Başlanğıc dövründə qeyd edilən kataral əlamətlər (hərarət, şiddətli başağrı, limfa düyünlərinin böyüməsi) sonradan səpgi dövrünə keçir. Səpgilər eyni inkişaf mərhələsində olmaqla bütün bədəni əhatə edir. Bir neçə gün davam edən səpgi eyni vaxtda qartmaq əmələ gətirməklə, yerində çapıq toxumasının əmələ gəlməsi ilə sağalır.
İnfeksiya insandan insana uzunmüddətli sıx təmas nəticəsində tamlığı pozulan dəri və selikli qişalar vasitəsilə ötürülür.
Xəstəliyə xas olan kliniki əlamətlər əmələ gəlməyənə qədər xəstə və ya onunla təmasda olan şəxslər yoluxucu hesab edilmir.
Xəstəlik adətən özünüməhdudlaşdıran xüsusiyyətə malikdir, yəni ağırlaşmayan hallar heç bir müalicə olmadan sağalır. Əksər xəstələrdə meymunçiçəyi yüngül formada keçdiyi üçün, simptomatik müalicə kifayət edir.
Bu istiqamətdə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən ciddi epidemioloji nəzarət aparılır, yoluxmaya şübhəli şəxslərin aşkarlanması, diaqnostikası və müalicəsi üçün müvafiq resurslar mövcuddur.
Afaq Mirayiq,
Musavat.com
18 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ