İnsanlara hürriyət, millətlərə istiqlal!

İranla münasibətlərimiz nə vaxt düzələcək?..  

Bəzən adama elə gəlir ki, artıq münasibətlər düzəlməkdədir, Bakı ilə Tehran arasında normal münasibətlər və əlaqələr bərqərar olur, çünki iki dövlət arasındakı hər neqativ insidentdən sonra qonşu ölkənin siyasi isteblişmentinin təmsilçiləri bəyan edirlər ki, guya tərəflər arasında bütün məsələlərlə bağlı dərin anlaşma mövcuddur.

Amma heç bir həftə keçmir ki, hər şey təzədən başlayır: gah hansısa SEPAH generalı və yaxud da dini lider – ayətullah növbəti anti-Azərbaycan bəyanatı ilə çıxış etməyə başlayır, gah da Tehran heç bir əsas olmadan Azərbaycanla sərhədə qoşun toplayır, Azərbaycanı beynəlxalq sionizmlə əməkdaşlıqda hədələyir, onu ABŞ-ın regionda ən yaxın hərbi müttəfiqi kimi təhdid edir, halbuki reallıqda bunların heç biri yoxdur.

Regionda da, elə Dünyada da cəmi bircə ölkə var ki, onu Bakının ən yaxın müttəfiqi adlandırmaq olar və bu da qardaş Türkiyədir, hansının ki, İranla heç bir ciddi problemi yoxdur, sadəcə, İranı qorxudan, təşvişə salan odur ki, son vaxtlar regionda türk faktoru güclənməkdədir, bu isə heç də Tehranın ürəyincə deyil...

Bəli, İranın “Suriya qalası”nın çökməsindən az müddət keçəndən sonra Tehran da özünün geosiyasi isterikasını Azərbaycana tərəf yönəltdi və Allah bilir, Azərbaycanı nələrdə ittiham etmədi!

Bilirsiniz, biz əsassız ekstrapolyasiyalara varmaq istəmirik, amma Rusiya səmasında vurulmuş Azərbaycan sərnişin təyyarəsini də nəzərə alsaq, adamda belə təsəvvür yaranır ki, sanki Bəşər rejimin çökməsinin bədəlini Bakı ödədi, elə bil Tehran da, hətta Moskva da acıqlarını Bakıdan çıxmaq qərarına gəldilər!..

Biz isə gösləyirdik ki, İranın prezidenti azərbaycanlı Məsud Pezeşkian seçiləndən sonra iki ölkə arasındakı münasibətlər tədricən normallaşacaq, hərçənd, hamıya aydın idi ki, hətta bu da müvəqqəti xarakter daşıyacaq, çünki münasibətlərdəki daimi neqativizm daha çox bir amilin nəticəsidir: nə qədər ki, İranda teokratik rejim hökm sürəcək, Bakı ilə Tehran arasındakı münasibətlərin kardinal şəkildə dəyişməsindən danışmaq mümkün olmayacaq, ona görə ki, İran rejimi özünün ideologiyasını və “dəyərl”ərini qonşu Azərbaycana da yaymaq və onu da özünün “qalasına” çevirmək fikrindədir.

Amma burada bundan da vacib məqam var: iranlı diplomat və siyasətçilər dəfələrlə işarə ediblər ki, Şimal Azərbaycanının mövcudluğu da İran üçün təhdiddir, çünki onun varlığı Cənubi Azərbaycanda da milli oyanışa təsir edir...

Ona görə də Bakı-Tehran müstəvisində kardinal dəyişikliklərdən danışmaq olmur. Tərəflər biri-birinə etibar etmir, hətta on illərlə İranı özünün səmimiyyətinə inandırmağa çalışan Bakı belə artıq başa düşməyə başlayıb ki, böyük hesabla faydasız məşğuliyyətdir bu, iki ölkə arasındakı etimadsızlıq və onun nəticəsi kimi mütəmadi olaraq baş verən gərginlik hələ uzun müddət qalacaq – bəli, nə qədər ki, İranda indiki dini rejim mövcud olacaq...

Amma bununla belə müvəqqəti mülayimləşmələri də tamam istisna etmək olmaz. Etiraf edək ki, M.Pezeşkian prezident seçiləndən sonra bizdə müəyyən ümidlər yaranmışdı, çünki o, dini konservator deyil, dünyəvi siyasətçidir, hətta təhsilinə və peşəsinə görə dünyəvi adamdır.

Bəzən çox çətinliklə olsa da belə bir təəssürat yaranır ki, Məsud Pezeşkian nəsə etməyə cəhd edir, rəsmi İran siyasətinə müəyyən korrektələr etməyə çalışır. Amma İranın liberal siyasətçilərinin hələ heç biri ruhani hakimiyyətə, konservatorların hakimiyyətinə qarşı getməyə cəhd göstərməyib, onlar birtəhər hakimiyyətlərini başa vurublar və çox vaxt da özlərinin seçkiqabağı vədlərini yada salmayıb və yaxud da tamam unudublar. Elə bu səbəbdən də sual yaranır: doktor Pezeşkianı da bu aqibət gözləyirimi?

Düşünürük ki, böyük hesabla hə! Ona görə də xaricdən hansısa təzyiq olmasa, məsələn, Trampın ikinci hakimiyyəti dövründə müəyyən cəhdlər baş verməsə, heç nə dəyişməyəcək.

Bəli, Trampla bağlı müəyyən ümidlər hələ qalır, çünki o, son illərdə ən israilpərəst ABŞ prezidenti hesab olunur.

Bu səbəbdən də İranın ruhani elitası möhkəm həyəcan içindədir, hərçənd, bizim bu kontekstdə elə də böyük ümidlərimiz yoxdur, çünki bu vaxta qədər dəfələrlə İranın teokratik rejimini bitirmək üçün imkanlar olub, amma Vaşinqton bunu etməyib və bu, azmış kimi, Təl-Əvivə də bu imkanı verməyib!

Bir neçə il bundan əvvəl İranda siyasi etirazlar güclənmişdi, amma o vaxt Vaşinqton şahın oğlunu ortaya atdı və bununla da etirazlar söndü, çünki İranda heç kim keçmiş şah rejiminin qayıtmasını istəmir, baxmayaraq ki, şahın oğlu həmvətənlilərinə kömək etməkdən savayı başqa bir iddiasının olmadığını deyirdi. Həm də qardaş Türkiyədə Fətullah Gülən və tərəfdarları çevriliş etməyə cəhd göstərəndə belə başa düşdük ki, çox təəsüf, Vaşinqtonda bəziləri İranın teokratik rejiminə son verməyə deyil, əskinə oxşar siyasi modelləri digər müsəlman ölkələrində də bərqərar etməyə çalışırlar.

Mümkündür ki, cənab Tramp istisna olsun, hərçənd, bir daha deyirik ki, bizim buna böyük şübhəmiz var, hətta özümüzdən tez-tez soruşuruq ki, görən, qoca Tramp da Bayden kimi səfehləməyə başlamayıb ki? Axı o da bir gün Qrenlandiyadan, o biri gün də Kanadan danışır, onlara ABŞ-ın ştatları olmağı təklif edir! Trampın bu cür bəyanatları yalnız və yalnız Kremli riqqətə gətirir, çünki özləri də az qala, Dünyanın yarısını tutmaq sevdasıyla alışıb-yanırlar.

Qeyd edək ki, Donald Trampın növbəti dəfə hakimiyyətə gəlməsinə üç gün qalmış qonşu Tehran Moskva ilə strateji sazişlə özünü sığortaladı, hərçənd, sazişin uzun müddət idi ki, hazırlandığı deyildi. Amma Kreml çox belə müttəfiqlik və müttəfiqlər görüb, lazım gələndə onları bircə-bircə “xərcləməyi” də bacarıb.  

İranla bağlı onu da qeyd edək ki, hazırda ölkə bütünlüklə cənublu azərbaycanlıların, daha doğrusu, onların siyasi, dini və iqtisadi elitasının nəzarəti altındadır, amma bunun bir faydası varmı, bu, Bakı ilə Tehran arasında müvəqqəti olsa da mülayimləşmələrə gətirib çıxarıbmı, bunun otuz milyonluq cənublu üçün hansısa pozitiv nəticəsi olubmu? Təəssüf!

Biz tez-tez fars millətçiliyi və ya şovinizmi, paniranizm haqqında danışırıq. Amma gəlin görək bu ideologiyaların sükanı arxasında kim dayanır, kim onların “ustanovka”larını həyata keçirir? Təəssüf ki, bizim cənublu soydaşlarımızın bir hissəsi! Fars intellektuallarının çoxu hətta İran şiəliyini belə “Səfəvi şiəliyi” adlandırırlar - bunu Əli Şəriəti, Seyid Hüseyn Nəsr kimi iranlı sosioloqlar və filosoflarla maraqlanan zaman oxumuşduq.

Cənubluların elitası haqqında düşünərkən təəssüf ki, adamın yadına böyük türk yazıçısı Çingiz Aytmatovun məşhur əsəri düşür: bəli, bizim cənubluların bir hissəsi yalnız öz doğma dillərinə biganə deyillər!

Burada haşiyə çıxmaq olsa da bir detalı qeyd edək. Bu yaxınlarda haqsız olaraq Nobel almayan bəzi yazıçıları qeyd etmişdik, çex yazıçı Milan Kunderanın adını çəkmişdik. O vaxt necə olmuşdusa, daha bir yazıçını unutmuşduq. Bu da böyük türk yazıçısı Çingiz Aytmatov idi – o, da bir neçə dəfə namizəd olsa da, Nobel ala bilmədi...

Sonda bir məqamı da qeyd etmək istərdik. Məlumdur ki, qonşu İranın İsrail və Qərblə çox ciddi problemləri var. Amma bunun bizim Azərbaycana nə dəxli? Axı bizim ölkəmizin bu dövlətlər qarşısında hər hansı bir siyasi və hərbi öhdəliyi yoxdur, bizi bu ölkələrlə iqtisadi və mədəni əlaqələr bağlayır, biz heç bir hərbi-siyasi düşərgəyə aid deyilik, hamıya da məlumdur ki, onlara münasibətdə Bakı Qoşulmama siyasətini həyata keçirir: Nə vaxtsa İranda bunu başa düşəcəklərmi?..

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR