Onlayn ictimai-siyasi qəzet
Rusiya son günlərdə Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərinin ruhunu zədələyən addımlar atmaqdadır. Dekabrın 25-də Rusiya səmasında qəzaya uğrayan Azərbaycanın sərnişin təyyarəsi ilə bağlı izi azdırmaq üçün ən müxtəlif yollara baş vurulur. Rus mediasında bununla bağlı çaşdırıcı məlumatlar dərc olunmaqdadır. Amma faktın üstünü örtmək görünən odur ki, mümkünsüzdür.
Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə Musavat.com-a dedi ki, 25 dekabr 2024-cü il tarixində Bakı-Qroznı təyyarəsinin məruz qaldığı qəza mahiyyət etibarilə Rusiya-Ukrayna müharibəsi kontekstində Rusiya tərəfindən qeyri-planlı şəkildə törədilən müharibə cinayəti olaraq qiymətləndirilə bilər:
“Qeyri planlı deyirik, çünki hədəf təyyarə yox, Ukrayna dronu idi. Həmçinin həlak olanlar arasında 10 Rusiya vətəndaşı da var. Təyyarə komandirləri də Azərbaycan vətəndaşı olan etnik ruslar idi. Hadisə baş verən anda Rusiyada rəsmi olaraq “Xalça” hava hücumundan müdafiə planı və GPS müdaxiləsi (GPS jamming) tətbiq olunurdu. Lakin bu barədə təyyarə heyətinə öncədən xəbər verilməli idi ki, bu baş vermədiyi üçün faciə yaşandı. Bu, Rusiya mülki və hərbi hava qüvvələri arasında koordinasiya əksikliyi də sayıla bilər. Rusiya imperiya xarakterindən çıxış edərək bu faciənin baş verməsində məsuliyyətini etiraf etmək istəmir. 2014-cü ildə də Malayziya mülki təyyarəsi Rusiyanın silahlandırdığı Donbass qüvvələri tərəfindən vurularaq düşürüləndə cinayət etiraf olunmamışdı. Həmin qəzada 298 nəfər təyyarə sərnişinləri və ekipajının hamısı həlak olmuşdu. Putinin Rusiya-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin əhəmiyyətini, Azərbaycan ictimaiyyətinin tələbini nəzərə alaraq AZAL təyyarəsinin təhlükəsizliyinin Rusiya səmasında təmin edilə bilmədiyinə görə üzr istəməsi, əslində, cinayətin etiraf olunmamasıdır. Hadisə ilə bağlı qara qutudakı məlumatların açıqlanması və quş sürüsü ilə bağlı iddianın təkrarlanması, Aktauya getmə qərarının təyyarə heyəti tərəfindən qəbul edildiyinin iddia edilməsi ədalətli istintaq həyata keçirilmədiyini deməyə əsas verir. Halbuki, “Pantsir”lərin Ukrayna dronu adıyla açdıqları atəş koordinatları ilə təyyarənin uçuş koordinatları qarşılaşdırıla, Mahaçqalada enişə icazə verilmədiyinə dair danışıqlar ictimailəşdirilərdisə, o zaman mənzərə daha aydın olardı”.
Ekspert şimal qonşumuzun etibarsız tərəfdaş olmasına da toxundu: “Bu münasibət Azərbaycan və Rusiya arasındakı strateji tərəfdaşlıq münasibətlərinin ruhunu zədələməklə yanaşı, ölkəmizdə anti-Rusiya əhvalının artmasına, Rusiyanın mənfi imici ilə bağlı təbliğatının aktivləşməsinə və bu təbliğatı həyata keçirən dairələrin maraqlarına xidmət edir. Halbuki ədalətli yanaşma, məsuliyyətin üstlənilməsi və kompensasiya ödənilməsi iki ölkə arasındakı münasibətlərə xidmət edərdi. Lakin biz Rusiyanın hər zaman olduğu kimi strateji, lakin etibarsız tərəfdaş olduğunu görmüş olduq. Rusiyanın “GPS jamming”i bir çox hallarda Avropada hava hərəkətinə təhlükə törədib və buna görə hətta Estoniya XİN Rusiyaya nota verib. Düşünürəm ki, əgər Rusiya cinayəti etiraf etməzsə, “GPS jamming” səbəbiylə təyyarənin koordinatları itirdiyinə dair Rusiyaya nota verə bilərik. Bununla yanaşı qeyd edə bilərik ki, Ukrayna PUA-sının Rusiyanın müharibədən uzaq məntəqələrini, ölkənin dərinliklərini vurması, eynilə Rusiyanın və Rusiyaya bağlı qüvvələrin öz hava məkanı üzərində uçan təyyarələrin sivil və ya qeyri-sivil olmasından asılı olmayaraq hədəfə alınması qədər qeyri-insanidir. Halbuki, Vətən müharibəsində Ermənistanın bizim Gəncə, Bərdə, Abşeron kimi uzaq və sivil şəhərlərimizi raket hücumuna məruz qoyması fonunda Azərbaycanın İrəvana və Ermənistanın daxili məntəqələrinə atəş açmaması Azərbaycanın ədalətli savaş qaydalarına əməl etdiyinin göstəricisi idi. Bu, bir daha Azərbaycanın ədalət, humanizm prinsiplərinə sadiqliyini, imperiya dövlətlərinin siyasətinin isə adətən bu anlayışlardan yoxsul olduğunu göstərir. Bunun fonunda Rusiya ilə İran arasında strateji razılaşma çərçivəsində qaz boru xəttinin Azərbaycandan keçməsinin qərara alınması, Azərbaycanın 3+3 regional əməkdaşlıq platformasına verdiyi önəm, Rusiya ilə çoxtərəfli əməkdaşlıq məsələləri nəzərə alınaraq Rusiyanın ədalətli yanaşmaya geri dönəcəyinə ümid edirəm. Çünki Rusiya hərbi hava qüvvələrinin qəzada rolunu araşdıracağını bu günlərdə rəsmi elan edib”.
Cavanşir ABBASLI
Musavat.com
18 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ