Onlayn ictimai-siyasi qəzet
Gürcüstanın baş naziri İrakli Kobaxidzenin yanvarın 17-də Bakıya səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev haqqında dedikləri təkcə ölkə mediasının deyil, dünya gündəminin əsas mövzularından birinə çevrilib. Gürcü baş nazir Ali Baş Komandanın şəninə təriflər yağdırıb.
Sitat: “Siz regionda fərqli bir Lidersiniz və bizim üçün də nümunəsiniz. Ölkənizə dövlətinizin mənafelərini qorumaqla rəhbərlik edirsiniz. Bu gün burada olmaq məndə böyük şərəf və məmnunluq doğurur”.
Milli Məclisin deputatı Vüqar İskəndərov Gürcüstan hökumətinin rəhbərinin bu fikirlərini təsadüfi saymır.
Deputat Musavat.com-a açıqlamasında aşağıdakıları bildirib:
“Hamıya aydındır ki, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu durmadan artmaqdadır. Bu gün Azərbaycan çox güclü və qüdrətli dövlətə, təkcə regionun deyil, eyni zamanda qlobal məkanın hörmət edilən ölkəsinə çevrilib. Bu da təsadüfi deyil. Bu uğurların kökündə Prezident İlham Əliyevin 2003-cü ildən yürütdüyü məqsədyönlü siyasət dayanır. Məhz cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş, məqsədyönlü, ən əsası isə xalqın və dövlətin milli maraqlarına əsaslanan siyasət nəticəsində Azərbaycan bütün sahələrdə uğur əldə edib. Məhz cənab Prezidentin qətiyyəti, prinsipiallığı, diplomatik məharəti, Müzəffər Ali Baş Komandanlığı nəticəsində 44 günlük Vətən müharibəsində Azərbaycan tarixi Zəfər qazandı”.
Deputatın sözlərinə görə, Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra da milli maraqlara əsaslanan siyasət davam etdirilir: “Cənab Prezident məqsədyönlü siyasət yürüdür və döyüş meydanında əldə etdiyimiz tarixi qələbəni diplomatik müstəvidə də davam etdirir. Onu da qeyd edim ki, cənab İlham Əliyevin bu uğurları istər regional, istərsə də qlobal arenada dəfələrlə bəyan edilib. Ayrı-ayrı dövlət və hökumət başçıları öz çıxışlarında bu məqamın üzərində xüsusi olaraq dayanıblar. Öz növbəsində yanvarın 17-də Azərbaycana səfər edən Gürcüstanın Baş naziri İrakli Kobaxidze Prezident İlham Əliyevin regionda fərqli bir lider olduğunu bəyan edib. Göründüyü kimi Azərbaycanın, dövlət başçımızın müstəqil və milli maraqlara söykənən siyasəti qonşularımız tərəfindən də təqdirlə qarşılanır”.
Cavanşir ABBASLI
Musavat.com
18 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ