Onlayn ictimai-siyasi qəzet
Azərbaycanla Ermənistan arasında yüz ildən çox “yaşı” olan konflikti zaman-zaman böyük güclərin körüklədiyi sirr deyil. Hazırda bu şeytani “missiya”nı Fransa və ABŞ “uğurla” yerinə yetirir. Hərgah ATƏT-in de-fakto gorbagor olmuş Minsk qrupunun üçüncü keçmiş həmsədri kimi Rusiya sarıdan da tam arxayın olmağa dəymir. Bu da təzə fakt.
Ötən gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Türkiyə-Ermənistan münasibətlərinin nizamlanmasından danışarkən bildirib ki, “Cənubi Qafqazda normallaşma həlli vacib olan bütün digər problemlər kontekstində, o cümlədən Qarabağ probleminin həlli kontekstində baş verməlidir”.
Sitat: “2022-ci ilin sonunda (6 oktyabr 4-tərəli Praqa görüşü nəzərdə tutulur – red.) Ermənistan rəhbərliyi Avropa İttifaqının iştirakı ilə Azərbaycanla 1991-ci il sərhədlərinin tanınması haqqında saziş imzalamaqla Dağlıq Qarabağ problemini həll edib. Həmin sənədə (Almatı Bəyannaməsi – red.) görə, DQMV Azərbaycan SSR-in tərkibində idi. İndi bunun hüquqi baxımdan necə rəsmiləşdirilməsi söhbəti gedir, çünki siyasi razılaşma olub. Biz burada Türkiyə ilə əməkdaşlıq edirik. Türkiyənin Azərbaycanda təbii ki, çox ciddi təsiri var. Türkiyə bizim köməyimizlə bir müddət əvvəl Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesi başladı. İndi dalana dirənib, amma Türkiyənin marağı qalır və biz buna hazırıq. Aydındır ki, Cənubi Qafqazda normallaşma həll edilməli olan bütün digər problemlər kontekstində, o cümlədən Qarabağ probleminin prinsipial həlli kontekstində baş verməlidir”...
Yəni yenə Azərbaycanın suverenliyinə kölgə salan ikibaşlı ifadələr. Axı nə demək “normallaşma Qarabağ probleminin prinsipial həlli kontekstində baş verməlidir”? Hansı Qarabağ problemi?
Heç şübhəsiz, öz şefinin sözünü deyən Lavrov-Kələntərov görəsən nəyə işarə vurur, nəyin mesajını verir? “Özümüzə gələk, Qarabağla da məşğul olacağıq”ınmı? Ya bəlkə bu, Minsk Qrupunun təzədən dirildiləcyinin siqnalıdır?
Yeri gəlmişkən, ötən ayın 19-20-də Bakıya etdiyi səfər zamanı prezident Vladimir Putin mətbuat konfransında Rusiyanın Azərbaycan və Ermənistan arasında vasitəçiliyə hazır olduğunu söyləmişdi. Doğrudur, onu da əlavə eləmişdi ki, “tərəflər buna ehtiyac duyduğu qədər”. Yəni ehtiyac yoxdursa, Moskva özünü vasitəçi kimi sırımaq niyyətində deyil.
Məntiqlidir. Hərgah daha məntiqli o olardı ki, Rusiya rəhbəri Bakıda Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdiyini bir cümlə ilə ifadə edəydi – 22 fevral (2022) Moskva Bəyannaməsi ilə bizə strateji tərəfdaş sayılan bir dövlətin prezidenti kimi. Məlumdur ki, ölkəmizə rəsmi və işgüzar səfərə gələn xarici ölkə liderlərinin hamısı bunu bəyan edir.
Bəs Putin niyə etmədi? “Sözəbaxmaz” Ermənistanı incitməmək üçünmü? Ermənistan niyə inciməli idi, əgər söhbət Azərbaycanın sırf beynəlxalq hüquq əsasında, BMT TŞ-nin məlum qətnamələri əsasında öz ərazi bütövlüyü və suverenliyini bərpa eləməsindən gedirsə?..
Əslində İrəvanın yox, Moskvanın incikliyindən danışmağın yeri var. Motiv bəlli: Nikol Paşinyan hökumətinin Rusiyanın “izn”i olmadan Qarabağı Almatı Bəyannaməsi əsasında Azərbaycanın tərkib hissəsi saydığını 6 oktyabr 2022-ci il Praqa sənədi ilə təsdiqləməsi. Gerçək belədir ki, Rusiya bunu Paşinyana bağışlaya bilmir. İncikliyi hətta ən yüksək səviyyədə dilə də gətirib. Moskva rəsmiləri vaxtaşırı bunu Paşinyan hökumətinin başına çaxırlar.
Belə çıxır, Kreml bölgədəki maraqları naminə keçmiş Dağlıq Qarabağ konfliktinin hansısa şəkildə qalmasını istəyib, Nikol Paşinyan isə onun planlarını pozub? Yoxsa Ermənistan rəhbərliyinin ərazi bütövlüyümüzü tanınması şimal qonşumuzu niyə belə rahatsız etməli idi ki? Bunun nəyi pisdir?..
İndi də Lavrovun yuxarıdakı açıqlaması. İnsafən, Paşinyan iqtidarı artıq “Qarabağ problemi”ndən bir elə danışmır, nəinki Rusiya rəsmiləri. Odur ki, əsas sual açıq qalır: Moskva Qarabağ məsələsini bitmiş sayırmı, yoxsa fürsət gözləyir ki, onu təzədən “reanimasiya” eləsin?
Sualı belə də qoymaq olar: Bakının Ermənistan konstitusiyasının dəyişdirilməsi tələbini Rusiya legitim və haqlı hesab edirmi?..
Siyasət şöbəsi,
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ