İnsanlara hürriyət, millətlərə istiqlal!

Zorakılıq normal həyat tərzinə çevrilir

Yeni nəsli kim qoruyacaq?

Son illər Azərbaycanda, eləcə də ümumilikdə regionda müşahidə olunan sosial-psixoloji gərginlik və aqressiyanın artması artıq tək-tək hadisələrlə deyil, ardıcıl statistik və sosioloji müşahidələrlə də təsdiqlənir. Gənclər və yeniyetmələr arasında cinayət hadisələrinin artması, ailədaxili zorakılıq, emosional qeyri-sabitliyin yayılması cəmiyyətdə narahatlıq doğuran başlıca trendlərdəndir.

Son aylarda medianı izlədikdə hər gün azı bir xəbərdə yeniyetmə və ya gəncin ailə üzvünü qətlə yetirməsi, ya da həmyaşıdına qarşı fiziki zor tətbiq etməsi kimi hadisələrlə rastlaşırıq. Bu xəbərlər yalnız kriminal statistikaya daxil olmur, eyni zamanda cəmiyyətin psixoloji portretinin dəyişməkdə olduğunu da göstərir.

Bəzi hallarda yeniyetmələr arasında bıçaqlanma, sosial şəbəkələrdə bir-birinə qarşı ağır təhqirlər, ailələrdə anaya, bacıya, nənəyə qarşı vəhşicəsinə davranış formaları artıq adi qarşılanan “kriminal informasiya” olmaqdan çıxıb sosial psixozun göstəricisinə çevrilməkdədir.

Əlbəttə, aqressiyanın artmasında sosial-iqtisadi amillər, ailə institutunun zəifləməsi, valideyn nəzarətinin azalması, psixoloji yardım sisteminin qeyri-effektivliyi kimi faktorlar mühüm rol oynayır. Lakin mütəxəssislər bu gün bir faktı xüsusi vurğulayırlar: ağlasığmaz dərəcədə genişlənmiş informasiya axını və bu axının destruktiv mahiyyəti.

Gənclər və uşaqlar artıq real həyatdan çox virtual məkanlarda - TikTok, İnstagram, Telegram kanalları və YouTube platformalarında yaşayır. Burada yayılan kontentlərin çoxu şiddəti normallaşdıran, kobudluğu “cəld qərarvermə”, aqressiyanı isə “güc və hörmət” simvolu kimi təqdim edən materiallardır. İzlədikləri filmlər, oyunlar, “challenge”lər və şəbəkə fenomenləri təkcə davranış tərzinə yox, emosional inkişaf və əxlaqi dəyərlər sisteminə də ciddi zərbə vurur.

Müasir informasiya dövründə cəmiyyətin özünümüdafiəsi yalnız hüquq-mühafizə tədbirləri ilə deyil, maarifləndirici, tərbiyəvi və elmi-kütləvi, təhsil proqramları sayəsində mümkündür. Bu proqramlar əxlaqi normaların, empatiya, humanizm, sosial məsuliyyət kimi dəyərlərin yenidən cəmiyyətin diqqətinə gətirilməsi üçün mühüm vasitədir.

Mütəxəssislər hesab edir ki, uşaqlara, yeniyetmələrə və hətta valideynlərə yönəlmiş psixoloji dayanıqlıq və empatiya mövzusunda verilişlər hazırlanmalıdır.

Məlumdur ki, mədəniyyət aqressiyaya qarşı ən güclü sosial qalxanlardan biridir. Hesab olunur ki, mədəniyyətə, musiqiyə, ədəbiyyata, xalqların mənəvi irsinə bağlı proqramlar gənclərin iç dünyasını zənginləşdirə bilər.

Beləliklə, cəmiyyətin aqressivliyinin qarşısını almaq yalnız cinayətlə mübarizə ilə yox, insan formalaşdırmaqla mümkündür. Əgər biz gənclərimizin qarşısına alternativ, düşündürücü, mənəviyyat dolu proqramlar çıxara bilməsək, onların qaranlıq virtual kontentlərin təsirində qalması qaçılmaz olacaq. Elə buna görə də mədəni-maarif, psixoloji və elmi-kütləvi proqramlar bu gün ictimai təhlükəsizlik qədər həyati əhəmiyyət daşıyır.

Aydın Xan Əbilov: “Qızlar da sevdikləri oğlanlar üçün elçi gedə bilərlər”

Mövzu ilə bağlı Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov “Yeni Müsavat”a danışıb: “İllər boyu biz  ictimai xadimlər, mədəniyyət adamları, yazıçılar, analitiklər, ekspertlər aidiyyəti dövlət qurumlarına və cəmiyyətə dəfələrlə müraciət edərək xəbərdarlıq etmişik ki, Azərbaycanın yeni nəslinin yetkinləşməsi, mənəvi, estetik və humanitar dəyərlərə sahib bir şəxsiyyət kimi formalaşması üçün ölkədə mənəviyyat sahəsində islahatlara ciddi ehtiyac var.

Uşaqlar hələ beşikdəykən əllərinə layla əvəzinə smartfon verilir. Onlar da bu cihazlarda rəngləri aqressiv, süjetləri zorakılıqla dolu, tez-tez söyüş və qəddarlıq səhnələri ilə müşayiət olunan cizgi filmlərinə baxmağa başlayırlar. Biz bu tendensiyaya dəfələrlə etiraz etmişik, xəbərdarlıq etmişik ki, belə vizual təsirlər uşaqların psixologiyasında aqressiyanın formalaşmasına səbəb olur və bu, böyüyəndə cəmiyyətə ötürülür. Azərbaycanda bu hal artıq böyük bir sosial və psixoloji problemə, demək olar ki, “xəstəliyə” çevrilib. Yeni nəslin nümayəndələri arasında mənasız, təhlükəli, hətta intihara aparan mobil və kompüter oyunlarına aludəçilik sürətlə yayılır".

Ekspert dedi ki, bütün bu narahatlıqlara və ictimai qınaqlara baxmayaraq, bu istiqamətdə real və təsirli addımlar hələ də atılmayıb: “Müxtəlif nazirliklər, fondlar və təşkilatlar bu məsələyə diqqət ayırır, layihələr həyata keçirir, tədbirlər təşkil edir, maarifləndirici fəaliyyət göstərirlər. Lakin bütün bu səylərə baxmayaraq, mövcud boşluqlar hələ də qalır. Ailə, təhsil və cəmiyyət -  bu üç əsas sütunun vəhdəti ilə biz bu problemlərin qarşısını ala bilərik. Əks halda, nəticələr daha da ağırlaşacaq.

Bu boşluqların fəsadları artıq real həyatda özünü açıq şəkildə göstərir. Uşaqlar təkcə məktəbdə bir-birinə qarşı aqressiv münasibət göstərmir, həm də zorakılığa, təəccüblü dərəcədə qəddarlığa meyl edirlər. Yeniyetmələr zərərli vərdişlərə qurşanır, “lotuluq” mədəniyyətinə meyl göstərir, bir-biri ilə rəqib kimi davranaraq  “döyüş” vəziyyətinə girirlər.

Daha da qorxulusu isə odur ki, ailə daxilində zorakılıq artır. Ana bacısını, bacı atasını, qardaş anasını bıçaqlayır, ailə üzvləri bir-birinə qarşı ölümcül zorakılıq törədir. Bu cür hadisələrin sayı getdikcə artır.

Həm dövlət səviyyəsində, həm ictimai təşkilatlar səviyyəsində, həm də kütləvi informasiya vasitələrinin, televiziya və xüsusilə də sosial şəbəkələrin, onlayn platformaların köməyi ilə genişmiqyaslı maarifləndirmə və sosial-mənəvi kampaniyaların, proqramların həyata keçirilməsinə ciddi ehtiyac var. Cəmiyyətdə artan aqressiya və zorakılıq hallarının qarşısını almaq üçün yalnız tək-tək tədbirlər deyil, koordinasiyalı, sistemli yanaşma zəruridir".

A.Xan sonda onu da dedi ki, bu istiqamətdə məktəblərin rolu böyükdür: “Eyni zamanda valideynlər, müəllimlər, din xadimləri, psixoloqlar, uşaq inkişaf mərkəzləri, idman və gənclər təşkilatları, mədəniyyət müəssisələri bu mübarizənin əsas iştirakçıları olmalıdır. Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu məsələdə daha fəal mövqe tutmalı, birgə fəaliyyət mexanizmləri yaratmalıdır”.

Xalidə GƏRAY
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR