Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Donald Trampın Hindistandan Rusiya neftinin idxalını dayandırması tələbi Rusiya üçün milyardlarla dollar itki ilə nəticələnə və onu cavab tədbirləri görməyə təhrik edə bilər. “Reuters”in yazdığına görə, Rusiyanın ABŞ və müttəfiqləri üzərində ciddi təsir rıçaqları var. Xüsusən də qismən Amerika şirkətlərinin nəzarətində olan əsas ixrac neft kəmərinin bağlanması imkanları nəzərdən keçirilir. Bu, qlobal enerji böhranının yeni mərhələsinə gətirib çıxara bilər.
“Reuters” bildirir ki, Moskvanın ən çox ehtimal olunan addımı Qazaxıstandan neftin nəql olunduğu Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) fəaliyyətini dayandırması ola bilər. Bu layihədə böyük paylar Amerikanın enerji nəhəngləri "Chevron" və "ExxonMobil" şirkətlərinə məxsusdur.
Amerikanın JP Morgan bankının analitikləri etiraf edirlər ki, “Rusiyanın öz təsir rıçaqları var”. Ekspertlər vurğulayırlar ki, CPC vasitəsilə tədarükün dayandırılması qlobal bazara əhəmiyyətli təsir göstərə bilər. Belə ki, "ExxonMobil", "Chevron", "Shell", "ENI" və "TotalEnergies" kimi şirkətlərdən bu marşrutla gündə bir milyon barelə qədər neft ixrac edilir.
"Sparta Commodities" analitiki Neil Crosby bildirir ki, “Rusiya neftinin ixracında ciddi çətinliklərlə üzləşsək və Rusiya Prezidenti Vladimir Putin CPC-ni bağlayarsa, neftin qiyməti bir barel üçün 80 dolları keçə bilər və bəlkə də daha çox ola bilər”.
Agentliyin hesablamalarına görə, CPC vasitəsilə tədarükün eyni vaxtda məhdudlaşdırılması və Rusiyadan Hindistana neft ixracının dayandırılması bazardan gündə 3,5 milyon barelə qədər azalma ilə nəticələnəcək ki, bu da dünya neft tədarükünün təxminən 3,5 faizini təşkil edir.
Xatırladaq ki, CPC neft kəmərləri sistemi Xəzər dənizi hövzəsindən dünya bazarlarına neft nəqli üçün ən böyük marşrutdur. Uzunluğu 1,5 min kilometr olan magistral boru kəməri Qərbi Qazaxıstan yataqlarını Rusiyanın Qara dəniz sahilindəki Novorossiysk limanı ilə birləşdirir və burada neft CPC-nin dəniz terminalı vasitəsilə tankerlərə yüklənir. Konsorsiumun ən böyük səhmdarları arasında Rusiya (“Transneft”), Qazaxıstan (“Kazmunaigas”) ölkələri, həmçinin “Chevron”, “Lukoil”, “ExxonMobil”, “Rosneft” və “Shell” şirkətləri var.
CPC ilə ildə 53-54 milyon ton Qazaxıstan nefti ixrac olunur, bu, ölkənin ümumi ixracının 80 faizi deməkdir. 2022-ci ildə Ukraynada işğalçı müharibə başladıqdan sonra Qərbin sanksiyaları ilə üzləşən Rusiya bir neçə dəfə CPC ilə neft nəqlini dayandırıb: əvvəlcə mart ayında Novorossiysk limanında hansısa texniki nasazlıq bəhanəsi ilə, daha sonra iyulda CPC-nin guya ekoloji tələbləri pozması iddiası əsasında məhkəmə hökmü ilə. Bu isə o deməkdir ki, Rusiya bu addıma yenə gedə bilər.
İlham Şaban
Enerji məsələləri üzrə ekspert İlham Şabanın “Yeni Müsavat”a dediyinə görə, Rusiyanı neft ixracından məhrum etmək real deyil: “Baxın, 1979-cu ildən İran ən ağır sanksiyalar altındadır. Özü də onların çoxu neftlə bağlıdır. Dayandıra biliblərmi ixracı? Yaxud Venesuelanı götürək. Heç bir ölkəyə münasibətdə ixracın tam dayandırılması mümkün olmayıb. Rusiya gündə 5 milyon barel neft və neft məhsulları ixrac edir. Bunun böyük hissəsini ucuz qiymətə Hindistan alır. Hindistan bundan böyük qazanc götürür, iqtisadiyyatı inkişaf edir. Hindistanın Asiyada Çinlə qarşıdurmada Böyük Britaniya və ABŞ üçün əhəmiyyəti böyükdür. Rusiya neftinin böyük hissəsi bazardan çıxarsa, Hindistan üçün böyük itkilərə səbəb olacaq. Başqa bir məsələ, İraq təcrübəsidir. Vaxtilə İraq neftinə də sanksiya tətbiq etdilər, amma sonra aydın oldu ki, ABŞ şirkətləri bu ölkədən ucuz qiymətə neft alıb başqa ölkələrə satırmışlar”.
Ekspertə görə, Trampa ucuz neft lazım deyil: “Respublikaçılar iri neft hasilatçıları ilə sıx bağlıdılar. Ona görə də onlar neft qiymətlərinin hasilatçılara gəlir gətirəcək səviyyədə olmasında maraqlıdılar. İkinci bir tərəfdən, Avropa İttifaqı əlavə gömrük rüsumlarından qaçmaq üçün ABŞ-dan neft-qaz alışını artırmağı üzərinə götürüb. Məlumdur ki. Hindistan Rusiya neftini alıb, emal edib Aİ ölkələrinə satır. Aİ Hindistanla neft mübadiləsini ona görə azaltmaq yolunu tutur ki, onun bazarında dominantlıq artıq ABŞ-a keçsin. Artıq razılaşıblar. Hindstan isə özünə yeni bazarlar axtarmalı olacaq. Əslində "o olmasın, bu olsun variantı" işə düşəcək - Rusiya nefti olmasın, İran nefti olsun (daha ucuz və daha yaxın). Gizli sövdələşmə ilə bu dəfə İrandan “qara bazar” yolu ilə neft qəbul ediləcək, ABŞ isə buna göz yumacaq ki, İran Rusiya ilə münasibətlərini dərinləşdirməsin. Rusiya neftinin bazarlardan yığışdırılmasına isə ona görə inanmıram ki, Ukraynada müharibə başlayandan Ağ Evin siyasəti (o cümlədən Demokratların) Rusiyanın nə qalibiyyəti, nə də məğlubiyyətinə hesablanıb. Çünki Rusiya böyük dövlətdir və onunla sövdələşmə ilə Ağ Ev həm Avropanı, həm də Çini nəzarətdə saxlaya bilər".
İ.Şabana görə, Tramp kifayət qədər uzaqgörən siyasətçidir: “Heç düşünmürəm ki, o, ABŞ iqtisadiyyatına zərər verəcək addımlar atsın, Ukrayna olmur, kim olursa-olsun, Tramp Amerikaya iqtisadi zərər gətirəcək addım atmayacaq. Rusiyaya qarşı sanksiyalar elə olacaq ki, dünya bazarından aşağı qiymətə öz neftini sata bilsin. Rusiyanın gəlirləri azalacaq, amma neft ixracı dayanmayacaq: mütləq yolunu tapacaqlar nefti gizli satmağın”.
Elman Sadıqov
İqtisadçı-ekspert Elman Sadıqovun fikrincə, beynəlxalq geosiyasi vəziyyət çox gərgindir: “ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsində seçkiqabağı verdiyi vədləri yerinə yetirə bilmədiyinə, Rusiya atəşkəsə razılaşmadığına görə çox qəzəblidir. Buna görə də Rusiyaya qarşı sərt sanksiyalara əl atır. Bu sanksiyalardan Rusiya üçün ən ağırı neftlə bağlı olandır. Faktiki olaraq bu gün Rusiya iqtisadiyyatı resurs satışının üzərində qurulub. Maliyyə və digər sektorlara qoyulan sanksiyalar nəticəsində Rusiya iqtisadiyyatında fəallıq minimuma düşüb. Ölkə yalnız resurslarının xammal formasında satışına möhtac qalıb. Resursları çox böyükdür, dünyada ən böyük resurs ölkəsidir - 75 trilyon dollarlıq faydalı qazıntı ehtiyatları var. Bu qədər böyük resursu satmaqla iqtisadiyyatın digər sahələri olmasa belə Rusiya öz xərclərini qarşılamaq imkanındadır. Bu baxımdan, əsas resurs olan neftin satışına maneə yaradılması Rusiya üçün böyük təhdiddir. Düşünürəm ki, Çin ABŞ-la ortaq dil tapacaq - çünki ABŞ bazarı Çin üçün çox mühüm əhəmiyyət kəsb edir. 300 milyard dollarlıq müsbət ticarət saldosu var. Çinin bunu Rusiya neftindən əldə edə biləcəyi maksimum 35-40 milyard dollarlıq qazanca qurban verəcəyini real saymıram. Əsas məsələ Hindistanla bağlıdır. Hindistanın ABŞ-la ticarət dövriyyəsi elə də böyük deyil. Rusiya neftindən isə böyük pullar qazanır. Lakin buna baxmayaraq, Avropa İttifaqının da Hindistandan Rusiya əsilli neftdən alınan məhsulların idxalına qadağa qoyması, Rusiyanın Hindistandakı əsas aktivi olan, böyük enerji şirkəti "Nayara Energy"yə sanksiya tətbiq etməsi fonunda Hindistanın hər iki mərkəzlə açıq qarşıdurmaya gedəcəyini gözləmirəm, açığı”.
Ekspertin sözlərinə görə, məhz bu perspektivi nəzərə alaraq Rusiya xarici mətbuata Qazaxıstan neftinin ixracını dayandıracağına dair məlumat sızdırır: “Bu, Rusiyanın təhdididir. Lakin hazırkı şərtlər daxilində heç də ciddi təsirə malik təhdid deyil. Ona görə ki, əvvəla, hazırda dünya neft bazarında təklif bolluğudur, yəni tələbdən üstün təklif var. İkincisi, təklifi artırmaq üçün ehtiyatlar kifayət qədərdir. İraqın, Səudiyyə Ərəbistanının, Birləşmiş Ərəb Əmirliklərinin qısa müddətdə bazara neft təklifini artırmaq imkanları var. ABŞ, Qayana, Braziliya, Liviya, hətta Venesuelanın da bir qədər daha çox vaxtda neft təklifini yetərincə artırmaq gücü var. Yəni Rusiyanın öz neftinin ixracı kəskin azalarsa, Qazaxıstandan ixracı da dayandırarsa, bazarda qiymətlərin artması baş verəcək, amma bu, tutalım ki, 80-lərdən yuxarı olmamaq şərtilə qısamüddətli dövrdə qeydə alınacaq. Ən pis halda 1-2 ay belə qiymət artımı mümkündür, ondan sonra bazara yeni həcmlərin çıxarılması ilə qiymətlər yenidən 70 dollardan aşağı düşəcək. Hazırda bir çox ərazilərdə neft hasilatının artırılması üçün layihələr icra olunur, yatırımlar edilir”.
E.Sadıqov bildirir ki, Rusiya CTC ilə Qazaxıstan neftinin nəqlini dayandırarsa, Qazaxıstan öz neftini Azərbaycan üzərindən nəql edə biləcək: “Burada, əlbəttə, dayanan bütün həcmlərin nəqlindən söhbət getmir. Məlumdur ki, BTC ilə nəql Qazaxıstan neftinin tərkibinə görə məhduddur. Amma Bakı-Supsa neft kəməri var ki, onun bütünlüklə Qazaxıstan neftinin nəqlinə cəlb olunması məsələsi gündəmdədir. Bilirsiniz, məcburiyyət olacaqsa, bu sahədə başqa yollar da tapılacaq. Əsas məsələ Rusiyanın Qazaxıstan, Özbəkistan və Mərkəzi Asiyanın digər ölkələrinə münasibətidir. Rusiya bu regionun da Cənubi Qafqaz kimi onun təsir dairəsindən çıxmaqda olduğunun fərqindədir. Moskva artıq Orta dəhlizdən tam kənarlaşdırılıb, Mərkəzi Asiya dövlətləri onun təsirindən uzaqlaşmaq üçün ciddi addımlar atırlar. O cümlədən Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq dərinləşdirilir. Buna görə də rahatlıqla demək olar ki, Rusiyanın Qazaxıstan neftinin nəqlini dayandırmaq hədəsi ABŞ-dan daha çox Almatıya yönəlib”.
Ekspert hesab edir ki, Rusiya neftini alan digər böyük alıcı Türkiyənin ondan imtinadan başqa yolu qalmayacaq: “Ümumiyyətlə, Türkiyə Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında öz nüfuzunu sürətlə artırır ki, bu da Rusiya üçün arzuolunmazdır. Rusiya bundan qıcıqlanır və var gücü ilə açıq münaqişəyə getmədən Türkiyənin hər iki bölgədəki fəallığının qarşısını almağa çalışır. Yəni Türkiyə-Rusiya münasibətləri Ankara üçün heç də vazkeçilməz deyil. Hesab edirəm ki, bu proseslərdə ən təhlükəli məsələ Cənubi Qafqaz və Mərkəzi Asiya uğrunda geosiyasi mübarizənin getdikcə güclənməsidir”.
Dünya SAKİT,
“Yeni Müsavat”
06 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ