Onlayn ictimai-siyasi qəzet
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) son hesabatı heyvandarlıq sektorunda ciddi narahatlıq yaradıb. Sənəddə Şimali Makedoniya və Xorvatiyada blutanq, Bolqarıstanda Nyukasl xəstəliyi, Botsvanada isə yüksək patogen quş qripi qeydə alındığı bildirilir. Bu xəstəliklərin yayılma riski nəzərə alınaraq, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə dəvə, iri və xırdabuynuzlu heyvanlar, onların məhsulları, həmçinin diri quş və quşçuluq məhsullarının idxalını müvəqqəti dayandırıb.
Bu qərar bəzilərinə sadə prosedur kimi görünə bilər, amma əslində məsələ çox ciddi ictimai-səhiyyə və iqtisadi məna daşıyır. Çünki belə xəstəliklər bir dəfə ölkəyə daxil olduqda, onları lokallaşdırmaq və yayılmasının qarşısını almaq çox çətin olur.
Bir vaxtlar Azərbaycanın kənd təsərrüfatında özünəməxsus yeri olan dəvəçilik indi kölgədə qalıb. Sovet dönəmində həm yükdaşıma, həm də ət-süd istehsalı üçün geniş istifadə olunan dəvələr indi yalnız azsaylı təsərrüfatlarda - əsasən Şabran, Salyan və Goranboy rayonlarında saxlanılır.
Halbuki bu heyvanlar təbiətin ən dözümlü canlılarındandır, 70 dərəcə istiyə, 50 dərəcə şaxtaya davam gətirir,10-12 gün susuz qala bilir, qidalanmaq üçün yalnız tikan və kol kifayətdir.
Bununla belə, dəvəçilik sürətlə inkişaf etmir. Əsas səbəb - çox aşağı reproduksiya qabiliyyəti: dəvə iki ildən bir bala verir. Üstəlik, ətin bazar tələbi məhduddur. Halbuki dəvə ətinin keyfiyyəti və dadı restoran sahibləri tərəfindən yüksək qiymətləndirilir, kiloqramı 16-17 manata satılır. Ölkədə bu sahə ilə məşğul olan təsərrüfatların sayı cəmi 5-6-dır. Bu, əslində Azərbaycan üçün həm iqtisadi, həm də mədəni itki deməkdir.
Qida Agentliyinin tətbiq etdiyi məhdudiyyət ilk növbədə ictimai sağlamlığı qorumağa yönəlib. Amma bunun dolayısı iqtisadi təsirləri də var. Əgər yoluxucu xəstəliklər Azərbaycana daxil olsaydı, yerli heyvan populyasiyası ciddi ziyan görərdi, fermerlər milyonlarla manat itki ilə üzləşərdi, idxaldan asılı olan təsərrüfatların fəaliyyəti iflic olardı. Bu baxımdan, qərar profilaktik tədbir olaraq strateji əhəmiyyət daşıyır.
Ekspertlər hesab edir ki, Azərbaycanda dəvəçiliyin inkişaf etməməsinin əsas səbəbləri arasında düşük balavermə faizi, investisiya marağının olmaması (gəlir dövrü uzun, risk yüksəkdir), bazarın daralması (istehlak mədəniyyəti zəifdir), dövlət dəstəyinin azlığı (subsidiya və təşviqlər yetərli deyil) var.
Əslində dövlət bu sahəyə diqqəti artırsa, dəvəçilik həm kənd təsərrüfatında yeni iş yerləri yaradar, həm də turizm və restoran sektoruna əlavə dəyər gətirər.
Azərbaycan dəvəçiliyi yavaş-yavaş yoxa çıxır. Əgər vaxtında strateji proqram hazırlanmasa, bu qədim heyvandarlıq sahəsi bir neçə onillik sonra yalnız tarix kitablarında qalacaq. Ötən ilin əvvəlində Azərbaycanda mövcud olan dəvələrin ümumi sayı 350 baş təşkil edib. Bu göstərici 2023-cü illə müqayisədə 11 baş azalma deməkdir.
Kənd təsərrüfatı ilə məşğul olan müəssisələrdə bu rəqəm 90 baş olub ki, bunun da 78-i dövlət, 12-si isə qeyri-dövlət müəssisələrinin payına düşür. Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə bu müəssisələrdə 99 baş dəvə mövcud idi. Xüsusilə qeyri-dövlət müəssisələrində azalma nəzərəçarpacaq olub, dəvələrin sayı 15 başdan 12 başa enib. Fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatlarında isə 2024-cü ildə 260 baş dəvə qeyd alınıb. Bu da keçən ilə nisbətən (262 baş) cüzi azalma deməkdir.
Rəcəb Orucov
Naxçıvan MR-in keçmiş kənd təsərrüfatı naziri, aqrar sahə üzrə ekspert Rəcəb Orucov “Yeni Müsavat”a açıqlamasında deyib ki, Azərbaycanda dəvəçiliyə maraq yoxdur: “Dəvə müsəlman aləmində müqəddəs heyvan kimi qəbul edilsə də, Azərbaycan mətbəxində və digər istiqamətlərdə istifadəsi çox azdır. Ona görə də ölkəmizdə dəvəçilik təsərrüfatının zəifləməsini təbii proses kimi qəbul etmək lazımdır. Azərbaycanda hazırda Şirvan düzündə fərdi maraqlar çərçivəsində kiçik təsərrüfatlarda dəvə saxlayırlar. Bəzən restoranlarda dəvə ətindən hazırlanmış yeməklər, qutablar satılır. Əslində onların çoxusu dəvə ətindən hazırlanmır. Həm də dəvə əti ilə qidalanmaq Azərbaycanda o qədər də dəbdə deyil. Hazırda ölkəmizdə dəvələrdən daha çox yemək üçün deyil, müəyyən mərasimlərdə tarixi ənənələri yaşatmaq üçün istifadə edilir. İndi isə ondan qida sektorunda aktiv istifadə edilmir. Həm də dəvə saxlamaq üçün böyük otlaq sahələrinə ehtiyac var. Bizdə isə əkin dövriyyəsində qış otlaqlarının verilməsi istiqamətində balans pozulması var. Ona görə də dəvəçiliyin zəifləməsi təəccüblü deyil”.
Cəfər İbrahimli
Kənd təsərrüfatı üzrə ekspert Cəfər İbrahimli “Yeni Müsavat”a açıqlamasında bildirib ki, dəvə təsərrüfatının bir çox müsbət tərəfləri var: “Dəvənin ömrü uzun olur və digər heyvanlarla müqayisədə 2-3 dəfə çox bala verir. Dəvə səhra heyvanıdır, örüş ərazilərdə otlayır. Onu saxlamaq üçün böyük xərc tələb olunmur. Südü və əti həm keyfiyyətli, həm də yağlı olur. Müalicəvi əhəmiyyəti var. Yunu digər heyvanlarla müqayisədə keyfiyyətlidir və məişətdə istifadə edilir. Lakin dəvəni saxlamaq üçün böyük örüş ərazilərə ehtiyac var. Azərbaycanda isə dəvə təsərrüfatı üçün örüşlər o qədər də çox deyil. Onları qapalı təsərrüfatda saxlamaq çətindir. Digər çətinlik isə dəvənin südünün əldə olunması ilə bağlıdır. Onların südü çox az olur. Eyni zamanda bu südü realizə etmək - hər hansı emal sexinə və ya hansısa mərkəzə göndərmək çətin məsələdir. Çünki böyük bir dəvə təsərrüfatından 50 litr süd əldə olunur. Miqdar az olduğuna görə onu hansısa müəssisəyə satmaq da olmur. Yunu da çox keyfiyyətli olduğuna görə bazarda realizə edilmir. İnsanlarımızda dəvə əti yemək kimi güclü alışqanlıq yoxdur. Bütün bunları sadaladıqda görürük ki, bu təsərrüfat Azərbaycanda sərfəli deyil. İnsanlarımız iri buynuzlu və süd verən heyvanları saxlamağa üstünlük verirlər. Ölkəmizdə dəvəçiliklə bağlı dövlətə məxsus cəmi 1 təsərrüfat var. Digərləri isə xırda və fərdi təsərrüfatlardır”.
Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”
06 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ