İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaradıcı ziyalılardan dissidentlik ummaq adəti – çoxluq isə susur, başını qoruyur

Yeniyetmə vaxtı Azərbaycan yazıçılarının əsərlərini oxuyanda düşünürdüm ki, bu əsərlərin müəlliflərinin özləri çox ideal, dürüst, vicdanlı, xeyirxah, mərhəmətli, kristal adamlardır. Bir halda ki, onlar həmişə mənəvi paklıqdan, ülviyyətdən, saflıqdan yazırlar, deməli, özləri də başqa cür ola bilməzlər.

Sonradan bu fikirdə müəyyən korrektələr oldu. Zaman gəldi, bu camiəyə daxil olan insanlarla tanışlıq, ünsiyyət belə bir qənaəti möhkəmləndirdi ki, cəmiyyətin fərdləri necədirsə, yazıçı və şairlərimiz də elədir. Onlar da çörək yeyirlər; yaşayış uğrunda mübarizə aparırlar; ailə-uşaqları, məişət qayğıları var; şöhrət və pul qazanmaq istəyirlər, bir-birilə intriqa aparırlar və s.

Başqa sözlə, cəmiyyətin bu peşə adamlarını dürüstlük, fədakarlıq, halallıq mücəssəməsi obrazında görmək arzusunun puçluğu ortaya çıxdı. Ayrı-ayrı dəyərli, saf, insaniyyatı uca, gözü-könlü tox şair-yazıçılarımız, əlbəttə ki, var.

Ancaq biz hələ də şair-yazıçılardan (eləcə də jurnalistlərdən) “el üçün ağlayan göz” istəyirik, onlardan “qələmini süngüyə çevirən ziyalı” olmalarını tələb edirik. Ölkənin problemlərini həll etməli olan nazirlər, komitə sədrləri, agentlik, konsern, xidmət rəhbərlərini kənarda qoyur, “yaradıcı ziyalılar”ı hər işə görə məsul tuturuq. Trafaret ifadə də var: “Onlar xalqın dərdlərini dilə gətirməlidir”.

Sanki bir yazıçı, şair oturub-durub xalqın sosial problemlərindən danışsa, yazsa, o problemlər avtomatik həll olacaq.

Xüsusilə tanınmış, şöhrətli yazıçı-şairlərə münasibətdə bu demaqoji uzun illərdir davam edir və sona çatana oxşamır.

Bir neçə gün öncə vəfat edən xalq yazıçısı Elçinə münasibətdə də sosial şəbəkələrdə belə paylaşımlar göründü. Yazıçının vaxtilə baş nazirin müavini olması, siyasi hakimiyyətdə təmsil olunması onun xalqdan ayrı düşməsi, “elitadan olması”, “xalqın problemlərinə biganə qalması” kimi təqdim edilirdi.

Özünün ədəbi şöhrət və uğur qazana bilməməsinin səbəbini Elçində və onun kimi üzdə olan başqa yazıçı-şairlərdə görənlərin müvafiq paylaşımlarından qəribə bir sinfi nifrət yağırdı. Yeniyetmə vaxtı “ən dürüst, ən vicdanlı insanlar” saydığımız yazı-pozu adamlarının əslində bu qədər xıltlı, paxıl, intriqan olmasını müşahidə etmək dözülməzdir.

Elçin yaxşı yazıçı olub, parlaq povestləri, sanballı romanları, maraqlı pyesləri və yaxşı film ssenariləri var. Ondan qalan izlər bunlardır. Bu yazıçının məmurluğunun tarixdə izi qalmayacaq. Bəlkə yaxşılıq (ya da pislik) etdiyi, yaxşı (ya da pis) münasibətlərdə olduğu adamlar yeri gələndə bunu dilə gətirələr, ya gətirməyələr.

Bir ədibə onun əsərlərinə görə qiymət verilməlidir. Son illərdə Molla Pənah Vaqifin vəzirliyi və şəxsi həyatı haqqında da bir çox incə məqamlar açıqlanıb, amma bu, onun qoşmalarının bədii dəyərini, estetik gözəlliyini azaltmır.

Hökmdarlardan ənam almağa gəlincə, böyük Nizami kənd və kəniz alıb, amma öz böyüklüyündə qalır. Füzuli ömrünün son illərini Sultan Süleymanın kəsdiyi təqaüdlə yaşayıb. Qasım bəy Zakir özü mülkədar olub. Mirzə Fətəli çar qulluğunda rütbə daşıyıb. Bu gün biz onların vaxtilə öz güzəranlarını necə keçindirdiklərinə uzağı bir cümlə yer verib, yazdıqları əsərlərə baxırıq. Gələcəkdə də elə olacaq. Elçinin, Anarın, Ramiz Rövşənin haradan maaş, təqaüd almaları ədəbiyyatda bir sətirlə də qalmayacaq. Qalan onların əsərləri olacaq.

Yazıçı, şairlərə bu sayaq “döyüşkən təbliğatçı” və “xalqın dərdlərinin tərcümanı” obrazında yanaşmaq vərdişi sovet dönəmindən qalıb. O zamanlar kommunist ideologiyası öz platformasında duran yaradıcı ziyalıları, necə lazımdır, təmin edirdi: əsərlərinə yüksək məbləğli qonorarlar verirdi, yaradıcılıq ezamiyyətlərinə, kurortlara, sanatoriyalara göndərirdi, mənzil, növbədənkənar avtomobil verirdi və s.

Ancaq sovet dövlətinin rəsmi kursu xaricdə yaşayan ədiblərə münasibətdə fərqliydi. O ədiblər öz ölkələrinin siyasəti ilə razı deyildilərsə, sol ideyalara meylli idilərsə, SSRİ-də öyülürdülər, kitabları tərcümə və çap edilirdi, qonaq çağrılırdılar və s. Onlardan sosializm quruculuğunu vəsft etmək umulmurdu, öz ölkələrinin, quruluşlarının eybəcərliklərini yazmaları kifayət idi.

Məsələn, sovet dövründə Türkiyənin şöhrətli satirik yazıçısı Əziz Nesin bütün SSRİ-də çox sevilirdi. O, öz xalqının “dərdlərinin tərcümanı”ydı, kapitalist dünyasını qamçılayan əsərlər yazırdı. Ə.Nesin ölkəsində ağır vəziyyətdə yaşayırdı, dolanışıq üçün hər cür qara işlərə baş vururdu, sovet dövləti bu faktı Türkiyəni “vurmaq” üçün istifadə edirdi. Nazim Hikmət və Səbahəddin Əlini sovet dövləti üçün sevimli edən təkcə fenomenal istedadları deyildi, əsasən siyasi mövqeləri, solçu baxışları idi. İstedada qalsa, Cəmal Sürəyya, Özdəmir Asaf, Mehmet Akif hamıdan istedadlı şair olublar, amma SSRİ-yə sərf edən platformada olmayıblar.

Ernest Heminqueyi, Jan Pol Sartrı, Pablo Nerudanı sovet ölkəsində məşhur edən də məhz siyasi baxışları idi. Onlardan daha istedadlı və şöhrətli olanlar isə sovet təbliğatçıları üçün “xırda burjua yazıçıları”ydı. Sovet dövlətində “düzü düz, əyrini əyri”, əsl həqiqəti yazanlar (Soljenitsın, Voynoviç, Gülhüseyn Hüseynoğlu, Dövlətov, Brodski, Amalrik və b.) isə təqib, həbs, sürgün olunurdular.

Bu şablon hələ də qalır və bizə də sirayət edib. Biz yazıçı şairlərimizdən həm vətənpərvərlik, həm də dissidentlik umuruq. Vətənpərvərlik edənləri dərhal qaralayır, hökumətə işləməkdə qınayırıq. Dissidentlik edənləri isə “hər şeyi qara görmək”də suçlayırıq. Bunun ikisini eyni vaxtda etmək isə riyakarlıq adlandırılır.
Söz yox, yazıçının vətəndaş mövqeyi olmalıdır, haqsızlığa susmamalıdır, ədalətsizlikdən yana olmamalıdır, dürüst, vicdanlı sözlər söyləməlidir, yalan danışmamalıdır və s. Amma bunu təkcə yazıçılar yox, hər kəs, bütün peşə sahibləri etməlidir. Yoxsa, mən qəssabam, satıcıyam, santexnikəm, taksi sürücüsüyəm, məmuram, mənə yalan danışmaq, başqalarına kələk gəlmək, can və iş qorxusuyla zor qarşısında susmaq olar, amma sən yazıçısan, jurnalistsən, sənin buna haqqın yoxdur. Belə standart ola bilməz.

Ancaq durum təxminən belədir. Sanki yaradıcı ziyalılar hamının əvəzindən mübarizə aparmalıdırlar, özlərini fəda etməlidirlər, hər möhnətə, məhrumiyyətə qatlaşmalıdırlar, başqaları isə kənarda dayanıb deməlidirlər: “Əhsən, kişi xalqın yolunda can qoyur”.

Bu cür xalq yolunda təkəm-seyrək şəkildə can qoymalarla bütöv bir ölkədə haqq-ədalət bərqərar oluna, güllük-gülüstanlıq bilməz. Olsa-olsa, özünə, ailəsinə problem yaradanların sayı 3-5 nəfər artıq olar.

Yaradıcı ziyalılara, xüsusilə də yazıçı və şairlərə sinfi, zümrəvi prizmadan yanaşmaq, onları hansısa siyasi platformada durmağa, siyasi bəyanatlar verməyə sövq etmək olmaz. Onları azad buraxmaq lazımdır. Azad sənətkarlar mütləq “düzü düz, əyrini əyri” yazacaq, deyəcəklər.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR