İnsanlara hürriyət, millətlərə istiqlal!

Repetitor hazırlıqlarına tələbat artdı - “Bəzi direktorlar müəllimlərdən faiz alır”

Yeni tədris ili başlamamış repetitor hazırlıqlarına ciddi tələbat müşahidə olunur. Şagirdlər valideynlərinin müşayiəti ilə fərdi hazırlıq dərslərinə yazılır, hazırlıq mərkəzlərində isə yerlər sürətlə dolur.

Təxmini hesablamalara görə, bir şagirdin yalnız bir fənn üzrə aylıq repetitor xərci 80 manat civarındadır. Əgər bu fənlərin sayı 5-6 arasında dəyişərsə, aylıq ümumi xərc 400-500 manat arasında dəyişir. Bu isə illik miqyasda bir ailə üçün minlərlə manatlıq xərc deməkdir. Bəzi hallarda repetitor dərslərini keçən müəllimlər elə həmin şagirdlərin məktəb müəllimləri olur.

Bəs bu qədər böyük maliyyə yükünə səbəb nədir? Niyə şagirdlər məktəbdə aldıqları təhsillə imtahanlara hazırlaşa bilmir?

Bu suallara təhsil üzrə ekspert Ramin Nurəliyev Musavat.com-a açıqlamasında aydınlıq gətirib.

RAMİN.jpg (72 KB)

Ekspert bildirib ki, repetitorluq qanuni fəaliyyətdir və əgər müəllim vergisini ödəyir, VÖEN açdıraraq fərdi sahibkar kimi fəaliyyət göstərirsə, bu zaman qanun pozuntusundan söhbət gedə bilməz:

“Bu praktikaya dünyanın bir çox ölkələrində, o cümlədən Türkiyədə də rast gəlinir”.

Ramin Nurəliyev təhsil proqramları ilə Dövlət İmtahan Mərkəzinin (DİM) sualları arasında ciddi uyğunsuzluğun olmadığını deyib. Onun sözlərinə görə, DİM-in imtahan sualları 5-11-ci siniflər üzrə proqramı əhatə edir.

“Lakin bu proqram siniflər üzrə parçalandığı üçün 10-cu sinifdə ali təhsil imtahanlarına hazırlaşan şagirdlər əvvəlki illərin mövzularını ya xatırlamır, ya da dərindən təkrar edə bilmirlər. Şagird 5-ci sinifdən 9-cu sinifədək keçilən fənləri 10 və 11-ci sinifdə yenidən öyrənməyə məcbur olur. Bu zaman vaxt azlığı və yük səbəbindən valideynlər övladlarını repetitor yanına aparırlar”, - deyə ekspert qeyd edib.

Təklif olaraq o, ali məktəblərə qəbul imtahanlarının mərhələlərə bölünməsini irəli sürüb:

“İmtahan sistemi ibtidai təhsil, orta ümumtəhsil və ali məktəbə hazırlıq mərhələləri üzrə təşkil olunsa, şagirdlər yalnız müvafiq proqram üzrə imtahan verərlər. Bu zaman əlavə hazırlıq zərurəti azalacaq”.

Ramin Nurəliyev bəzi hallarda məktəb müəllimlərinin şagirdləri məktəbdə hazırlıq üçün cəlb etdiyini bildirib. Onun sözlərinə görə, müəllim eyni zamanda həm məktəbdə, həm də repetitor kimi fəaliyyət göstərirsə və məktəbdə tədris planını yerinə yetirməyərək şagirdləri öz fərdi hazırlıqlarına yönəldirsə, bu, qanunsuzluqdur:

“Belə müəllimlər haqqında tədbir görülməli, onlar məktəbdən uzaqlaşdırılmalıdır. Təəssüf ki, bəzi məktəb direktorları bu prosesə göz yummaqla kifayətlənmir, hətta müəllimlərdən faiz alırlar. Bəzi hallarda məktəb otaqları müəllimlərə icarəyə verilir. Bu, artıq ciddi qanun pozuntusudur”.

Ekspert bildirib ki, müəllim yalnız əmək saatlarından kənarda və məktəbdən kənar mühitdə fərdi hazırlıqla məşğul ola bilər:

“Məktəbin inzibati binasında repetitorluq fəaliyyəti göstərmək qadağandır və həm direktor, həm də həmin müəllimlərə qarşı inzibati tədbirlər görülməlidir”.

Mənzər Novruzlu
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR