Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp avqustun 6-da axşam saatlarında Oval kabinetdən bəyanatla çıxış edəcək.
Musavat.com xəbər verir ki, Ağ Evin yaydığı rəsmi məlumata görə, Tramp avqustun 6-da yerli vaxtla saat 16:30-da (Bakı vaxtı ilə gecə saat 00:30-da) Oval kabinetdən xalqa müraciət edəcək.
Açıqlamanın əsas mövzusu ABŞ-ın Rusiyaya qarşı hazırladığı yeni sanksiyalar olacaq.
Prezidentin özü bu barədə öncədən xəbər verərək, yeni anti-Rusiya tədbirlərinin artıq gündəmdə olduğunu təsdiqləyib. Həmin gün Trampın Moskvaya göndərdiyi xüsusi nümayəndə Stiv Uitkoffun Rusiya rəsmiləri ilə danışıqlar aparacağı gözlənilir.
Qeyd edək ki, Donald Tramp hələ iyulun ortalarında Rusiya rəhbərliyinə 50 günlük ultimatum verib. ABŞ lideri bəyan edib ki, əgər Ukrayna münaqişəsinin həllində ciddi irəliləyiş baş verməzsə, Rusiya neft və qaz məhsullarını alan ölkələrə qarşı yüksək rüsumlar tətbiq ediləcək. Tramp bu rüsumların dəqiq faizini açıqlamasa da, onların 100% və ya 500% civarında ola biləcəyini istisna etməyib.
Sonradan ultimatumun müddəti 10 günə endirilib və geriyə sayım iyulun 29-da başlayıb. Bu müddət isə avqustun 8-də başa çatır.
“The New York Post” qəzetinin məlumatına görə, ABŞ administrasiyası yeni sanksiyalar tətbiq etməyi yeganə çıxış yolu kimi görmür. Ağ Evin bir nümayəndəsi bildirib ki, ABŞ rəhbərliyi razılığa gəlməkdə israrlıdır və Tramp üçün sanksiyalar yox, diplomatik həll yolu daha üstün variantdır.
Lakin “Financial Times” nəşrinin yazdığına görə, əgər Uitkoff Moskvadan “əliboş” qayıtsa, Tramp “çox qəzəblənəcək”. Məlumata əsasən, Vaşinqton “ilk addım” olaraq Rusiya ilə bağlı kölgə donanmasına qarşı əlavə tədbirləri nəzərdən keçirir.
Öz növbəsində Tramp hesab edir ki, yeni məhdudiyyətlər Rusiyaya ciddi təsir göstərməyə bilər: “Sanksiyalar olacaq, amma görünür, onlar bu tədbirlərdən kifayət qədər yaxşı yayınmağı bacarırlar”, – deyə prezident bildirib.
Rusiya tərəfi isə sanksiyaları qanunsuz adlandırır. Kremlin sözlərinə görə, Rusiya artıq bu cür təzyiqlərə qarşı müəyyən “immunitet” qazanıb və ultimatum dili Moskva üçün qəbuledilməzdir.
Musavat.com
06 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ