İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın müdafiə naziri Tiflisdə - silahlar Gürcüstanla daşınacaq?

Fikrət Yusifov: “Gürcülər unutmamalıdır ki, ermənilərin Gürcüstan torpaqlarının bir hissəsinə iddiaları var və məqam yetişən kimi onlar bu iddiaları hərəkətə gətirəcəklər”

Ermənistanın müdafiə naziri Suren Papikyan sentyabrın 1-də Gürcüstana səfərə gedib. Bu barədə erməni rəsmi qaynaqları məlumat yayıb. Lakin səfərin məqsədləri barədə heç nə deyilmir.

Məlumdur ki, illərdir Gürcüstanla Azərbaycan və Türkiyə arasında üçtərəfli, sıx hərbi əməkdaşlıq formatı var. Bu da ən əvvəl bölgə ilə bağlı ortaq maraqlardan irəli gəlir. Ermənistan isə daim bu maraqların ziddinə hərəkət edən, regionda fitnə mənbəyi olan və hələ də iki qonşusuna - Azərbaycan və Türkiyəyə konstitusion ərazi iddiası olan bir “izqoy” ölkə. O zaman İrəvanla Tiflisin hansı ortaq hərbi əməkdaşlığından söhbət gedə bilər?

Papikyan Tiflisə niyə gedib? Qərbdən aldığı və alacağı öldürücü silahları Gürcüstan ərazisindən daşımaq üçün razılıq əldə etməyəmi, yoxsa?

Fikrət Yusifov.jpeg (199 KB)

Fikrət Yusifov

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə ekspert Fikrət Yusifov bu səfərin gizlinlərindən danışdı: “Ermənistanın müdafiə naziri Suren Papikyanın rəhbərlik etdiyi nümayəndə heyətinin Gürcüstana rəsmi səfəri Gürcüstanın müdafiə naziri İrakli Çikovaninin dəvəti ilə baş tutub. Məlumat üçün bildirək ki, ötən ay müdafiə naziri İrakli Çikovaninin başçılıq etdiyi nümayəndə heyəti də Ermənistana rəsmi səfər etmişdi.

Erməni müdafiə nazirinin Gürcüstana Gürcüstan müdafiə nazirinin dəvəti ilə gəldiyi deyilsə də, əslində ortada erməni xislətinə xas olan bir manevr görünür. Erməni müdafiə naziri Tiflis səfərinin hansı məqsədlə edildiyini maskalamaq üçün öncə Gürcüstan müdafiə nazirini Ermənistana dəvət edir. Və bundan sonra Gürcüstan müdafiə nazirinin “dəvəti” ilə Gürcüstana səfər edir. Bununla da bir qədər sonra Gürcüstana səfərinin hər hansı bir şübhə doğurması ehtimalını azaltmağa çalışır. Buna hədəfdən yayındırmağın erməni variantı kimi baxmaq lazımdı. Yəni ermənilər hər kəsə demək istəyirlər ki, erməni müdafiə nazirinin Tiflisə səfəri onların təşəbbüsü ilə baş tutmayıb, onları Gürcüstan müdafiə naziri dəvət edib. Reallıq isə ortadadır - bu səfər erməni tərəfin təşəbbüsü ilə izləri azdırmaq üçün bir qədər fərqli gedişlərlə təşkil olunub.

Səfərin məqsədi, heç şübhəsiz, Qərbin hərbi yardımlarını Gürcüstan üzərindən Ermənistana maneəsiz daşımağı təmin etmək üçün razılıq əldə etməkdir. Gürcüstan tərəf bu məsələdə diqqətli olmalıdır. Çünki bölgədə Azərbaycan, Gürcüstan və Türkiyə hərbi əməkdaşlığı mövcuddur. Ermənistan terrorçu və bölgəni daim qarışdırıb gərginlikdə saxlamağa xidmət edən qondarma bir dövlətdir. Bunu bilməyən yoxdur. Gürcülər unutmamalıdır ki, ermənilərin Gürcüstan torpaqlarının bir hissəsinə iddiaları var və məqam yetişən kimi onlar bu iddiaları hərəkətə gətirəcəklər.

Biz dəfələrlə bu barədə yazmışıq, Ermənistan odla oynayır. Bunlar qaşınmayan yerdən qan çıxarmadan dayana bilmirlər. Heç kim hərbi əməliyyatların hər hansı bir formada yenidən başlamasını istəməz. Lakin görünən budur ki, nə qədər gec deyil ermənilərin başına güclü bir yumruq dəyməlidir. Bunu kimin nə vaxt etməli olacağını yaxın zaman göstərəcək. Ermənistan Qərbin hərbisini Cənubi Qafqaza daşımaqla bölgədə yeni gərginlik ocağı yaratmaq istəyir. Lakin fərqində deyil ki, bunu nə Azərbaycan, nə Türkiyə, nə İran, nə də Rusiya istəmir. Bu ölkələrin bir araya gələrək Ermənistana yerini anlatmaq zamanı yetişir..."

Səxavət Məmməd – Yeni Çağ Media

Səxavət Məmməd

Hərbi ekspert Səxavət Məmməd isə məsələni bu cür dəyərləndirdi: “Ermənistan hərbi baxımdan Rusiyadan qopmaq üçün ən müxtəlif addımlar atır. Zabitləri Almaniyada kurslara cəlb edilir, ABŞ ordusu Ermənistanın xüsusi təyinatlılarını, kəşfiyyat bölmələrini hazırlayır. Digər bölmələrlə isə Fransadan olan mütəxəssislər işləyir. Ermənistan rəsmi olaraq bəyan etdi ki, Rusiya ilə hərbi bağlılığı 10 faizə qədər endiriblər. Ermənistan 44 günlük müharibədən sonra silah alışını daha çox Qərbdən və Hindistandan almağa üstünlük verdi. Hindistandan alınan silahlar İran üzərindən Ermənistana daxil olur. Hindistanın İranda liman almasını da nəzərə alsaq, o silahların Ermənistana gəlməsi üçün marşrut problemi yoxdur. Qərbdən gələn silahlar isə ya Gürcüstan üzərindən gəlməlidir, ya hava yolu ilə, ya da uzaq məsafəni qət edərək, yenə İrana gələrək oradan Ermənistana daxil olmalıdır. Fransa istehsalı olan "Bastion" zirehli maşınlar Gürcüstan üzərindən Ermənistana çatdırıldı. Ehtimal olunur ki, “Sezar” haubitsaları da Gürcüstan üzərindən Ermənistana daşınacaq. Ümumiyyətlə, silah anlaşmalarında transport öncədən razılaşdırılır və müqaviləyə daxil edilir. Əgər o silahlar Gürcüstan üzərindən daşınacaqsa, demək ki, Ermənistanla Gürcüstan bu məsələni razılaşdırmalıdır. Hesab edirəm ki, Ermənistan müdafiə nazirinin Gürcüstana səfəri təkcə bununla bağlı deyil. Regionda onsuz da gərginlik var. Ehtimal ki, sentyabrın ortalarından sonra gərginlik bir qədər də artacaq. Gürcüstanda keçiriləcək parlament seçkiləri, orada gözlənilən qarşıdurma, bundan əlavə Ermənistanda da analoji halın yaşanacağı ehtimal edilir. Belə olan təqdirdə Ermənistan tərəfi Gürcüstanla təhlükəsizlik və regionda gözlənənləri müzakirə edə bilərlər. Açığı silahların transport məsələsini hər zaman araçı şirkətlərə tapşırırlar, ona görə də Ermənistan müdafiə nazirinin Gürcüstana getməsi silahların daşınmasından daha çox regionda gözlənən qarışıqlıqla bağlıdır. Ümumiyyətlə, Ermənistan tərəfi iddia edir ki, Azərbaycanla toqquşma ehtimalı baş tuta bilər. Regionda ola biləcək müharibədə Gürcüstanın sərgiləyəcəyi mövqe də çox önəmli olacaq".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR