İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın Avropada yeni “dayısı” - bu dəfə dişsiz İspaniya...

Bu ölkənin senatoru Azərbaycanı son sərhəd münaqişələrinə görə “təcavüzkar” adlandırıb və hökumətə sorğu göndərib, ispan mediası da Bakını ittiham edir

İspaniyanın Qarabağ məsələsində tutduğu mövqe hələ işğal illərində məlum idi. Məsələn, İspaniyanın etnik Bask vilayətinin parlamenti qondarma “dqr”in “öz müqəddəratını təyinetmə haqqını dəstəkləyən” “qanun layihəsi” kimi mənasız bir sənəd qəbul etmişdi.

Həmçinin İspaniyanın tanınmış opera müğənnisi Monserrat Kabalye işğaldakı Qarabağa icazəsiz səfər etdiyi üçün Azərbaycanda “arzuolunmaz şəxslər”in siyahısına daxil edilmişdi. Bu da başadüşüləndir, çünki İspaniya və Ermənistan arasında münasibətlərin tarixi sonuncuların Avropa ölkəsinə köçürülməsi ilə başlayıb. İspaniyada təxminən 40.000 erməni və onların nəsilləri yaşayır. Hərçənd 1915-ci ildəki hadisələr zamanı ermənilərin əksəriyyəti İspaniyaya deyil, Fransaya, ya da ispandilli Argentina və Uruqvaya üz tutmuşdular. Ermənistanda isə İspaniyanın səfiri olsa da, maraqlıdır ki, diplomatik korpus  Moskvada yerləşir. Sentyabrın 23-də Markos Qomes Martines yeni etimadnaməsini təqdim etmək üçün İrəvanda olub, qondarma  soyqırım abidəsini ziyarət edib.

44 günlük müharibədən dərhal sonra isə İspaniya Konqresi deputat Con İnyarritunun təklifi əsasında “Dağlıq Qarabağ”a humanitar yardım göndərilməsi və Azərbaycana silah satışının dayandırılması ilə bağlı qərar vermişdi. Con İnyarritu separatçı “dqr”ə səfər edib və qatı ermənipərəstliyi ilə seçilir. “Yeni Müsavat” bütün bunların davamı olaraq bildirir ki, sentyabrın 20-də ispan senator Karles Mulet Qarsiya “Azərbaycanın Ermənistanın ərazi bütövlüyünə qarşı törətdiyi hərbi təcavüz”lə bağlı İspaniya hökumətinə yazılı sorğu göndərib. Azərbaycanı Ermənistanın “suveren ərazisinə qarşı törətdiyi hərbi təcavüzdə” suçlayıb. Bu ölkədə nəşr olunan “El Pais” nəşri isə yazır ki, “Bakı Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazilərinə hücum edib”. Saxta video üzərindən Azərbaycana qarşı təbliğata qoşulan ispan mediası yazır ki, sərhəddə sentyabrda baş vermiş qarşıdurmada eskalasiyası zamanı Ermənistan KTMT-dən yardım istəyib, lakin sonuncu müdaxilə etmək istəməyib. “El Pais” Bakının Türkiyədən güclü dəstək aldığını da vurğulayır.

Qeyd edək ki, bu ayın əvvəlində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İspaniya Krallığına rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər, Avropa İttifaqı və əməkdaşlıq naziri Xose Manuel Albares Bueno ilə görüşmüşdü. Nazir Xose Manuel Albares Bueno İspaniya şirkətlərinin Azərbaycana sərmayə qoymaqda maraqlı olduqlarını, turizm, ticarət və iqtisadiyyat sahələrində əməkdaşlıq üçün geniş perspektivlərin mövcudluğunu vurğulamışdı. Görüş çərçivəsində nazirlər tərəfindən ADA Universiteti və İspaniya Krallığının Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyinin Diplomatik Məktəbi arasında memorandum imzalanıb. Bu sənədin ölkələrimizin diplomatik akademiyaları arasında münasibətlərin inkişafına, təhsil sahəsində mübadilələrin artmasına töhfə verəcəyinə əminlik ifadə olunmuşdu. Bəs belə olan halda İspaniyanın ermənilərə dəstəyinin səbəbi nədir? 2017-ci ildə Kataloniyada separatçıların keçirdikləri referendumu tanımayan İspaniya Krallığında niyə erməni separatçılarına dəstək verilir?

Bəxtiyar Sadıqov: Azərbaycana gəlmək istəyən hər kəs ölkə qanunlarına əməl  etməlidir

Bəxtiyar Sadıqov

Deputat Bəxtiyar Sadıqov “Yeni Müsavat”a bildirdi ki, 30 il ərzində BMT Təhlükəsizlik Şurasının qətnamələri icra olunmadı, Azərbaycan gördü baş qatırlar, Paşinyan “Qarabağ Ermənistandır və nöqtə” deyir, biz də müharibə yolu ilə düşmənin başını əzdik, torpaqları işğaldan azad etdik: “Bundan sonra müharibə bir çox dövlətlərin simasını açdı. Bu gün gördüklərimiz postmüharibə dövründə həmin ölkələrin Azərbaycana münasibətinin göstəricisidir. Onların sözündən belə çıxır ki, niyə erməniləri işğal etdikləri torpaqlardan çıxarmısınız, niyə öz yurd-yuvanızı azad etmisiniz... Yəni birincisi, dünyanın ikili standartlarla olan yanaşmasıdır. Digər səbəb isə erməni diasporudur. Amerikada, Avropada "Böyük Ermənistan" hədəfi ilə fəaliyyət göstərən diasporlar mövcuddur. Onların fəhləsindən nazirinə qədər bu ideya üçün pul xərcləyir. Nəticədə diaspor pullarından bəhrələnənlər olur. Bu gün müxtəlif siyasətçilər, konqresmenlər o pullarla qidalanır. Misal üçün, Nensi Pelosinin səfəri 120 milyon etdi. Ona görə nə qədər diaspor var, xarici senatorlar, konqresmenlər bundan qazanacaqlar. Çünki həmişə ələ alınmış siyasətçilər olacaq. İndi eynisini İspaniyada görməkdəyik. Onlar da aldığı pulu doğrultmaq üçün zaman-zaman Azərbaycan əleyhinə iş qaldırırlar".

Erməni xalqı Azərbaycanla qonşu olmaq istəyir - Xəyal Bəşirov - VİDEO

Xəyal Bəşirov

Siyasi ekspert Xəyal Bəşirov bildirdi ki, İspaniyada da Kataloniya müstəqillik istəyir, hətta referendum keçirilib, Karlo Puşdemon rəhbər də seçilib, amma təqib altındadır: “İtaliyada hansısa adada mühacir həyatı yaşayır. Bu məsələdə Azərbaycanın mövqeyi birmənalı olub. Biz BMT Nizamnaməsinə əsaslanaraq dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşmışıq. Ancaq "xalqların öz müqəddəratını həlletmə" maddəsini istəyəndə istifadə edirlər, lazım olmayanda qarşısını alırlar. Azərbaycan xalqı öz müqəddəratını müəyyən etməlidir ki, sonra Qarabağdakı 20-25 min erməninin fikri öyrənilsin. Azərbaycanın Kataloniya məsələsində də mövqeyi dəyişməzdir. Sadəcə, İspaniyada hansısa senatorun belə sorğu göndərməsi ermənipərəst dairələrin olduğunu göstərir. O zaman bir sorğu da göndərsin ki, Kataloniyadakı referendumun taleyi necə oldu?! Başqa ölkələrə göstərdikləri münasibəti özlərinə də nümayiş etdirsinlər. Fransa illərdir ki, Yeni Kaledoniyanı o şəkildə sıxışdırır. O zaman özlərinə rəva bilmədiklərini Azərbaycana çatanda irəli sürməsinlər". X.Bəşirov qeyd etdi ki, erməni diasporundan aldıqları pulların əvəzini ödəmək üçün ədalətsiz mövqedən çıxış edən bu cür senatorlar heç nəyə nail ola bilməzlər: “Azərbaycan haqq savaşını davam etdirir. Biz Ermənistan ərazisinə daxil olmamışıq, çünki sərhədlər müəyyən olunmayıb. O zaman necə deyə bilərsiniz ki, Ordumuz ermənilərə məxsus əraziyə girib? Sadəcə, İspaniyada oturub xəritəsini bilmədikləri ərazilər haqda danışan bu cür deputatların məqsədi ermənilərə xidmət göstərmək, pul qazanmaqdır”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR