Onlayn ictimai-siyasi qəzet
Yaxşı bir deyim var: “Düşmənlərin sayını artıran diplomatiya yaxşı diplomatiya deyil”. Ancaq ondan da betəri, bizcə, hamıya yarımçıq dost olmaqdır. Niyə?
Çünki səmimiyyət testi diktə edir ki, kəşfiyyat xaric, gərək hər sahədə ya olduğun kimi görünəsən, ya da göründüyün kimi olasan. Əks halda, dost bildiyin tərəfin səni rəqib sayıb da sənə güvənməməyə tam haqqı çatacaq. “50 faizlik hamiləlik” olmur. O ya var, ya da yoxdur. İndi cırtdan və “izqoy” Ermənistan da.
Kapitulyant ölkə 4 qonşusundan ikisi ilə, həm də necə mühüm iki qonşu ilə indiyədək düşmən vəziyyətdədir. Bakı və Ankaranın ona uzatdığı barışıq əli 3 ildir havadan asılı qalıb. Sülhə, əməkdaşlığa, izolyasiyadan çıxmağa ən çox özünün ehtiyacı ola-ola.
Əlbəttə ki, sonsuzadək belə olmayacaq. Çünki dünyada hər şeyin bir axırı gəlir. Nəyi gözləyirlər, nəyə ümid bəsləyirlər, yadplanetlilərəmi, bilinmir...
Dünən Prezident İlham Əliyev Xocalıda bir daha net şəkildə bildirdi ki, sülh üçün Ermənistan Azərbaycanın şərtlərini qəbul etməli və ərazi bütövlüyümüzü qeyd-şərtsiz tanımalıdır. Bu, ultimatum-zad deyil, bizim təbii, ana südü kimi halal haqqımızdır.
Ona görə ki, söhbət sadəcə, beynəlxalq hüququn təməl prinsiplərinə (5 məlum prinsipə) əsaslanan ikitərəfli müqavilənin imzalanmasından gedir. Ancaq ondan öncə İrəvan özünün “barıt qoxulu”, təxribatçı konstitusiyasını, digər normativ-hüquqi aktları qaydaya salmalı, iki qardaş ölkəyə qarşı torpaq iddilarından rəsmən imtina etməlidir.
Görəsən burda qeydi-adi, ultimativ nəsə varmı? Xeyr.
Diqqərçəkicidir ki, dünən Türkiyədən də eyni məzmunlu açıqlama gəldi ki, əgər Ermənistan həqiqətən də kommunikasiyaların nəhayət, açılmasını, blokadadan çıxmağı arzu edirsə, əvvəlcə Azərbaycanla anlaşmalıdır. Öncə Azərbaycan...
Əfsus ki, guya “mötədil” hesab edilən Paşinyan hökuməti də öz xalqını bataqlıqdan çıxarmaq, qonşularla dinc-yanaşı inkişaf kursuna üz tutmaq əvəzinə, boşboğazlıqla məşğuldur, Ermənistana üç ildir təzə ağa axtarır, Qərblə Rusiya arasında təhlükəli oyunlar oynayır, yoxsul əhalisini qarnını doydurmaq yerinə Qafqazın “kor bağırsağı” olan ölkəsini bazarlığa çıxarıb, onu yeni və bahalı hücum silahları ilə doldurmağa can atır.
Hədəf isə az qala uşağa da bəlli: Bakı və Ankara ilə sülh anlaşmalarını yaxınlaşdırmaq yox, revanşa hazırlaşmaq. Müxtəsəri budur ki, nəinki havadarları, İrəvanın özü də sülhdə səmimi şəkildə maraqlı deyil və faktiki vaxt udmaqla məşğuldur.
Niyyətin hara, mənzilin də ora. Məgər qonşularla barışıq istəyən tərəf də məhz Azərbaycanı törətmədiyi cinayətlərdə suçlamaq üçün Beynəlxalq Cinayətlər Məhkəməsinə qoşular? Bizə qarşı iyrənc təbliğat savaşını, şər-böhtan və qarayaxma kampaniyasını getdikcə gücləndirər? Bunun harası sülh ritorikası oldu?..
Politoloq Sahib Məmmədov da bu məqamda haqlıdır deyəndə ki, Ermənistan neçə vaxtdır Rusiyaya sürəkli demarşlar etməklə sanki özünü auksiona çıxarıb, “kim daha çox kömək etsə, ona satılacağam” mesajını verir, Ermənistanın qeyri-stabil davranışları davam etdikcə “müştərilər”in də sayı çoxalır...
Onun-bunun qucağına atılmağın aqibəti isə yaxşı olmayacaq. Tarixin acı dərsi var. Erməni xalqına isə qonşulara qarşı yenə ondan maşa kimi istifadə edəcək uzaq “müştərilər” yox, təkrar edirik, təcili şəkildə qonşularla anlaşmaq gərəkdir. Əbəs yerə deməyiblər: “Yaxın qonşu uzaq qohumdan yaxşıdır”.
Seçim özlərinin. Ancaq Ermənistan hər halda yenə ona kiminsə sahiblənməsini istəyirsə, ağasız qala bilmirsə, onda ən yaxşı, ən ədalətli, ən etibarlı “müştərilər” böyründə - Azərbaycan və Türkiyə.
Hələ ki, “vitrin”də Paşinyandır. Sabah başqa bir “...yan” olacaq. Amma “qiymət” dəyişməyəcək. Zira, qaradan artıq boyaq olmaz...
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ