İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda siyasi repressiyalar və Qərbsayağı İKİÜZLÜLÜK

Ermənistanda insan hüquqlarının kobud şəkildə pozulması artıq sistematik xarakter alıb. Ölkənin siyasi elitasında, iş dünyasında və dini institutlarında fərqli düşünənlərə qarşı həyata keçirilən hədəfli repressiyalar Paşinyan hakimiyyətinin avtoritar mahiyyətini bir daha göstərir. Son olaraq Rusiyanın “Taşir” şirkətlər qrupunun rəhbəri, tanınmış erməni əsilli milyarder Samvel Karapetyanın həbsi Ermənistanın bu gün hansı siyasi trayektoriyada hərəkət etdiyini göstərmək baxımından mühüm siqnaldır.

Karapetyana qarşı Ermənistan Cinayət Məcəlləsinin 422-ci maddəsinin 2-ci bəndi üzrə – hakimiyyətin ələ keçirilməsinə, ərazi bütövlüyünün pozulmasına, suverenlikdən imtinaya və konstitusiya quruluşunun zorakı yollarla dəyişdirilməsinə açıq çağırışda ittiham irəli sürülüb. İrəvan Birinci İnstansiya Məhkəməsi rusiyalı iş adamının iki aylıq həbsi barədə qərar çıxarıb.

SAMVEL.jpg (65 KB)

Samvel Karapetyanın həbsi sıradan bir cinayət işi deyil. Paşinyan hakimiyyəti üçün bu həbsin çox qatlı siyasi mənaları var. Əvvəla, Karapetyan təkcə milyarder iş adamı deyil, o, Rusiya ilə sıx əlaqələri olan, erməni diasporu üzərində təsir imkanlarına malik bir fiqurdur. Onun “Taşir” holdinqi təkcə Rusiyada deyil, Ermənistanda da mühüm enerji, infrastruktur və tikinti layihələrinə rəhbərlik edib. Belə bir şəxsə qarşı qaldırılan cinayət işi, əslində, Paşinyanın həm daxildə güc nümayişi cəhdi, həm də Moskva ilə əlaqəli dairələrə bir mesajıdır: Ermənistanın gələcəyi yalnız onun kursu ilə müəyyən olunacaq, fərqli oyunçulara yer yoxdur.

Reallıq budur ki, Ermənistanda artıq istintaq orqanları və məhkəmələr siyasi vasitəyə çevrilib. Hər hansı bir nüfuzlu şəxsin, xüsusilə də Paşinyanın kursuna uyğun gəlməyən fərdlərin həbs olunması üçün hüquqi əsaslara ehtiyac qalmayıb. Yetər ki, siyasi zərurət yaransın.

Bütün bu hadisələr fonunda Ermənistanın dini mərkəzi olan Eçmiədzinlə hökumət arasında yaranmış gərginlik isə ölkədəki böhranın sadəcə siyasi deyil, həm də ideoloji xarakter aldığını sübut edir. Paşinyan hökuməti açıq şəkildə kilsəni sıxışdırmağa, onun ictimai təsir imkanlarını məhdudlaşdırmağa yönəlmiş siyasət həyata keçirir. Dini liderlərin nüfuzdan salınması, kilsəyə bağlı strukturların maliyyə təftişlərinə məruz qalması, onların fəaliyyətinə süni əngəllər yaradılması dini azadlıqların açıq şəkildə pozulması anlamına gəlir.

MEDZİN.jpeg (177 KB)

Ermənistandakı bu repressiv atmosfer, siyasi və dini azadlıqların məhdudlaşdırılması, qanunun deyil, şəxsi iradənin hökm sürdüyü bir rejim görüntüsü formalaşdırır. Lakin bu proseslər nə beynəlxalq mediada, nə də Qərbin nüfuzlu institutlarında ciddi əks-səda doğurmur. Avropa Şurası, Avropa Parlamenti, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (ODIHR), Freedom House, Human Rights Watch və Amnesty International kimi qurumlar Ermənistandakı bu biabırçı hallara qarşı demək olar ki, tam səssizlik nümayiş etdirir.

Bu susqunluq təəccüblü deyil. Çünki eyni qurumlar Azərbaycanda ən kiçik hüquqi və ya inzibati hadisəni belə siyasi proses kimi təqdim etməyə çalışır. Məsələn, Azərbaycanda hansısa vətəndaşın inzibati qaydada cərimələnməsi belə beynəlxalq hesabatlarda “təzyiq” kimi təqdim olunur. Siyasi fiqurların korrupsiya və ya digər qanun pozuntularına görə istintaqa cəlb olunması dərhal “siyasi motivli həbslər” kimi dəyərləndirilir. Hər il “Freedom House” Azərbaycanı “azad olmayan ölkə” kimi təqdim edir, “Human Rights Watch” və “Amnesty International” isə Azərbaycandakı hüquq müdafiəçilərinin guya “təqib edildiyini” bildirir.

AMNES.jpg (129 KB)

Bu ikili yanaşma əslində Qərb institutlarının obyektivlik iddialarına kölgə salır. Əgər insan hüquqları, azad seçki və fikir plüralizmi universal dəyərlərdirsə, bu prinsiplərin Ermənistandakı pozuntularına da eyni prinsipiallıqla yanaşmaq lazımdır. Lakin Ermənistan Qərbin geosiyasi müttəfiqi və ya Rusiya ilə balans axtaran oyunçu kimi qəbul olunduğuna görə onun daxilində baş verən repressiyalar səssizliklə qarşılanır. Hətta Ermənistan hökuməti AŞPA tribunasında çıxış edərkən, ölkədə söz azadlığı və demokratiya olduğunu iddia etməyə cəsarət edir və bu saxta ritorika çox zaman etirazsız qarşılanır.

Azərbaycanda isə istər daxili siyasətdə, istərsə də regionda sülh təşəbbüsləri baxımından atılan hər bir addım ya təhrif olunur, ya da bilərəkdən görməməzlikdən gəlir. Məsələn, Azərbaycanın Qarabağda suverenliyini bərpa etməsi, orada qanunsuz silahlı birləşmələri zərərsizləşdirməsi “etnik təmizləmə” kimi qələmə verildi. Halbuki, həmin ərazilərdə hüquqi rejimin bərpa olunması və konstitusiya orqanlarının fəaliyyətinin təşkil olunması Azərbaycanın daxili işi idi. Bunu gözdən salmaq cəhdləri isə yalnız Ermənistanı açıq-aşkar müdafiə edən dairələrin fəaliyyətindən qaynaqlanır.

Ermənistanda isə faktiki olaraq siyasi təqiblər həyata keçirilir. Bunu təkcə Karapetyan həbsi deyil, həm də yüzlərlə vətəndaş cəmiyyətinə yaxın şəxsin susdurulması, media üzərində basqılar, polis zorakılığı və məhkəmə qərarlarının siyasi iradə ilə uyğunlaşdırılması göstərir. Amma buna baxmayaraq, AŞPA-da Ermənistanla bağlı qətnamə layihələri demək olar ki, gündəmə gəlmir.

Qarşı tərəf bu münasibətləri normal saymağa çalışsa da, Azərbaycan üçün bu, açıq-aşkar təzyiq siyasətidir. Ona görə də rəsmi Bakı artıq təkcə öz haqlı mövqeyini müdafiə etməklə kifayətlənmir, eyni zamanda beynəlxalq təşkilatlarda ikili standartlara qarşı aktiv cavab verir. Azərbaycan nümayəndə heyətləri bu qurumların sessiyalarında Ermənistanın insan hüquqlarını pozduğuna dair konkret faktlar təqdim edir, statistik göstəricilər, hüquqi sənədlər və açıq mənbələr vasitəsilə riyakarlığı ifşa edir. Bu, adekvat və zəruri cavabdır.

ARMAN.jpg (233 KB)

Beləliklə, Ermənistanın daxili siyasi repressiyaları və dini institutlara qarşı təzyiqləri faktiki olaraq insan hüquqlarının sistemli şəkildə pozulması deməkdir. Bu proseslərə beynəlxalq səviyyədə biganə münasibət göstərilməsi isə həmin institutların obyektivliyinə və ədalətə sadiqliyinə dərin şübhələr doğurur. Qərbin bu ikili standart siyasətinə qarşı Azərbaycanın göstərdiyi adekvat reaksiya həm haqlıdır, həm də gələcəkdə regional münasibətlərin daha sağlam əsasda formalaşmasına xidmət edir. Əgər beynəlxalq hüquq hamı üçün keçərlidirsə, Ermənistandakı hüquq pozuntularına da eyni prinsiplərlə yanaşılmalıdır. Əks halda, bu qurumların legitimliyi sual altına düşür və onların regiondakı rolu daha da zəifləyir.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR