İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan Türkiyə ilə yaxınlaşır - Ankara İrəvanı təriflədi, lakin...

 

 

 

 

 

 

 

 

Ermənistanla münasibətlərin normallaşması prosesində bəllidir ki, Azərbaycan və Türkiyə paralel addımlayır, bütün məsələlər uzlaşdırılır, birgə həyata keçirilir. Odur ki, Ermənistan Türkiyə ilə münasibətləri nizama salmaq üçün Azərbaycanın da şərtlərinə əməl etməlidir.

“Yeni Müsavat” bildirir ki, bu baxımdan Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalının verdiyi açıqlama diqqət çəkir. İ.Kalın oktyabrın 18-də deyib ki, Ermənistanla münasibətlərin normallaşması prosesində müsbət irəliləyiş var. O, Ermənistanla yeni addımların atılacağına inandığını qeyd edib. Eyni zamanda Ərdoğanın sözçüsü vurğulayıb ki, Ermənistan hakimiyyəti təqdirəlayiq addımlar atıb. Kalın Türkiyə və Ermənistan liderlərinin telefon danışığı apardıqlarını, daha sonra Praqada birəbir görüşdüklərini xatırladıb.

Ümumiyyətlə, Türkiyə sülh gündəliyində iştirak edir və bu səbəbdən İbrahim Kalının açıqlaması olduqca maraqlıdır. Həm də prosesin daha bir maraqlı cəhəti odur ki, məhz prezident Ərdoğanın israrlı təşəbbüsü ilə Türkiyə-Ermənistan danışıqları və liderlərin təmasları artıq üçüncü ölkədə deyil, İrəvanda və Ankarada keçiriləcək. Üstəlik, ortalıqda hər hansı vasitəçi olmadan. Bu detal münasibətlərdə ciddi bir inkişafın və etimad mühitinin yaranması anlamına gələ bilər. Bəs Ermənistanın təqdirəlayiq addımları hansılardır?

Ankara Universitetinin professoru Toğrul İsmayılın “Yeni Müsavat”a bildirdiyinə görə, bu gün Ankara və İrəvandan verilən bəyanatlar diplomatik üslubda səslənən açıqlamalardır. Onun fikrincə, Ermənistanın Azərbaycana münasibətində hər hansı neqativ addımı olacaqsa, dərhal Ankara-İrəvan əlaqələrinə təsir edəcək. “Bu münasibətlər əsas etibarı ilə Azərbaycan-Ermənistan normallaşmasından asılıdır. Türkiyə açıq dilə gətirir ki, Azərbaycanla məsələ həll olunmasa, Ankara İrəvanla normallaşmaya getməyəcək. Hətta Ermənistan Türkiyənin bütün şərtlərini qəbul etsə belə, hər şey Bakı-İrəvan əlaqələrinin gedişindən asılı olacaq”.

T.İsmayıl hesab edir ki, Ermənistana olan beynəlxalq dəstək köstək qazanmaqdadır: “Fransa və digərləri işin gedişinə zərər vuran siyasət yürüdür. Ermənistan Qarabağdan bütün silahlıları çıxaracaqsa, dayanıqlı sülh müqaviləsi bağlanacaqsa, ərazi bütövlüyümüzü tanıyacaqsa, bəhanələr gətirməyəcəksə, o zaman Türkiyə ilə də proseslər normal axarında gedə bilər. Amma faktiki Makronun açıqlamaları zərərli çıxışlardır. Bu, prosesi ləngitməyə hesablanıb. Bu da Azərbaycandan daha çox Rusiyaya hesablanmış addımdır”.

Toğrul İsmayıl: “İdlibdə atəşkəs müvəqqətidir”

Toğrul İsmayıl: “Ermənistan Türkiyənin bütün şərtlərini qəbul etsə belə, hər şey Bakı-İrəvan əlaqələrindən asılı olacaq”

“Necə bir sülh sazişi təsəvvür edirsiniz, Ermənistan bütün Qarabağ daxil olmaqla ərazi bütövlüyümüzü tanıyacaqmı” sualına cavabında T.İsmayıl hesab edir ki, “Dağlıq Qarabağ” ermənilərin ortaya atdığı oyuncaq qurumdur, belə bir anlayış yoxdur: “25-30 min erməni üçün dövlət qurula bilməz. Dünyanın heç yerində belə nümunə yoxdur. Onda harada erməni yaşayırsa, onlara dövlət qurulmalıdır. Sülh anlaşmaları necə olur, bunu Azərbaycan qarşı tərəfə göndərə bilər. Sadəcə, yalandan kağıza imza atmaqla sülh olmur. Misal üçün, Rusiya 1999-cu ildə Krımı Ukrayna torpağı kimi tanımışdı, 2014-də fürsət bilib işğal və ilhaq etdi. İndi Ermənistan da Azərbaycanın ərazi bütövlüyünü, sərhədlərini tanımalıdır. Ona görə İrəvanın xeyrinə yalnız bu olar ki, sərhədlər müəyyənləşməlidir. Bütün bu sadalanan məsələlər həllini tapmadan Ankara-İrəvan münasibətlərinin normallaşması çətin olacaq”.

Abdullah Ağar: PKK bu dövləti məhv edir!

Abdulla Ağar: “Ermənistanla münasibətlərin qurulmasına Qərb-Rusiya mübarizəsi kontekstində baxmaq lazımdır”

Türkiyədən olan təhlükəsizlik eksperti Abdulla Ağarın “Yeni Müsavat”a dediyinə görə, Ermənistanla münasibətlərin qurulmasına Qərb-Rusiya mübarizəsi kontekstində baxmaq lazımdır. Onun fikrincə, Türkiyə-Ermənistan normallaşma prosesi bu hadisələrdən təsirlənir. “Faktiki olaraq, Avropa Birliyi və ABŞ Qafqazda söz sahibi olmaq istəyir, bunun üçün Rusiyanı sıxışdırmağa çalışırlar. Praqada bu yöndə effektli görüşlər oldu. Qərb Rusiyanın təsir dairələrinə nüfuz etməkdədir və onun boşluq buraxdığı yerlərə daxil olmağa güc sərf etməkdədir. İşin içində Fransa və Avropa Birliyi var. Ona görə mövzu Azərbaycan və Ermənistan deyil, İrəvan üzərindən Rusiya və Qərb arasında mübarizənin getməsidir. Ukrayna savaşı bu mübarizəni Qafqaza transformasiya etdi. Bu mənada Bakı-İrəvan, Ankara-İrəvan əlaqələrinin gedişi məhz Qərb-Rusiya toqquşması nəticəsində təsirlənir”. Türk politoloq hesab edir ki, müharibəni uduzan Ermənistandır, özü də Rusiyadan asılı bir ölkədir və bu məsələni Türkiyə və Azərbaycanla dəyərləndirə bilərik: “Avropada düşünürlər ki, bu ərazidən Rusiyaya bir yumruq ata bilərikmi? Məsələnin görünməyən tərəfləri bax, bundan ibarətdir. Rusiyanın təsiri olan ərazilərdə onun boşluqlarını doldurmağa çalışırlar. Bu mənada Türkiyə-Ermənistan normallaşma prosesi bu hadisələrdən təsirlənir”.

 

Oxu.az - Ramiyə Məmmədova: “Ermənilər Türkiyədə pul qazanır, amma  Ermənistanda türk görmək istəmirlər”

Ramiyə Məmmədova: “Ankara hər addımında Bakını nəzərə alaraq danışıqlar aparır”

Siyasi şərhçi Ramiyə Məmmədova isə hesab edir ki, Ermənistan qardaş ölkəyə qarşı iddialarından əl çəkməlidir: “Ermənistan qondarma soyqırımı məsələsini gündəlikdən çıxarmalıdır, müstəqillik bəyannaməsinə dəyişiklik etməlidir. Bunun üçün referenduma getməli olacaq, amma Paşinyan indi riskli addımlar ata bilməz. Bunu Ankara da başa düşür və Ermənistan iqtidarının qarşısında bu cür tələblər qoymur. Çünki prosesi tündləşdirə və ağır rəng qata bilər. Hazırda təmaslar var, ikitərəfli danışıqlar aparılır, Türkiyə-Ermənistan danışıqlarında vasitəçi kimi üçüncü tərəf yoxdur, hətta qarşıdakı futbol oyununda Ərdoğan-Paşinyan görüşü istisna edilmir, bu mənada pozitiv irəliləyiş müşahidə olunur. Amma Azərbaycansız bu təmaslar yoxdur, Ankara hər addımında Bakını nəzərə alaraq danışıqlar aparır. Müsbət cəhət odur ki, Paşinyan Türkiyəyə münasibətdə həqiqətən də danışıqları pozacaq mövqe ortaya qoymayıb. Praqa görüşündə də Ermənistan lideri özünü yaxşı apardı. Qərb də maraqlıdır ki, Türkiyə ilə Ermənistan əlaqələri qurulsun. İrəvan da bunu başa düşür, sadəcə, cəmiyyəti buna hazır etməlidir”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR