Onlayn ictimai-siyasi qəzet
44 günlük müharibədə işğalçı kimi layiqli cəzasını alan Ermənistan hələ də başına gələnlərdən dərs almayıb. Yoxsa Azərbaycan və Türkiyə ilə çoxdan barışar, xarici güclərin əlində təzədən “maşa” olmaq niyyətindən əl çəkərdi. Kasıb əhalisinin boğazından kəsib yeni ordu quruculuğuna rekord həcmdə (1.5 milyard ABŞ dolları və ya ÜDM-nin 6%-!) pul ayırmazdı. Bakıdan və Ankaradan, Moskvadan və Tehrandan, Parisdən və Vaşinqtondan gələn mesajları baş-ayaq yox, düzgün oxuyardı...
“Bu gün İran sabitdir, güclüdür. O, Ermənistan üçün təhlükəsizliyin təminatçısıdır”.
Rusiyalı siyasi şərhçi, televiziya və radio aparıcısı Abbas Cuma bunu erməni mediasına açıqlamasında deyib (Axar.az).
Cuma həmçinin bildirib: “Gəlin hər şeyi öz adı ilə adlandıraq. İranın mövqeyi olmasaydı, Zəngəzur dəhlizi artıq açılmışdı. Qeyri-sabit, dağılmış, hücuma məruz qalan İran (ABŞ-ın hücum edəcəyi təqdirdə - red.) Bakı və Ankaraya müəyyən imkanlar pəncərəsi açır. Fikrimcə, onlar bu imkandan istifadə edəcək”.
Ərəb-rus mənşəli Abbas Cuma əlbəttə ki, “rəngləri” tündləşdirir, İranın Ermənistan üçün önəmini qəsdən şişirdir. Təbii ki, bununla həm də Türkdən “xoxan” düzəltmək niyyəti güdür. Maniakal erməni “xoxan” söhbətini xoşlayır axı. O səbəbə Abbas da hayların “yaralı yer”indən basır...
Sirr deyil ki, Rusiyanın ekspert camiyəsi və ictimai-siyasi xadimləri eyni leksikondan gen-bol istifadə etməklə erməniləri qorxutmağı sevirlər. Təki onlar Azərbaycan və Türkiyə ilə barışığı ağıllarına gətirməsinlər. Əks halda, nə farsın, nə də rusun ermənidən ötrü ciddi əhəmiyyəti qalmayacaq. “Xoxan” məsələsi də gedəcək işinin dalınca...
Bu xüsusda Ermənistanın təhlükəsizlik təminatçısı şəkk-şübhəsiz ki, İran deyil, ola bilməz. Heç Rusiya, Qərb də deyil. Gerçək təmitantçı və ya uzunmüddətli zəmanətçi rolunda yalnız qonşu Azərbaycan və Türkiyə ola bilər. Əgər kapitulyant ölkə indiki “izqoy” və təcrid durumda qalmağı tərcih edirsə, onda doğru, İran həqiqətən bu miskin durumun qarantı sayılmalıdır.
Yox, Ermənistan normal ölkələr kimi inkişafı, regiona və dünyaya açılmağı hədəfləyibsə, onda Bakı və Ankara ilə düşmənçilik səhifəsini bağlamaqdan başqa yolu yoxdur. Onun dövlət kimi təhlükəsiz varlığı da yalnız bundan sonra mümkün olacaq. Tələblər, legitim şərtlər bəlli. Niyə?
Ona görə ki, təhlükəsizliyin ən vacib komponentlərindən biri iqtisadi faktordur, əhalinin rifahıdır. Türkiyə və Azərbaycanla normal münasibətlərin bərqərar olması və ardınca nə vaxtsa “Qafqaz Evi”nin reallaşması ilə Ermənistana heç ordu da gərək olmayacaq. Kimdən, nədən özünü qoruyacaq ki, əgər dövlətlər arasında sərhədlər formal xarakter daşıyacaqsa...
Odur ki, seçim həmişəki kimi, İrəvanındır. Ermənistan rəhbərliyi yaxında-uzaqda özünə boşuna qarantor dövlət, güc mərkəzi axtarmaqdansa, nəhayət, daşı ətəyindən töküb böyründəki ən real, ən əlçatan və ən əlverişli təhlükəsizlik zəmanətini görməlidir. Eyni zamanda, tələsməlidir, çünki şans pəncərəsi, fürsət “nəfəsliyi” həmişə açıq qalmayacaq.
Məsələ ondadır ki, Trampın Ağ Evə qayıdışı ilə dünyada geosiyasi proseslər, özəlliklə İran ətrafındakı proseslər o qədər sürətli inkişaf edir ki, İrəvan bu gün ona təklif olunan üçün sabah yalvara bilər. Onda isə gec olar. Necə ki, keçmiş Dağlıq Qarabağ məsələsində haylar illərlə göylə getdilər, “ipə-sapa” yatmadılar, çox şey istədilər, amma sonunda azdan da oldular. Bakıda artıq separatçı-xuntaçıların məhkəməsi gedir.
Bu dəfə Ermənistanın özü qondarma “dqr”in taleyini yaşaya bilər. Ümid edək ki, erməni tərəfi altını ən çox özünün çəkəcəyi daha bir fəlakətli və tarixi səhvi etməyəcək. Onun üçün nə qədər gec deyil, İrəvan Bakı və Ankaranın barışıq əlini sıxmalı, atılan “xilas kəməri”nə möhkəm sarılmalıdır...
07 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ