Onlayn ictimai-siyasi qəzet
Sabah – aprelin 24-ü “Hindistan qaraçıları”nın ağlaşma günüdür. Bədnam qonşular yenə özlərinə sırtıqcasına yazıq görkəm verib “timsah göz yaşları” axıdacaq, dünyanın baş beynini aparacaq, bəşəriyyəti təhdid etməyə çalışacaqlar. Sanki hamı bu “qədim və əzabkeş millət”ə borclu imiş.
Təbii ki, öz adlarını başqalarına qoyub “vəhşi Türk” obrazı yaratmaq əsas hədəflərdən biri olacaq. Bu fonda sabah Türkiyə və Azərbaycan bayraqlarına qarşı növbəti hörmətsizlik də istisna deyil.
İndi gəl belə bir xain toplumun qonşularla sülh və əmin-amanlıq içində yaşamaq istəyinin səmimiliyinə inan görüm, necə inanırsan. Əgər bir ölkənin cəmiyyəti öz konstitusiyasında başqa ölkələrə əsassız torpaq iddiaları bağlı müddəalara normal baxırsa, “miatsum” virusundan qurtulmaq istəmirsə, “qoltuğunda balta” gizlətməyə davam edirsə, hansı dinc-yanaşı yaşamaqdan söhbət gedə bilər?..
Əfsuslar olsun ki, bir sıra Qərb dövlətləri sırf xristian həmrəyliyindən çıxış edərək erməniləri qızışdırır, onların saxta iddialarına və uydurma tarixlərinə on illərdir dəstək verir, sərsəm havalarına həvəslə “züy” tuturlar. İkinci səbəb şübhəsiz, Türk-müsəlman amili ilə bağlıdır. Türk xofu, islamofobiya ilə əlaqədardır.
Təsadüfi deyil ki, qondarma soyqırımını tanıyanların, demək olar hamısı, xristian ölkələridir. O da əlbəttə ki, müəyyən hissəsi. Diqqətçəkicidir ki, onların arasında Qərbin ən nüfuzlu ölkələrindən olan Böyük Britaniya yoxdur. Amma və lakin...
Erməni mediasının yazdığına görə, aprelin 22-də Britaniyanın bütün siyasi partiyaları və parlamentinin hər iki palatasının nümayəndələri uydurma soyqırımın “110-cu ildönümü”nü qeyd etmək üçün Londonda Kenotaf memorialına toplaşıblar. Bu barədə Britaniyanın “I Dat” komitəsi X sosial şəbəkəsində məlumat yayıb.
“Tədbir zamanı parlamentarilər Britaniya hökumətini 1915-ci ilin faciəli hadisələrini soyqırım kimi rəsmən tanımağa çağırıblar”, - xəbərdə ardınca bildirilir.
Maraqlıdır ki, iki gün öncə Britaniyanın İrəvandakı səfiri Con Qallaqer Azərbaycanla sərhəd bölgəyə (Qərbi Zəngəzur) gələrək, ölkəmizə qarşı təmiz niyyətli olmayan Avropa İttifaqı missiyasının üzvləri ilə görüşmüşdü...
Qəribədir deyilmi? Sirr deyil ki, Böyük Britaniya ənənəvi olaraq Azərbaycan və Türkiyə ilə yaxşı münasibətlər saxlayır. 44 günlük Vətən müharibəsi zamanı BMT Təhlükəsizlik Şurasının Azərbaycana qarşı qətnaməsini əngəlləyən də öz veto hüququndan istifadə edən rəsmi London olmuşdu.
Bundan əlavə, Britaniya təkrar edirik, saxta genosidi tanımayan yeganə nüfuzlu Qərb və anlqo-saks dövlətidir. O səbəbə düşünmürük ki, parlament üzvlərinin çağırışına hökumət müsbət reaksiya verəcək. Aydındır ki, parlamentin indiyədək belə bir təxribatçı qərarı olmayıbsa, hökumət bu addıma heç getməz...
Ötə yandan, neçə vaxtdır Nikol Paşinyan özündə cəsarət tapıb uydurma genosid məsələsini şübhə altına almaqla Türkiyə ilə əlaqələri qaydaya salmağa çalışırsa, britaniyalı deputatlar nədən ermənidən çox erməni olsunlar ki?
Əlavə olaraq, Britaniya hakimiyyəti bilməmiş deyil ki, Bakı sülh müqaviləsinin imzalanmasına, Ankara ilə münasibətlərin normallaşmasına ən böyük əngəllərdən biri erməni lobbisi, saxta soyqırımı iddialarıdır. Bu isə Londonun ənənəvi geosiyasi düşməni Moskvanın xeyrinə işləyir. Çünki sərhədlərin, kommunikasiyalın bağlı qalması Ermənistanı sövq-təbii Rusiya tərəf itələməklə, müstəsna olaraq Kremlin maraqlarına xidmət edir.
Bu mənada erməni lobbisinin Britaniyaya atdığı “qarmağa” heç nə düşə bilməz...
Z.SƏFƏROĞLU
23 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ