Onlayn ictimai-siyasi qəzet
Ermənilərin bu təxribatı gözlənilən idi. Bunu əslində elə də diqqətsiz buraxmaq olmaz. Çünki burada Azərbaycan üçün kifayət qədər əsaslar var. İlk növbədə Azərbaycan müstəqil bir dövlətdir. Ona görə də, Azərbaycan ərazisinə kiminsə daxil olması mümkün deyil.
Musavat.com xəbər verir ki, bunu Teleqraf.com-a Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib.
O qeyd edib ki, Azərbaycan ərazisinə hansısa bir yük daxil olursa, bu, mütləq gömrük nəzarətindən keçməlidir:
“Ölkəyə gətirilən qida məhsullarıdırsa, burada Qida Təhlükəsizliyi Agentliyinin də yoxlanış, təftiş, analiz aparması vacibdir. Eyni zamanda ölkəyə daxil olan yüklərin hansı məqsədlə gətirilməsi aydınlaşmalıdır”.
Millət vəkili bildirib ki, Azərbaycan ərazisinə daxil olan tranzit yük ancaq qarşılıqlı əlaqələrə əsaslanmalıdır:
“Hazırda Azərbaycanın Ermənistanla tranzit yüklərin daşınmasına dair heç bir razılaşması yoxdur. Ona görə də, burada digər amillər nəzərdən keçirilə bilər. Bu əgər humanitar yardım üçün düşünülübsə, Ermənistan bunu ancaq Azərbaycan hüdudlarından kənarda reallaşdırmalıdır. Qarabağ Azərbaycan ərazisidir və burada olan məsələlər daxili proseslərə aiddir. Belə olan halda bura hər hansı məqsədlə kənardan yük daşınması mümkün deyil. Hüquqi nöqteyi-nəzərdən Ermənistanın Azərbaycan ərazisinə hansısa bir yükü gətirməyə ixtiyarı yoxdur”.
Partiya sədrinə görə, indiki halda Qarabağ erməniləri ilə Azərbaycan hökumətinin təmsilçilərinin Yevlaxda gözlənilən görüşü ümumi işin faydasına olacaq:
“Çünki bütün hallarda məsələlər müzakirədən keçməlidir. Bundan sonra hansısa qərarlar qəbul edilməlidir. Erməni cəmiyyəti də görməlidir ki, hansısa iddialarla nəyəsə nail olmaq olmaz. Mütləq ki, uzlaşma, Azərbaycanla konsensus tapılmalıdır. Bundan sonra digər problemlərin həlli istiqamətində danışmaq mümkündür”.
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ