Onlayn ictimai-siyasi qəzet
Ermənistan rəhbərliyinin sülh prosesinə zərbə sayıla biləcək açıqlamalarının ardınca separatçılar, Qarabağ klanının cinayətkar liderləri və ermənipərəst diplomatlar da hərəkətə keçib; cəfəng iddialar Ermənistanın başında çatlaya bilər
Əsas revanşistlərdən olan bütün ermənilərin katolikosu II Qaregin Azərbaycana qarşı yenidən ərazi iddiaları səsləndirərək Eçmiədzin kilsəsinin Ermənistanda davam edən revanşizmin əsas ideoloqu olduğunu təsdiqlədi.
“Yeni Müsavat” xəbər verir ki, o, 2 sentyabr “müstəqillik” mesajında Qarabağı “tarixi vətən” adlandıraraq, ermənilərin “əsrlər boyu öz kimliklərini qoruduğunu və müharibənin fəlakətli nəticələrinə baxmayaraq, öz milli arzularını həyata keçirməyə çalışacaqlarını” bildirib.
Şər ünvanı olan Eçmiədzinin başçısı ilə eyni vaxtda Qarabağdan tülkü kimi qaçan separatçıların başçısı da üzə çıxıb. “Artsaxa qayıtmaq bizim hüququmuzdur və bu, Ermənistanın dövlət maraqlarına mane ola bilməz”. Özünü buraxmış qondarma qurumun “prezidenti” Samvel Şahramanyan jurnalistlərlə söhbətində belə deyib. Şahramanyan iddia edib ki, qondarma qurumun buraxılması barədə sənədi guya imzalamaq məcburiyyətində qalıb və bu, mülki əhalinin təhlükəsiz şəkildə Ermənistana köçürülməsinə şərait yaradıb. “Biz əvvəldən bu sənədin konstitusiyaya zidd və qanunsuz olduğunu bilirdik. Biz bu sənədlə bağlı qərar qəbul etmişik. Mən bu barədə baş nazirin timsalında Ermənistan hökumətinə yazılı məlumat vermişəm. Bu sənədin etibarlı olması barədə danışmaq mənasızdır”, - deyə Şahramanyan əlavə edib. “Biz hesab edirik ki, ""artsax" məsələsini beynəlxalq gündəmə qaytarmaq Ermənistan hakimiyyətinin vəzifəsidir. Biz bütün maraqlı strukturlarla bu məsələni müzakirə etməyə hazırıq. Biz əminik ki, ermənilərin "artsax"a qayıtması güclü Ermənistan vasitəsilə həll oluna bilər. Ermənistan hakimiyyəti beynəlxalq platformalar da daxil olmaqla, "artsax" ermənilərinin hüquqlarını qorumaq üçün hər şeyi etməlidir”, - deyə Şahramanyan qeyd edib.
Eyni zamanda “Vətən naminə” hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan iddia edib ki, “Dağlıq Qarabağ xalqının nəyin bahasına olursa-olsun geri qayıtmaq hüququ beynəlxalq təhlükəsizlik zəmanəti ilə danışıqlara daxil edilməlidir”.
Ermənistanın üçüncü prezidenti Serj Sərkisyan da yenidən “xortlayıb” və 2 sentyabrdakı müraciətində “Artsax məsələsi beynəlxalq münasibətlərin gündəliyinə qayıtmalıdır”, deyib. “Artsax erməniləri layiqli şəraitdə geri qayıtmaq hüququna malikdirlər və bunun həyata keçirilməsi üçün beynəlxalq mexanizmlər mövcuddur. "Artsax" məsələsi beynəlxalq münasibətlərin gündəliyinə qayıtmalıdır. Kifayət qədər səy, məqsədyönlü iş, bütün mümkün üsullardan istifadə etməklə, uğur qazana bilərik”, - Qarabağ klanının başçısı ardınca sərsəm fikirlərini davam etdirib.
Son vaxtlar ermənilərin Xankəndinə qaytarılması barədə ardıcıl çağırışlar eşidilir və sülh sənədinə keçmiş münaqişənin salınması təklif olunur. Bir neçə gün əvvəl Fransanın Ermənistandakı səfiri Olivier Dekotini Qarabağı könüllü tərk etmiş ermənilərin “geri qayıtmaq hüququnu” xatırladıb. O, sosial şəbəkə hesabında yazıb: “Gəlin öz torpaqlarından qovulmuş, qayıtmaq hüququ Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən təsdiq edilmiş Dağlıq Qarabağ ermənilərini unutmayaq”.
Avqustun 31-də vəzifəsini tərk edən Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar da bir müddət əvvəl Qarabağ ermənilərinin qaytarılmasını regionda münasibətlərin normallaşması prosesinin tərkib hissəsi kimi qiymətləndirib. “Gözləyirəm ki, Bakı ilə Qarabağ erməniləri arasında onların öz bölgələrinə təhlükəsiz və ləyaqətlə qayıtmaları üçün birbaşa danışıqlar aparılacaq. Azərbaycanın bununla bağlı öhdəlikləri var, mənə elə gəlir ki, bunu inkar etmir. Qayıdış üçün parametrlər və şərtlər inklüziv və qarşılıqlı hörmətə əsaslanan dialoq vasitəsilə tapılmalı və razılaşdırılmalıdır”, - Klaar bildirib. Bir ay əvvəl isə İranın Ermənistandakı səfiri Mehdi Sobhani də ermənilərin könüllü qayıtması üçün şəraitin yaradılacağına ümid etdiyini bildirib və qeyd edib ki, “bunun üçün dialoq və danışıqlar lazımdır”. Bütün bunların fonunda baş nazir Nikol Paşinyanın Azərbaycan Prezidenti ilə sərhəddə görüşə hazır olduğunu bildirməsi heç şübhəsiz ki, siyasi oyunbazlıqdır. Ermənistanın hökumət başçısı ötən aylarda ayrı-ayrı paytaxtlardan aldığı təlimatlara uyğun şəkildə sülh prosesini pozmağa yönəlik mövqelər sərgiləyib. Eyni zamanda İrəvanın ABŞ, Fransa, Hindistan, İran və digər ölkələrdən silah, hərbi texnika alması, şərti sərhədlər boyunca eskalasiyanı körükləyən hərəkətlərin müşahidə olunması separatçıları, kilsəni, revanşist dəstələri də hərəkətə gətirib.
Sahib Məmmədov
Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru, hüquqşünas Sahib Məmmədov “Yeni Müsavat”a açıqlamasında erməni revanşistlərin hərəkətə keçməsini təəccüblü saymadı: “Erməni xalqını fəlakətə sürüyən, onları qonşuları ilə düşmən edən, erməni xalqının beyinlərini "yuyub" xəstə ideyaları onların beyninə yükləyən əsas ideoloji mərkəz erməni kilsəsidir və katolikosu II Qaregin bu məsələdə nə birincidir, nə də sonuncu. Artıq əsrlərdir ki, bu, davam edir. Bu siyasətdən zaman-zaman əziyyət çəkən, soyqırıma məruz qalan, ərazilərini itirən Azərbaycan xalqı olsa da, erməni xalqı da çox qazana bilməyib. Davamlı olaraq bu xəstə ideologiyanın qurbanına çevriliblər. Hansısa sülh sənədi imzalana bilər, müəyyən dövrdə stabillik ola bilər, amma davamlı sülh, əmin-amanlıq üçün bu xəstə ideologiya və onun əsas yuvası olan erməni kilsəsi neytrallaşdırılmalıdır. Əgər Ermənistanda bir lider, bir hakimiyyət kilsəni proseslərdən uzaqlaşdıra bilsə, o zaman müsbət nəticələrə ümid etmək olar. Təbii ki, milyardlarla vəsaiti xəstə ideologiyaya sərf edən erməni lobbisi, onların arxasında duran qüvvələr, dövlətlər və mərkəzlər də öz yerində”. O ki qaldı qondarma qurumun "prezidenti" olmuş və indi işsiz qalan Samvel Şahramanyana, S.Məmmədov qeyd etdi ki, onun sərsəm açıqlamaları hər zaman olub: “Bu şəxs və saxta "ombudsman" belə bəyanatları tez-tez verməklə özlərini gündəmdə saxlayır, həmçinin sülh proseslərinə mane olmağa davam edirlər. Azərbaycan dövləti Qarabağda yaşamaq hüququ olan erməni mənşəli əhaliyə köçməməyi, Azərbaycanın hüquq sisteminə, cəmiyyətə inteqrasiya olmalarını təklif etmişdi. Onlara öz dinindən, dilindən və mədəni irsindən istifadəyə də təminat verilmişdi. Lakin ermənilər bu təklifləri qəbul etmədilər. Azərbaycan vətəndaşlığını qəbul etməkdən imtina etdilər. O halda necə qayıdacaqlar? Hansı statusla? Əcnəbi kimi? “Artsax erməniləri layiqli şəraitdə geri qayıtmaq hüququna malikdirlər və bunun həyata keçirilməsi üçün beynəlxalq mexanizmlər mövcuddur” deyənlərə cavab budur ki, əvvəlki deportasiyaları kənara qoyaq, 1988-ci ildən sonra Ermənistandan qovulan, əmlakı əlindən alınan, didərgin salınan azərbaycanlıların belə hüququ yoxdurmu?!" Hüquqşünas vurğuladı ki, Fransanın Ermənistandakı səfiri Olivier Dekotini Qarabağı könüllü tərk etmiş ermənilərin “geri qayıtmaq hüququnu” xatırlatması, digər Avropa İttifaqı təmsilçilərinin uyğun açıqlama və bəyanatlarının heç bir əhəmiyyəti yoxdur: “Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsinə hansısa dövlətlər, beynəlxalq təşkilatlar töhfə verə bilirsə, lap yaxşı, amma bütün məsələlər iki dövlətin özü tərəfindən həll olunmalıdır. Sülh proseslərinə töhfə verməyənlər, əksinə, ona mane olanlar ortada olduqca problem həllini tapmayacaq. Bu isə Ermənistanın xeyrinə deyil. Həm də regionda qeyri-stabil vəziyyətin davam etməsinə gətirir. Rəsmi İrəvanın mövqeyi isə sadəcə mövqesizlikdən ibarətdir. Onlar qeyri-müəyyən vəziyyətin davam etməsində maraqlıdır və nəyi isə gözləyirlər”. S.Məmmədov Ermənistan rəhbərliyinin bəzi həlli vacib məsələləri gələcəyə saxlamaq cəhdini də anormallıq sayır: “Azərbaycanda hakimiyyət qolları yenidən formalaşıb. Ermənistanda isə bütün bunlar hələ növbəti illərdə baş verəcək. Ona qədər Ermənistanda hansı hadisələr baş verəcək? İndiki hakimiyyətin taleyi necə olacaq bəlli deyil”.
Bu yerdə qeyd edək ki, Qarabağ erməniləri nəinki Azərbaycana qayıtmaq fikrindədir, hətta Ermənistanı tərk edirlər. Hətta Zəngəzur bölgəsindən 40 min erməninin yaşadığı bölgəni tərk etdiyi xəbəri yayılıb. Üstəlik, o da məlum olub ki, avqustun 30-na olan məlumata görə, Qarabağdan gələn şəxslərin Ermənistan vətəndaşlığına qəbulu ilə bağlı 4300-dən çox müraciət daxil olub. 3000-ə yaxın şəxs Ermənistan prezidentinin sərəncamı ilə vətəndaşlıq alıb. Musavat.com-un erməni mediasına istinadən xəbərinə görə, bu barədə yerli parlamentin Dövlət Hüquq Komissiyasının iclasında Miqrasiya və Vətəndaşlıq Xidmətinin rəhbəri Armen Kazaryan məlumat verib. “Burada mühüm bir hal nəzərə alınmalıdır. Azyaşlılar tərəfindən hələ ki, müraciət olunmayıb. Çünki bundan sonrakı proses valideynlərin pasportlarının dəyişdirilməsi ilə bağlıdır”, - deyə erməni rəsmisi bildirib. Onun sözlərinə görə, Ermənistanda vətəndaşlığın verilməsi prosesi təqribən 4 ay çəkdiyi halda Qarabağ erməniləri üçün bu müddət 2 aydır. Göründüyü kimi, Azərbaycanın reinteqrasiya ilə bağlı yaratdığı portalı bloklayaraq, Qarabağ ermənilərinin müraciətini əngəlləyən Ermənistan hökuməti onlara vətəndaşlıq verir. Bu mənada separatçıların, revanşistlərin sərsəm iddialarına bəzi Qərb diplomatlarının da qoşulması anormallıqdan başqa bir şey deyil. Revanşistlərin yenidən “miatsum” havası ilə ortaya çıxmaları isə Ermənistanın başında çatlaya bilər. Hər halda, Azərbaycan rəhbərliyi xəbərdarlığını edib: “Peşman olacaqlar”. Təkcə revanşistlər deyil, həmçinin onların havadarları da! Məşhur misalda deyildiyi kimi, “erməni qan görməsə...” Azərbaycan sülh tərəfdarıdır və siyasətini bu istiqamətdə yürüdür. Amma görünür, yekun sülhə nail olmaqdan ötrü sülh tərəfdarı olmaq kifayət etmir. Necə ki, 30 illik sülh danışıqları da işğala son qoymaq üçün yetərli olmadı, sözü “Dəmir yumruq” dedi...
E.PAŞASOY,
“Yeni Müsavat”
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ