Onlayn ictimai-siyasi qəzet
“Bütün ermənilərin katolikosu II Qareginin mövcud erməni hakimiyyətinin apardığı siyasətə qarşı olduğu sirr deyil. Paşinyan revanşizmin yuvası adlandırdığı bu mərkəzdən gələ biləcək “təhlükələri” zərərsizləşdirmək tədbirləri görməyə çalışdı, amma göründüyü kimi, ona bəzən bu qurumdan yararlanmaq daha sərfəli variantdır”.
Bunu Musavat.com-a açıqlamasında ermənişünas alim, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı deyib.
Politoloq bildirib ki, kilsə bütün dövrlərdə erməni irqçi düşüncəsinin aparıcı lokomotivi olmaqda davam etməkdədir:
“Qareginin 2 sentyabr bəyanatında da Azərbaycana qarşı ərazi iddiaları açıq şəkildə öz əksini tapıb. Bu, Ermənistan hakimiyyətinin dolayısı olaraq başqa bir dildə ölkəmizə qarşı aparılan gizli siyasətinin açığa çıxarılmasıdır. Kilsənin konsepsiyasında “Böyük Ermənistan” ideologiyasının tərkib hissəsi kimi Qarabağ, Naxçıvan və Ahıska – Cavaxetiya Ermənistan ərazisi olaraq keçir. Bu iddia yeni deyil. Katolikosun sələfləri də belə bölücü iddiaları hər zaman dilə gətiriblər”.
Q.Çaxmaqlı konkret faktlardan bəhs edərkən “Eçmiədzin” jurnalının 1956-cı il may nömrəsinə diqqət çəkib:
“Orada qeyd edilir ki, mayın 12-də bütün ermənilərin katolikosu I Vazgen Moskvada SSRİ Nazirlər Sovetinin sədri Nikolay Bulqaninlə görüşüb. Bu qısa qeyddə başqa məlumat verilməmişdi. Az adam bilir ki, həmin görüşdən əvvəl I Vazgen Bulqaninə göndərdiyi iki məktubda katolikos erməni xalqının taleyi ilə bağlı bir sıra “təkliflər” irəli sürübmüş. Həmin məktubun surətləri hazırda Ermənistan Mərkəzi Dövlət Tarix Arxivində saxlanılır (f. 409, op. 1, d. 5787, s. 1-8). Birinci məktubda Şimali Qafqaz, Orta Asiya və xüsusən də Azərbaycan və Gürcüstan ermənilərinin mənəvi həyatının və təhsilinin acınacaqlı vəziyyətini təqdim edərək, təcili həllini tələb edən tədbirlər kompleksi təklif edilir.
“Azərbaycan ərazisində yarım milyondan çox erməni yaşayır, lakin orada cəmi iki kilsə var - Bakıda və Kirovabadda. 200 minə yaxın erməninin yaşadığı Dağlıq Qarabağ Muxtar Vilayətində rayon mərkəzində deyil, ucqar kəndlərdən birində cəmi bir kilsə var. Naxçıvan bölgəsinin erməni əhalisinin yaşadığı ərazilərdə də kilsə yoxdur”, - katolikos yazır.
İkinci məktubda I Vazgen “əsasən ermənilərdən ibarət olan” Dağlıq Qarabağ Muxtar bölgəsi, Naxçıvan MSSR və Axalkalaki vilayətinin məsələlərinin “ədalətli” həlli problemini vurğulayır. Katolikos göstərilən əraziləri Sovet Ermənistanına birləşdirməyi təklif edir. O, öz təklifini doğma yurdlarından zorla qovulmuş diaspor ermənilərinin tələbi, doğma torpaqlarında vahid milli həyatda yaşamaq istəyi ilə “əsaslandırır”. Bu gün başqa bir katolikosun torpaqlarımıza iddia etməsi həmin ənənənin davamıdır və heç vaxt dəyişməyəcək”.
Sensasion faktları oxucularımıza təqdim edən ermənişünas alimin sözlərinə görə, bu faktlar onu göstərir ki, Azərbaycanın Ermənistanın Konstitusiyasının preamblua hissəsinin dəyişdirilməsi tələbi yerindədir:
“Çünki Ermənistan dövləti, ona mənsub dini və siyasi qurumlar Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyəcəklər. Əlbəttə, katolikosun belə separatçı meylləri daxildə də özünə dəstəkçilər axtarır və tapır. Separatçıların sonuncu “lideri” Samvel Şahramanyanın başqa şəkildə katolikosa dəstək verməsi də təsadüfi deyil. O cümlədən keçmiş XİN rəhbəri Vardan Oskanyanın da fəallaşmasından Ermənistan siyasi rəhbərliyinin xəbərinin olmaması mümkünsüzdür. Paşinyan bir tərəfdən dünyaya özünü sülhə can atan adam kimi göstərir, o biri tərəfdən isə guya arası olmadığı adamların vasitəsilə erməni iddialarını yeniləyir. Dəfələrlə ifadə etmişik ki, ermənilər həm öz resursları, həm də beynəlxalq təşkilatların imkanlarından yararlanaraq Qarabağa ermənilərin qaytarılması məsələsi ilə üzərimizə gələcəklər.
Kilsə dini abidələri bəhanə edəcək, siyasət adamları hansısa insan hüquqlarını önə sürəcəklər, Toivo Klaar kimilərin dilindən səslənən fikirləri öz xeyirlərinə yozaraq hansısa beynəlxalq haqlardan danışacaqlar. Azərbaycanın mövqeyi açıq və net olmalıdır. Ermənilərin Qarabağa geri dönməsi mümkün deyil, çünki Ermənistanda azərbaycanlı əhali yoxdur. Həm də Azərbaycan ermənilərin tərk etdikləri məkanlara evsiz-eşiksiz Azərbaycan qaçqınlarının yerləşdirilməsi işinə başlamalıdır”.
E.Paşasoy,
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ