Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, mediada Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadənin yaxın vaxtlarda istefaya göndəriləcəyi ilə bağlı məlumat yayılıb.
DİM sədri ilə bağlı qərarın sentyabrın ilk ongünlüyündə elan olunacağı bildirilir.
Yenisabah.az mənbələrinə istinadən məlumat yayıb ki, Məleykə Abbaszadə ilə bağlı mövqe qətiləşib: "Bu il keçirilən buraxılış və birinci blok imtahanlarından sonra şikayətlərin kütləvi xarakter alması bu sektorda dəyişiklikləri qaçılmaz edib. İqtidar düşərgəsində Məleykə Abbaszadənin təxminən 30 il davam edən hakimiyyətinə son qoyulmasının vaxtı çatdığına dair yekdil mövqe var. Həmçinin Məleykə Abbaszadəni əvəzləyəcək şəxsin kimliyini də açıqlayıb. Onun sözlərinə görə, Məleykə Abbaszadənin vəzifəsi elm və təhsil naziri Emin Əmrullayevə həvalə olunacaq. Məktəblərdəki neqativ halların ictimailəşməsindən sonra sürətlə nüfuzdan düşən gənc nazirin bu təyinata özünün xilası kimi baxdığı deyilir. Əmrullayevin karyerası ilə bağlı yeni qərarın yeni tədris ili başlayana kimi veriləcəyi gözlənilir".
Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə isə ötən gün bu xəbəri təkzib etdi.
Sözçü məsələ ilə bağlı bildirdi ki, bu barədə məlumatları yoxdur: "Bizdə belə bir məlumat yoxdur. Bu məsələlər Azərbaycan Respublikası Prezidentinin səlahiyyət dairəsinə aiddir".
Ümumiyyətlə, Dövlət İmtahan Mərkəzinin ləğv edilməsi, yaxud rəhbərliyinin dəyişilməsi barəsində aylardır ki, müzakirələr aparılır. Xüsusilə bu il martın 12-də keçirilən qəbul imtahanlarından sonra, sualların çətinliyi ilə bağlı DİM-ə qarşı səslənən ittihamlardan sonra bu cür söz-söhbətlərə start verilmişdi. Bəzi ekspertlər DİM-in səlahiyyətlərinin Elm və Təhsil Nazirliyinə həvalə olunmasını təklif edib. Bəziləri isə problemlərin yaranmasına səbəb kimi iki qurum arasında intriqaların olmasını göstərir. Bu səbəbdən də qəbul prosesini yeni bir qurumun həyata keçirməsini təklif ediblər. Onlar bunu qəbul imtahanına düşən sualların dərsliklərdə əks olunmaması ilə izah ediblər.
Belə bir qurum yaradıla bilərmi? DİM sədri həqiqətən də yola salınırmı?
Təhsil eksperti Elçin Əfəndi Musavat.com-a açıqlamasında bildirdi ki, rəsmi olmayan məlumatlara inanmaq doğru deyil:
"2-3 gündür dedi-qodu yayılıb ki, DİM sədri Məleykə Abbaszadə istefaya göndərilib, onun yerinə elm və təhsil naziri Emin Əmrullayev gələcək. Açığı, rəsmi əsası olmadığına görə mənim üçün bu xəbər dedi-qodu xarakteri daşıyır. Ümumilikdə götürdükdə isə təhsil sferasında dəyişiklik mütləq lazımdır. Valideynlərə, müəllimlərə, şagirdlərə yazığınız gəlsin. İnsanların Konstitusiya ilə təsbit olunan istirahət hüququ kobud şəkildə pozulur. Bir tədris ili başa çatandan digər tədris ili başlayanadək tətil dövründə ancaq həyəcanla imtahanlar keçirilir, imtahan cavabları gözlənilir və bir də baxırsan ki, artıq növbəti tədris ili başlanıb. Nə valideyn dincələ bilib, nə müəllim, nə də şagirdlər. Ona görə də qəbul imtahanlarında fənn sayı minimallaşdırılmalı, imtahan sualları sadələşdirilməlidir ki, uzun müddət cavabların yoxlanılmasına ehtiyac qalmasın. Yekun olaraq, kim gəlir gəlsin, fərq etməz, əsas odur ki, gələn insanlara təhsilin əlçatanlığını təmin etməyi qarşısına prioritet məqsəd olaraq qoyub, elə işləsin".
Afaq MİRAYİQ,
Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ