İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlət qulluğuna imtahanla bağlı narazılıq, məhkəmə qərarı, DİM-in AÇIQLAMASI

Məlumdur ki, dövlət qulluğuna qəbul Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən test üsulu ilə aparılır. Lakin bəzi hallarda imtahanların və sualların keyfiyyəti iştirakçılar arasında narazılıq yaradır.

Musavat.com-a müraciət edən şikayətçi Turan Məmmədli bildirir ki, imtahanda verilən test tapşırıqlarının əhəmiyyətli hissəsi söz oyunu üzərində qurulur.

turan.jpeg (52 KB)

Bu isə namizədi qanunvericiliyin mahiyyətini öyrənməyə, normativ hüquqi aktların konkret hüquqi münasibətlərdə tətbiqini başa düşməyə yox, səthi olaraq əzbərləməyə kökləyir ki, bu da DİM-in özünün namizədlərdən gözlədiyi səriştəlilik prinsipinə ziddir:

“Dövlət İmtahan Mərkəzi dövlət qulluğuna imtahan keçirən bir qurum olsa da, təəssüflər olsun ki, bəzi ekspertlər, müəyyən fənlər üzrə mütəxəssislər DİM-in adına xələl gətirirlər. Artıq neçənci dəfədir ki, keçirilən test imtahanlarında yanlış testlər qoyulur və ya testlərdə yanlış cavablar götürülür. Misal olaraq DİM-in 17 fevral tarixində BA vəzifə qrupları üzrə keçirilən imtahanında təqdim olunan test tapşırıqlarını qeyd etmək olar. Həmin testləri hazırlayan şəxslər nəinki sualların yanlış olduğunu etiraf etmək istəmirdilər, hətta doğru hesab etdikləri cavabları belə əsaslandıra bilməyiblər. Xüsusilə qanunvericiliklə bağlı suallarda daha çox səhv və yanlışlıqlar, habelə qeyri-müəyyənliklər müşahidə edilir. “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli 86 nömrəli Qərarının 2.6.5. bəndinə əsasən, test tapşırığının şərti və cavabları dəqiq, aydın və birmənalı olmalıdır. Lakin imtahanlarda təqdim olunan test tapşırıqları bir çox hallarda göstərilən tələblərdən heç birinə cavab vermir. Belə ki, həmin testlər ya mənasız və heç bir hüquqi, habelə məntiqi əsası olmayan söz oyunları üzərində qurulur, ya da testin şərtlərində və cavab variantlarında qanunun mahiyyətini tamamilə təhrif edən, özündə bir-birini təkzib edə bilən anlaşılmaz cümlələrdən istifadə edilir ki, onlar da Azərbaycan dilinin qrammatikasına uyğun deyil”.

Turan Məmmədli açıq testlərin tərtibatından narazıdır:

“Açıq testlərlə bağlı əlavə olaraq digər bir problem doğru cavab variantlarının birini söz oyunu əsasında, digərini məntiqi yanaşma əsasında, üçüncüsünü isə “səriştəlilik” prinsipi əsasında götürmələridir. Həmin testləri oxuyan imtahan iştirakçılarının bəziləri bu testləri nəinki hüquqdan anlayışı olmayan, həm də dövlət dilimizi doğru-dürüst bilməyən “ekspertlər” tərəfindən tərtib olunduğunu hesab edirlər. Elə təəssürat yaranır ki, Dövlət İmtahan Mərkəzi minlərlə dövlət qulluqçusunun gələcəyi üçün əhəmiyyət kəsb edən imtahanı, imtahan suallarının təhlilini aparmır, test tapşırıqlarının tərtibi üçün vahid standart və yanaşmalar müəyyən etmir, eyni zamanda testlərin izahında vahid mövqe nümayiş etdirmir, hər bir test üzrə ən müxtəlif mövqedən (əksər hallarda isə qanunvericiliyə zidd) yanaşır. Haqlı bir sual yaranır ki, namizədlər testləri işləyərkən hansı testə DİM-in hansı mövqeyindən yanaşsın?”

Şikayətçi deyir ki, Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlar prosesində ekspertlərin səhlənkarlığı ucbatından vaxtaşırı bu kimi hallara rast gəlinir, dövlət qulluğuna qəbul üzrə proqramdan kifayət qədər xəbəri olmayan şəxslər sual hazırlayaraq namizədlərin vaxtını almamalıdır:

“Namizədlər imtahan nəticələri və doğru olmayan testlərdən şikayət etdikdə Dövlət İmtahan Mərkəzi həmin testləri araşdırmayaraq və heç bir əsaslandırma təqdim etməyərək sadəcə şablon şəkildə suallarda səhv olmadığını bildirirlər. 2023-cü ilin 12 fevral tarixində dövlət qulluğuna qəbul üzrə keçirilən imtahan suallarından bir neçəsi ilə bağlı Bakı İnzibati Məhkəməsi qərar çıxararaq (əlavə olunur) həmin testlərin DİM tərəfindən yanlış tərtib edildiyi və onların namizədlərin xeyrinə hesablanaraq, ballarına əlavə olunması ilə bağlı qərar qəbul edib. Hesab edirik ki, həmin suallar ulduzla göstərilməli və dövlət qulluqçularının xeyrinə həll olunaraq onlara əlavə bal gətirməlidir”.

qerara.jpeg (191 KB)

Qeyd edək ki, Bakı İnzibati Məhkəməsinin 20 iyun 2023-cü il tarixli qərarına əsasən iddia təmin edilib.

Qərarda bildirilir:

“12 fevral 2023-cü il tarixində dövlət qulluğunun BA kateqoriyası üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanda arasında A variantı üzrə 51-ci və 63-cü test tapşırıqlarının iddiaçı Mehdizadə Nigar İsmayıl qızı tərəfindən qeyd edilmiş cavabların iddiaçının xeyrinə nəzərə alınması öhdəliyi cavabdeh Dövlət İmtahan Mərkəzinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər”.

xanlat.jpg (371 KB)

Şikayətlə əlaqədar Dövlət İmtahan Mərkəzindən Musavat.com-a bildirildi ki, test tapşırıqları ekspertizadan keçirilir. Qurumun mətbuat katibi Xanlar Xanlarzadə qeyd etdi ki, müvafiq tələblərə cavab vermədikdə onlar təsdiqlənmir və imtahanlarda istifadə olunmur:

“Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanı üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanlarının təşkili, keçirilməsi, qiymətləndirilmənin aparılması” Qaydasına uyğun olaraq test tapşırıqlarının hazırlanması və ekspertizasının keçirilməsi Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil edilir. Hazırlanan qapalı tipli test tapşırıqlarının cavab verməli olduğu tələblər qeyd edilən Qaydada müəyyən edilib. Açıq tipli test tapşırıqları isə Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilən tələblərə uyğun olaraq hazırlanır. Test tapşırıqları müqavilə əsasında cəlb edilən peşəkar mütəxəssislər tərəfindən hazırlanaraq ekspertizadan keçirilir. Ekspertizadan keçirilmiş test tapşırıqları təsdiqlənir və müvafiq sahələr üzrə test bankına daxil edilir. Qanunvericiliyin tələbinə uyğun olaraq yalnız təsdiq edilmiş və test bankına daxil edilmiş test tapşırıqları imtahanlarda istifadə edilir. Test tapşırıqları ekspertizadan keçirilərkən müvafiq tələblərə cavab vermədikdə onlar təsdiqlənmir və imtahanlarda istifadə olunmur.

İmtahanda istifadə olunan bəzi tapşırıqlar terminoloji və faktoloji xarakter daşıyır ki, bu tapşırıqlar termin və anlayışları, elmi faktları və prinsipləri bilmə səviyyəsini yoxlayır. Eyni zamanda imtahanda analitik təfəkkürü və təhliletmə bacarıqlarını yoxlayan tapşırıqlardan da istifadə olunur. Tapşırıqlar çətinlik dərəcəsinə görə də fərqlənir. Sadə, orta və mürəkkəb test tapşırıqlarının imtahan iştirakçıları tərəfindən cavablandırılma statistikası, təbii ki, eyni deyil. Mürəkkəb test tapşırıqlarını düzgün cavablandırmağa namizədlərin daha az qismi nail ola bilir. İmtahanlardan sonra istifadə olunmuş mürəkkəb test tapşırıqları ətrafında ictimai müzakirələr də aparılır və bu, normal haldır”.

O ki qaldı konkret şikayətə, DİM-in rəsmisi bildirdi ki, bu ilin fevralında keçirilmiş imtahandan sonra Apellyasiya Komissiyasının qərarından şikayət vermiş namizədin iddiasına Bakı İnzibati Məhkəməsində baxılıb və müvafiq qərar qəbul edilib:

“Barəsində danışılan iddia ilə bağlı qəbul olunmuş məhkəmə qərarı qanuni qüvvəyə minmədiyi üçün onun məzmununun mediada həqiqət kimi təqdim edilməsi ictimai rəyin çaşdırılmasına xidmət edə bilər. Hazırda məsələ ilə bağlı qəbul olunmuş qərardan hüquqi prosedurlar çərçivəsində icraatın davam etdirilməsi üçün DİM tərəfindən tədbirlər görülür”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR