İnsanlara hürriyət, millətlərə istiqlal!

Diplomatımızdan Azərbaycana qarşı qərəzli iddialara CAVAB

COP29 öncəsi ölkəmizə qarşı səsləndirilən əsassız iddialara cavab olaraq Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanovun nüfuzlu “The Telegraph” qəzetində geniş məqaləsi dərc olunub.

Məqalədə qeyd olunub ki, Azərbaycanın COP29-a ev sahibliyi etməsi ilk dəfə olaraq regionumuzda iqlim fəaliyyəti ilə əlaqədar belə mötəbər tədbirin keçirilməsi deməkdir. Bəziləri COP-a icraatdan daha çox müzakirə platforması kimi yanaşsa da, Azərbaycan iqlim maliyyəsi, karbon bazarları, kiçik ada dövlətləri ilə bağlı məsələlərin həlli və ümumilikdə bəşəriyyətin gələcəyi naminə praktiki mexanizmlərin yaradılmasına nail olmaqda israrlıdır.

COP29 çərçivəsində Azərbaycanın irəli sürdüyü təşəbbüslərdən biri də Olimpiya Oyunlarında olduğu kimi Qlobal Sülh təşəbbüsüdür. Bu qlobal çağırış, həmçinin regionda yaranmış mövcud reallığı əks etdirir. Belə ki, 30 illik münaqişədən sonra Azərbaycan və Ermənistan arasında aparılan konstruktiv danışıqların nəticəsində Azərbaycanın COP29-a ev sahibliyi etməsi mümkün olub.

Həm Azərbaycan, həm Ermənistan hər zaman olduğundan sülhə daha yaxın olduqlarını etiraf edib. İki ölkə arasında sərhədlərin müəyyən bir hissəsinin artıq demarkasiyası faktiki olaraq sülhün müjdəsidir. Bütün bunlar ona görə mümkün olub ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində öz ərazi bütövlüyünü bərpa edib.

Azərbaycanı tənqid edənlərə xatırlatmaq lazımdır ki, Azərbaycan torpaqlarını otuz il işğal altında saxlayan və azərbaycanlılara qarşı etnik təmizləmə törədən məhz Ermənistan olub və bu fakt beynəlxalq sənədlərlə də öz təsdiqini tapıb.

Britaniya xarici işlər naziri Devid Leminin Azərbaycan ərazilərini işğaldan azad edib söyləməsi ətrafında mediada ajiotaj yaradılsa da, bu həqiqətdir ki, Azərbaycan öz torpaqlarını xarici istiladan azad edib. Bu sadə və doğru faktı səsləndirdiyinə görə Devid Lemini tənqid edənlərin aydındır ki, başqa maraqları var.

Səfir vurğulayıb ki, otuzillik işğalın, məcburi köçkünlüyün, müharibənin dərin yaralarına rəğmən beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq məhz Azərbaycan tərəfi Ermənistana sülh əlini uzadıb. Ancaq sülh istiqamətində nəzərəçarpan irəliləyişlər olsa da, sülhə nail olmaq yolunda danışıqları uzatmaq Ermənistan tərəfinin hər zamankı strategiyasıdır.

Ermənistan rəsmi olaraq öz müstəqilliyini elan etsə də, heç zaman tam suverenliyə nail ola bilməyib. Qonşu ölkənin torpaqlarını işğal edən Ermənistan iqtisadi və hərbi baxımdan xaricdən asılılığa məhkum olub. Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi ilə Ermənistan üçün müstəqil olma imkanı yaranıb, bunu baş nazir Nikol Paşinyan da çoxsaylı çıxışlarında etiraf edib. Yeni yaranmış bu reallıqda Ermənistan keçmişdəki səhvlərini düzəltməli və region ölkələri ilə əməkdaşlıq etməlidir.

“Ermənistan tərəfi onlar üçün sözlərin vacibliyini vurğulayır. Ancaq onlar unudur ki, ölkənin ali qanunvericilik aktı olan konstitusiyada əksini tapan sözdən üstün nə ola bilər? Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası əks olunub. Bir tərəfdən Ermənistan rəsmiləri Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edir, digər tərəfdən bu bəyanat ölkənin konstitusiyası ilə ziddiyyət təşkil edir.

Bəziləri deyə bilər ki, sülh müqaviləsinin bəndində bu məsələyə toxunulacaq, lakin Ermənistan hökumətinin özünün dediyi kimi, heç bir xarici müqavilə konstitusiyadan üstün deyil. Bunun bariz nümunəsi kimi Ermənistan və Türkiyə arasında imzalanmış və Qərb ölkələri tərəfindən dəstəklənmiş Sürix protokolunun daha sonra Ermənistan konstitusiya məhkəməsi tərəfindən rədd edildiyini göstərə bilərik.

Beləliklə, Ermənistan tərəfi xarici publikaya oynamaq əvəzinə, uzunmüddətli və davamlı sülh yolunda real maneələri aradan qaldırmağa diqqət etsə, daha faydalı olar”, - deyə səfir məqaləsində qeyd edib.

 

Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR