İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatdan İrandakı terror aktı ilə bağlı hüquqi ifşa

Milli Məclisin iclasında çıxış edən deputat Nizami Səfərov bildirdi ki, Azərbaycan Respublikasının Irandakı səfirliyinə silahlı hücum beynəlxlaq hüququn fundamental normalarının kobud şəkildə pozulması kimi tövsif edilməlidir: “Belə bir hüquqi nəticə ilk növbədə dövlətlərarası münasibətlərin bünövrəsini təşkil edən həm Azərbaycanın, həm də İranın iştirakçısı olduqları 14 aprel 1961-ci il tarixli “Diplomatik əlaqələr haqqında” Vyana Konvensiyasında təsbit edilmiş öhdəliklərin pozulmasından hasil olur. İmperativ xarakter daşıyan həmin öhdəliklərə əsasən yerləşmə dövləti diplomatik nümayəndəliyin binalarının və diplomatik aqentlərin şəxsiyyətinin toxunulmazlığını və onların hər cür hücumlardan yaxud zərər vurulmasından qorumalıdır və Konvensiyanın 22-maddəsinə əsasən qeyd edilənlər yerləşmə dövlətinin xüsusi vəzifəsidir. 1961-ci il tarixli bu beynəlxalq müqavilənin beş dildə olan bütün autentik nüsxələrində məhz “xüsusi vəzifə” terminindən istifadə edilir və həmin vəzifə ən ciddi formada pozulub”.

Beynəlxalq hüququ mükəmməl şəkildə bilən və bu sahədə böyük təcrübə sahibi olan N.Səfərov qeyd etdi ki, ikinci mühüm məqam Azərbaycanın və İranın qoşulduqları 14 dekabr 1973-cü ildə Nyu Yorkda qəbul olunmuş “Beynəlxalq müdafiədən istifadə edən şəxslərə, o cümlədən diplomatik agentlərə qarşı, cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyasının” pozulmasıdır: “Həmin beynəlxalq müqavilənin 2-ci maddəsinə əsasən, diplomatik nümayəndəliyin binalarına, yaşayış yerlərinə və ya nəqliyyat vasitələrinə təhlükə yaradan zorakı hücumlar ən ağır transmilli terror cinayəti kimi qiymətləndirilir. Çoxsaylı beynəlxalq hüquq sənədlərinə, o cümlədən universal səviyyədə BMT tərəfindən qəbul edilən “Terrorçuluqla mübarizə Strateqiyasına” uyğun olaraq bu cür əməllərin hansı niyyət və ya motivlərlə törədilməsi onların terror aktı kimi tövsifinə heç bir təsir göstərmir”.

Deputat qeyd etdi ki, artıq törədilmiş cinayətin istintaqına başlanılıb və ölkəmizin beynəlxalq hüquqa uyğun olaraq bütün prosesləri nəzarətdə saxlaması üçün müvafiq hüquqi baza mövcuddur: “Bunları yuxarıda qeyd etdiyim Konvensiyalar, və həmçinin Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında hüquqi yardım haqqında 1998-ci il fevralın 21-də Bakı şəhərində imzalanmış Müqavilə və iki dövlət arasında “Əməkdaşlıq münasibətlərinin prinsipləri haqqında" 2002-ci il 20 may tarixli müqavilə təşkil edir”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR