İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat: “İranda yaşayan soydaşlarımız bu məsələyə diqqət çəkə bilər”

“İranda baş verən hadisələr bu ölkənin daxili məsələləridir. Bizi soydaşlarımızın aqibəti maraqlandırır”.

Bu fikirləri Musavat.com-a millət vəkili Ceyhun Məmmədov deyib.

Deputat hesab edir ki, istər cəmiyyətdə, istərsə də mətbuatda İranla bağlı məsələlərdə diqqətli, həssas, ölçülüb-biçilmiş yanaşma olmalıdır:

“Biz bu gün İranın məscidlərimizin dağıdılması, orada heyvanların saxlanması ilə bağlı laqeyd, biganə münasibətindən, Ermənistanı dəstəkləyən mövqeyindən narazıyıq. Bunu dəfələrlə bildirmişik. İranda yaşayan azərbaycanlılar vətəndaş kimi bu məsələlərə bu və ya digər formada münasibət bildirə bilərlər. Hər bir ölkənin siyasətinə diqqətlə yanaşmalıyıq. Dini, məzhəbi bizimlə eyni olan ölkə niyə bizim deyil, Ermənistanın yanındadır? İran müsəlman ölkəsi olduğunu iddia edirsə, məzlumun yanında olduğunu bildirirsə, biz də məzlumuq. 30 ildə gözlərinin önündə işğala məruz qaldıq, məscidlərimizdə donuz saxladılar, dağıtdılar. Mədəniyyətimizə vurulan zərbə ilə bağlı heç bir reaksiya vermədilər. Biz bu məsələni gündəmə gətirəndə bəzi dairələr buna başqa formada yanaşırlar. Müsəlman ölkəsi Azərbaycanda baş verən soyqırımları niyə pisləmir? Bunun heç bir izahı yoxdur. Hesab edirəm ki, İranda yaşayan soydaşlarımız bu məsələyə diqqət çəkə bilərlər”.

Millət vəkili qeyd edib ki, Azərbaycan İranla münasibətdə hər zaman səmimi, dürüst olub: “Əsas məqsədimiz torpaqlarımızın azad olunması, qələbəmizin möhkəmləndirilməsi, Şərqi Zəngəzur dəhlizinin açılmasıdır. İran müsəlman ölkəsi olaraq İslamın dəyər və prinsiplərinin təmsilçisi, təbliğatçısı olduğunu iddia edən dövlət kimi qeyd etdiyimiz mövqeyi nümayiş etdirməlidir. İranın daxilindəki proseslərlə bağlı fərqli yanaşmalar var. Hər birimiz nəzərə almalıyıq ki, qonşu dövlətlərdə baş verən çaxnaşmalar, qarşıdurmalar istər-istəməz bizə də təsir göstərir. İranın daxilində insanlar mövqelərini bildirirlər. Biz elə etməliyik ki, soydaşlarımız əziyyət çəkməsinlər. 40 milyon çox böyük rəqəmdir. Azərbaycan dövləti oradakı soydaşlarımız üçün dəstəyini, mövqeyini, yardımını əsirgəməyəcək. Amma əsas istəyimiz budur ki, sabitlik pozulmasın, vətəndaş müharibəsi baş verməsin, insanların tələbləri, arzuları sivil qaydada təmin olunsun”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR