İnsanlara hürriyət, millətlərə istiqlal!

“Çörəyi dizi üstə” olanlar... Ağdam yolunda üçüncü gün

Yüklər qəbul edilənə qədər Xankəndinə gedən yolda  durmağa davam edəcəklər, PA rəsmisi:  “Azərbaycan artıq öz torpağında ”boz" nəzarətsiz zonaya dözüm göstərə bilməz"

Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni əsilli sakinlər üçün 40 ton un son üç gündə Rusiya sülhməramlılarının məsuliyyət zonası olan Ağdam-Xankəndi yolundakı postda gözləyir.

 “Ağdam-Xankəndi yolu bağlı qalacaq, qərar yekdilliklə qəbul edilib”. Qondarma rejimin “parlament”inin sədri David İşxanyan mətbuat konfransında belə açıqlama verib. Onun sözlərinə görə, Ağdam-Xankəndi yolunda Rusiya sülhməramlılarının müvafiq nəzarət-buraxılış məntəqəsi qurulub, post-patrul xidmətinin müvafiq məntəqəsi də var. “İctimaiyyətimizə və bütövlükdə dünyaya çatdıra bilərəm ki, bəli, bu yolun bağlı saxlanılması, istifadə edilməməsi ilə bağlı dəqiq qərar var. Cəmiyyətimiz bu məsələyə inamsızlıq və fərqli şərhlər verməyə meyilli olmamalıdır”, - İşxanyan belə deyib.

Beləliklə, Qarabağdakı ermənilər Azərbaycanın göndərdiyi humanitar yardımı qəbul etməkdən faktiki imtina edib. İndi nəzərlər rəsmi Bakının atacağı addımlara yönəlib.

Azərbaycan isə hələ ki diplomatik-siyasi müstəvidə mübarizəsini davam etdirir. Avqustun 31-də Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələri və hərbi attaşelərin Ağdam-Xankəndi yoluna tanışlıq səfəri həyata keçirilib. Səfərə 50-dən artıq ölkə və beynəlxalq təşkilatdan 60-a yaxın şəxs, o cümlədən Türkiyə, Çin, Rusiya, Yaponiya, İsveçrə, Polşa, Çexiya, Bolqarıstan, Rumıniya, Serbiya, Argentina, Kolumbiya, Meksika, Cənubi Koreya, İndoneziya, İsrail, Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair, Qətər, İraq, İran, Əfqanıstan, Liviya, Fələstin, Ukrayna, Qazaxstan, Özbəkistan, Belarus, Gürcüstan, Tacikistan və digər ölkələrin, Birləşmiş Millətlər Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, TÜRKPA və s. beynəlxalq təşkilatların təmsilçiləri, habelə xarici jurnalistlər iştirak ediblər.

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də diplomatik korpus təmsilçiləri ilə birgə AzQAC-ın ərzaq yüklərinin yerləşdiyi məntəqəyə gəlib.

Hikmət Hacıyev: Ağdam-Xankəndi yolundan imtina rasizm və diskriminasiyadır

Hikmət Hacıyev Ağdam-Xankəndi yolunda mediaya olduqca maraqlı və Azərbaycanın mövqeyinin nədən ibarət olduğunu nümayiş etdirən açıqlamalar verib. O bildirib ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti Beynəlxalq Qızıl Aypara və Qızıl Xaç Komitələri və Cəmiyyətləri Federasiyasının tərkib hissəsidir: “Qızıl Aypara Cəmiyyəti Azərbaycan ərazisində mütləq mandata və fəaliyyətə və səlahiyyətə malik olan bir təşkilatdır. Buna görə də ölkəmiz ərazisində həyata keçirilən bu qəbildən olan tədbirlər mütləq şəkildə Qızıl Aypara Cəmiyyəti ilə koordinasiya olunmalıdır. Qızıl Aypara Cəmiyyəti bu xoş niyyətin ilk və vacib təzahürünün addımı olaraq bu yükləri təqdim etmişdir. Yüklər qəbul edilənə qədər burada durmağa davam edəcəklər. Əgər Xankəndidə yaşayan sakinlərin mühüm tələbatları varsa, bu tələbatların ödənilməsi üçün ərzaq yükləri təqdim edilib. Bu yüklərin qəbul edilməməsinin məsuliyyəti tam şəkildə qondarma rejimin nümayəndələri və həmin qondarma rejimin dırnaqarası prezidentinin, yaxud digər rəhbər şəxslər kimi özünü təqdim edənlərin üzərinə düşür. Həmin adamlar orada yaşayan sadə insanları əsarət altında saxlayırlar. Bu insanlar da nəhayət, bu reallığı dərk etməlidirlər ki, onların əsl düşməni qondarma rejimin rəhbərliyində və Ermənistan siyasətində olan bəzi şəxslərdir”.

Hikmət Hacıyev: “Təchizata ehtiyac olsa, Ağdam-Xankəndi yolu işləkdir”

H.Hacıyev bəyan edib ki, Azərbaycan Respublikası ərazisində hər hansı bir yolun bağlı olması konsepsiyası Azərbaycan üçün qəbul deyil. Ölkəmizin suveren ərazisində bütün yollar açıq olmalıdır, yolların da hərəkət fəaliyyəti müstəsna qanun çərçivəsində olan hallar istisna olmaqla: “Qondarma rejimin nümayəndələrinin öz aləmlərində bu yolları bağlı saxlamaları və bunun əsnasında da özlərini, öz qanunsuz mövcudluqlarını təmin edəcək bir yanaşma kimi görmələri bizim üçün qəbuledilməzdir. Azərbaycanın yanaşması ondan ibarət idi ki, Ağdam-Xankəndi yolunun açılması, hansı ki bu yolun mövcudluğu ilə, bu yolun vacibliyi və funksionallığı da müvafiq beynəlxalq bəyanatlarda öz təsvirini tapıb. Onu da qeyd edim ki, Ermənistan 30 il ərzində işğal və təcavüz faktının tərkib hissəsi olaraq, Azərbaycanın gömrük rejimini pozub, özü idxal etdiyi məhsullara gömrük rüsumları tətbiq edib, ondan böyük məbləğdə vəsaitlər qazanaraq Azərbaycan büdcəsinə ciddi şəkildə zərər vurub və bu məhsulların Azərbaycan ərazisinə idxalını təmin edib. Bunun özünün də ayrıca qiymətləndirilməsi aparılmalıdır. Bu, Ermənistan tərəfindən Azərbaycana ödənilməli olan ayrıca təzminat mövzusudur. Düşünürük ki, bu da ayrıca hüquqi müstəvilərdə həll olunacaq məsələdir”.

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycanın sərhədləri daxilində, Azərbaycanın mərkəzi hökumətinin nəzarətindən kənar hər hansı bir ərazinin mövcud olması qəbuledilməzdir: “Azərbaycan xoşməramlı niyyət göstərərək reinteqrasiya prosesi ilə əlaqədar öz fikirlərini təqdim edib, amma bundan imtinaya görə də məsuliyyət tam şəkildə qondarma rejimi təmsil edən müharibə cinayətkarlarının üzərinə düşür. Orada yaşayan sadə erməni sakinləri də bilavasitə həmin rejimin nümayəndələrinin, bu qanunsuz hərbi xuntanın əsarəti altındadır və onlar öz mövcudluqlarını məhz bu kimi aqressiv ritorika ilə, müharibə ritorikası ilə əsaslandırmağa çalışırlar. Gördüyünüz kimi, bunların heç bir əsası da yoxdur. Yüklər buradadır və bu yüklərin ən tez zamanda çatdırılması təmin oluna bilər. Gələcəkdə də hər hansı yüklərin daşınması üçün Ağdam-Xankəndi yolu bütün texniki imkanlara malikdir. Təkar qeyd etmək istərdik ki, Azərbaycan tərəfi Qarabağın erməni sakinlərinin nümayəndələrini təmaslara və dialoqa da dəvət etmişdir ki, reinteqrasiya ilə əlaqədar bütün məsələlər müzakirə olunsun. Ona görə də bir daha diplomatik korpusun nümayəndələrinə təşəkkür edirik ki, onlar bu hadisələri öz gözləri görürlər və onlar eyni zamanda bu faktları öz ölkələrinin aidiyyəti orqanlarına çatdıracaqlar. Bu ermənilərin və onların bəzi havadarlarının yaratdığı və yaratmağa çalışdığı yalan mühitinin növbəti darmadağın edilməsi faktıdır”.

Humanitar karvan Xankəndi yolunda gözləməkdədir - GlobalInfo.az

H.Hacıyev bəyan edib ki, Azərbaycan öz ərazisində hər hansısa bir boz zonanın olmasını qəbul etməyəcək. Kimlərsə düşünürsə ki, onlar mövcud şəraiti olduğu kimi davam etdirəcəklər və separatist statusunda yaşamaqda davam edərək bu qeyri-qanuni rejimin mövcudluğunu təmin edəcəklər, bütün bunların heç biri baş verməyəcək: “Azərbaycan heç bir halda buna dözüm göstərməyəcək. Azərbaycan artıq öz torpağında nəzarətsiz zonaya tolerantlıq göstərə bilməz. Qanunsuz rejim buraxılmalı və tərk-silah edilməlidir.

Onların yalançı humanitar şousunun əsas məqsədi ondan ibarətdir ki, əsl niyyətlərini, xislətlərini gizlətsinlər. Əsl niyyət isə Ermənistanın vaxtilə Azərbaycanın işğal altında olan ərazilərində yaratdığı qondarma, qanunsuz rejimin mövcudluğunun yaşamasını təmin etməkdir. Azərbaycanın Qızıl Aypara Cəmiyyəti tərəfindən ərzaq yüklərinin Ağdam-Xankəndi yolunun Əsgəran yolu ilə birləşmə məntəqəsinə gətirilməsi təmin olunub. Onlar yenə də rasizm siyasətinin bariz nümunəsi olaraq, bu məmulatların qəbul edilməsinə qarşı çıxırlar. Bu da o deməkdir ki, burada məqsəd reinteqrasiyaya yox demək, qanunsuz statusu saxlamaq və proseslərdən siyasi manipulyasiya məqsədilə istifadə etməkdir".

H.Hacıyev Laçın yolu ilə bağlı da son günlər baş verənlərə münasibət bildirib. O deyib ki, Ermənistan Azərbaycanla razılaşdırmadan populizm məqsədilə müxtəlif yük maşınlarını Azərbaycan sərhədinə - Laçın sərhəd-keçid məntəqəsinə gətirib. Avqustun 30-da bəzi erməni lobbisinin tərəfdarı və təsiri altında olan korrupsioner Avropa siyasətçiləri də bu teatr xarakteri daşıyan dramanın tərkib hissəsi olaraq Azərbaycan sərhədinə doğru gəliblər: “Bu kimi addımların heç bir mənası yoxdur. Bu kimi şou xarakterli addımlardansa, real məsələləri yerində həll etmək lazımdır. Azərbaycan öz ərazisində hər hansı bir boz zonanın olmasını qəbul etməyəcək. Azərbaycan yolları açaraq reinteqrasiya prosesini başlatmaq niyyətindədir. Bu prosesin tərkib hissəsi olaraq, Azərbaycan Qarabağda yaşayan erməni sakinlərin hüquqlarını, təhlükəsizliyini və öhdəliklərini Azərbaycan Konstitusiyası və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq sənədlər əsasında təmin etməyə hazırdır. Amma görürük ki, yol mövzusunu məqsədyönlü şəkildə erməni tərəfi siyasi spekulyasiya və siyasi manipulyasiya mövzusuna çeviriblər. Əgər kimlərsə ki, düşünürlər o yol vasitəsi ilə mina, silah daşıyacaq, bildirmək istəyirik ki, onların erası başa çatıb”.

Etibar SEYİDAĞA,

“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR