İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron Çini hədələdi: Əks halda, NATO-nu Asiyada görəcək

Fransa prezidenti Emmanuel Makron Çini Şimali Koreyanı Avropadan çəkməyə çağırıb.

Musavat.com “Politico”ya istinadən xəbər verir ki, o, Sinqapurda keçirilən müdafiə sammitində Pekindən Şimali Koreyanın Rusiyanın Ukraynaya qarşı müharibəsində iştirakına mane olmasını tələb edib və əks halda, NATO-nun Asiyada mövcudluğunu gücləndirəcəyini vurğulayıb: "Şimali Koreyanın Ukraynada mövcudluğu hamımız üçün ciddi məsələdir. Əgər Çin NATO-nu Cənub-Şərqi Asiyada görmək istəmirsə, o, Şimali Koreyanın Avropa torpaqlarına cəlb olunmasının qarşısını almalıdır".

Makron qeyd edib ki, Fransa ənənəvi olaraq NATO-nun Asiyaya genişlənməsinə qarşı çıxıb və 2023-cü ildə Yaponiyada alyansın nümayəndəliyinin açılmasına mane olmaq kampaniyasına rəhbərlik edib: “Sonra mən NATO-nun Asiya işlərinə qarışmasına qarşı çıxdım, çünki başqasının strateji rəqabətinə qarışmağı düzgün hesab etmirəm”. Lakin Makronun sözlərinə görə, Paris öz mövqeyinə yenidən baxa bilər. O, bildirib ki, Şimali Koreya hərbçiləri ikitərəfli hərbi razılaşma çərçivəsində Kremli dəstəkləyir və Moskva onlardan Kursk bölgəsi uğrunda döyüşlərdə istifadə edir.

Fransanın ənənəvi kursunu təsdiqləyən Makron Asiya ölkələrini həm ABŞ, həm də Çindən müstəqil olmağa çağırıb: "Fransa strateji muxtariyyət və suverenlik prinsiplərinə sadiqdir. Biz bu yanaşmanı həm Avropa, həm də Hind-Sakit okean regionu üçün müdafiə edirik".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR