Onlayn ictimai-siyasi qəzet
Rusiya Müdafiə Nazirliyinin Vladimir Putinin Kursk vilayətinə səfəri zamanı onun helikopterinin pilotsuz uçuş aparatlarının hücumuna məruz qalması barədə yaydığı sensasiyalı məlumat, məlum olub ki, reallığı əks etdirmirmiş.
Musavat.com xəbər verir ki, Moscow Times nəşri bu hadisənin əsl mahiyyəti barədə Rusiya hökumətində və Kremlə yaxın 4 ayrı mənbəyə istinadla yeni detallar təqdim edib. Məlumata görə, yayılan xəbər əvvəldən planlaşdırılmış və ictimaiyyət üçün hazırlanmış teatrlaşdırılmış səhnə imiş.
Mənbələr bildiriblər ki, Putin həqiqətən də Kursk vilayətinə helikopterlə gəlib, lakin onun təhlükəsizliyi maksimum səviyyədə təmin olunub və heç bir real təhlükə olmayıb. Hətta Kremlin daxilində belə bir hadisənin baş verməsi “qorxulu yuxuda belə mümkün deyil” fikri hakim olub.
Bu “dron hücumu” haqda yalnız rəsmi dövlət kanalı VGTRK deyil, eyni zamanda uzun illərdir Kreml jurnalistləri arasında yer alan Andrey Kolesnikov da “Kommersant” qəzetində yazı dərc edib. Lakin sonradan aydın olub ki, Kolesnikov özü ümumiyyətlə Kursk vilayətində olmayıb və yalnız başqalarının dediklərinə əsaslanaraq məqalə yazıb. Üstəlik, o, “dronları yalnız videokameralarda gördüyünü” qeyd etməklə məsuliyyətdən sığortalanmağa çalışıb.
Bu hadisənin ictimaiyyətə “şok və riskli an” kimi təqdim olunmasının əsas məqsədinin Putinin guya ön cəbhədə, risklər içində olması və “xalqın arasında qorxusuz dolaşması” imicini formalaşdırmaq olduğu deyilir.
Musavat.com
01 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ