Onlayn ictimai-siyasi qəzet
Bu məqalə “Qeyri-hökumət Təşkilatıarına Dövlət Dəstəyi Agentliyi”nin sponsorluğu ilə “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi tərəfindən “Ermənistanın idxal-ixrac əməliyyatlarının iqtisadi təhlili” mövzusunda reallaşdırılan layihə çərçivəsində yazılan birinci məqalədir
İkinci Qarabağ müharibəsində 44 gün ərzində ağır məğlubiyyətə düçar olmuş Ermənistana bir dövlət kimi özünə gəlmək və müharibədə üzləşdiyi bütün səviyyələrdən olan itkilərini bərpa etmək üçün uzun zaman lazım idi. Ermənistanın praktik olaraq blokada şəraitində yaşadığını, yardıcısı və himaədarı olan Rusiyanın isə Paşinyan hakimiyyətinə qarşı aqressiv bir münasibətdə olduğunu nəzərə alsaq, o halda bu ölkənin müharibə nəticəsində üzləşdiyi itkiləri bərpa etmək üçün daha üzun zamana ehtiyacı olmalı idi. Təbii resursları çox az, enerji resursları isə tamamilə olmayan, Rusiyadan güzəştli şərtlərlə alınan qaz, elektrik enerjisi, yanacaq və digər resurslar hesabına özünü güclə dolandıran, xarici dövlət borcu başından aşan bir ölkənin iqtisadiyyatının ağır bir məğlubiyyətdən sonra qısa zaman kəsiyində yüksəlişi mümkün deyildi.
Lakin bu reallıqların əksinə olaraq, ağır itkilərlə müşayət olunan müharibədən bir ildən bir qədər artıq vaxt keçdikdən sonra Ermənistan iqtisadiyyatında bənzəri olmayan və heç bir məntiqə sığışmayan bir “sıçrayış” baş verdi. Konkret olaraq - 2020-ci ildə Ermənistan iqtisadiyyatı 2019-cu illə müqaisədə 7,5 faiz azalsada, 2022-ci ildə bu ölkənin iqtisadiyyatında14,2 faiz “artım” qeydə alındı. Ermənistan hakimiyyətinin başında dayananlar əldə olunan bu “uğurların” geniş təbliğinə start verdilər. Onlar bütün dünyaya car çəkirdilər ki, ölkələrinin iqtisadiyyatı bənzəri olmayan bir artım sürəti əldə edidə bilib. Hökumət yetkililəri bu nəticələrin Paşinyan hökumətinin ağıllı iqtisadi siyasəti və uğurlu islahatları ilə birbaşa əlaqəli olduğunu israr edirdilər. MDB dövlət başçılarının toplantısında Ermənistan baş naziri Nikol Paşinyan isə ölkəsinin iqtisadi uğurlarından ağızdolusu danışırdı.
Təəssüflər olsun ki, Azərbaycanda da iqtisadiyyatın əlifbasından bixəbər olan bəzi siyasi dəllallar Azərbaycan hökumətini Ermənistanda baş verən bu “iqtisadi möcüzə”dən nəticə çıxarmağa səsləyirdilər. Heç kim məsələnin köklərini araşdırmaq istəmirdi. Lakin biz bunu etmək qərarına gəldik.
İlk öncə Ermənistanın Dövlət Statistika Komitəsinin rəsmi saytına daxil olaraq aydınlaşdırdıq ki, Ermənistan iqtisadiyyatında xarici ticarət dövriyyəsindən dolayı digər heç bir sahədə diqqəti cəlb edə biləcək bir artım qeydə alınmayıb. Lakin nədənsə bu ölkənin xarici ticarət dövriyyəsində inqilabi bir dönüş baş verib. Yəni ölkəyə idxal olunan və ölkədən ixrac olunan məhsulların həcmi 4-5 dəfəyə qədər arta bilib. Apardığımız araşdırmaları bir qədər də dərinləşdirdikdə məlum oldu ki, Rusiya ilə Ukrayna arasında başlanmış müharibədən ötən bir il ərzində Ermənistandan bir ölkəyə ixracın fantastik artımı baş verib - bu ölkə isə Ukraynaya qarşı işğalçı müharibə aparan Rusiyadır. Ermənistan Rusiyaya ixrac olunan məhsullrın həcmini bir il ərzində 4-5 dəfə necə artıra bilərdi? Bunun üçün Ermənistanda ixrac üçün istehsal olunan məhsulların statistikasında bənzər artımlar qeydə alınmalı idi – bu isə yox idi. Deməli Ermənistan xaricdən bir çox məhsulları xüsusi olaraq Rusiyaya ixrac etmək üçün alıb öz ərazisinə gətirir və sonradan onları yerli məhsul adı ilə Rusiyaya “ixrac edir”. Apardığımız araşdırmalar göstərdi ki, Ermənistan xarici ölkələrdən əsasən Rusiyanın hərbi sənayesinə lazım olan radio-elektronika məhsullarını, yüksək hərbi texnologiyalar üçün zəruri olan çipləri, yarımkeçiriciləri və digər məhsulların idxalını həyata keçirir. Təbii ki, sonradan bu məhsullar başqa məhsul adları altında Ermənistandan Rusiyaya ixrac edilir.
Çox təəssüflər olsun ki, ABŞ başda olmaqla Qərbin aparıcı dövlətləri və Beynəlxalq qurumlar Ermənistanın bu təxribat xarakterli pozuculuq fəaliyyətinə göz yumur, ən yaxşı halda isə ona bu fəaliyyəti dayandırmağı tövsiyyə edirlər. Əslində Ermənistan atdığı bu addımlarla elə Qərb dövlətlərinin özlərinin tətbiq etdiyi sanksiyaları ayaqlayır. Qərbin ikili standartları və ikiüzlü siyasəti bu məsələdə də ortadadır. Bir anlıq təsəvvür belə etmək olmur ki, Rusiya üçün bu “xidməti” Azərbaycan göstərsəydi Qərb nə edərdi... Heç şübhəsiz Qərb Azərbaycana qarşı Rusiyaya tətbiq edilənlərdən daha ağır sanksiyalar tətbiq edərdi...
Fikrət Yusifov
iqtisad elmləri doktoru, professor
“Ekonomiks” Beynəlxalq İqtisadi
Araşdırmalar İctimai Birliyinin sədri
01 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ