Onlayn ictimai-siyasi qəzet
Fermer xərclərin çoxaldığını deyir - çıxış yolu...
Məlumat üçün qeyd edək ki, ötən il 103 min hektardan çox sahədə pambıq əkilib, 307 min tondan çox məhsul götürülüb. Beləliklə, əvvəlki 3 ildə pambıq istehsalında azalmadan sonra artım qeydə alınmışdı. Belə ki, 2020-ci ildə Azərbaycanda 337 min ton, 2022-ci ildə 323 min ton, 2023-cü ildə 276,3 min ton pambıq istehsal edilmişdi.
Əfras Əsgərov
Sabirabad rayonundan olan fermer Əfras Əsgərovun “Yeni Müsavat”a dediyinə görə, əkin sahələrindəki azalma xərclərin artması fonunda gəlirin dəyişməz qalmasıdır: “Texnikanın saxlanması, ona qulluq xidməti bahalaşıb. Suvarma suyunun qiyməti də artırılıb. Üstəlik, yeni tələb qoyulub - torpaqların analizi. Kim analiz etdirməsə, ona subsidiya verilməyəcək. Bu da əlavə bir xərcdir. Daha sonra sahələrə qulluq edən, pambığın dibini kətməyən, yığan şəxslər hər il xidmət haqqını artırırlar. Bütün bunların müqabilində zavodlar 3 ildir tədarük qiymətini dəyişmirlər. Buna görə də pambıq əkinlərinin azalması təbiidir, davam edəcək”.
Fermer bildirir ki, pambıq qədər gəlirli bitki yoxdur: “Ən əsas üstünlük ondadır ki, zavodlar əkinə-səpinə kömək edirlər, sonda topladığın məhsulu alırlar. Əvvəlcədən müqavilə bağlanır deyə ən azı çəkdiyin xərci çıxaracağına əmin olursan. Başqa heç bir bitkidə belə təminat yoxdur. Məsələn, taxılda pul yoxdur. Keçən il 100 tondan çox taxılım oldu, sahədən 30 qəpiyə vermədim ki, heç olmasa mayası çıxsın. Qapıma gətirtdim, adam tutdum, kisə aldım yığdırdım kisələrə. Amma alan olmadı deyə yenə sonda 30 qəpiyə satası oldum - əlavə xərclərim bir yana, heç mayasını çıxara bilmədim. Bu il yonca əkinini artırmışam, yağışlar birinci çalımını məhv etdi, ələ gələsi olmadı. Yəni kəndlinin, fermerin çətinlikləri getdikcə artır”.
Ə.Əsgərovun fikrincə, zavodların alış qiymətini artırmaması ixracdan gəlirin azalması ilə bağlıdır: “Əvvəla, zavodlarda ehtiyatlar çox yığılıb, hansına baxırsan həyətində pambıq qalaq-qalaqdır. İkincisi, əsas ixrac edilən Türkiyədir, orada da qiymətlər düşüb deyirlər. Bizim istehsal etdiyimiz mahlıcın keyfiyyəti elə də yüksək deyil deyə onsuz da dünya bazar qiymətindən aşağı satılır. Buna görə də şirkətlər qiyməti qaldıra bilmirlər. Dövlətin ayırdığı subsidiya da artırılmır. Buna görə də fermerlər üçün cəlbedicilik azalıb pambıqla bağlı”.
DSK-nın məlumatına əsasən, bu ilin yanvar-aprelində Azərbaycanda 41016,8 ton pambıq mahlıcı, 5338,8 ton pambıq iplik istehsal olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə mahlıc istehsalı 28,3 faiz artıb, iplik istehsalı isə 0,9 faiz azalıb.
Dövlət Gömrük Komitəsinin məlumatına əsasən isə 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycandan 62 milyon 371 min dollar dəyərində 42 min 709 ton pambıq mahlıcı ixrac olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 16 milyon 320 min dollar və ya 20,7 faiz, miqdar ifadəsində isə 9 min 286 ton, yaxud 17,9 faiz azalma deməkdir. Xatırladaq ki, 2024-cü ilin yanvar-aprel aylarında Azərbaycandan 78 milyon 691 min dollar dəyərində 51 min 995 ton pambıq lifi ixrac edilmişdi.
Dörd ayda Azərbaycandan 7 milyon 114 min dollar dəyərində 2 min 923 ton pambıq iplik ixrac edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 361 min dollar və ya 5,3 faiz, miqdar ifadəsində isə 319 ton, yaxud 12,3 faiz artım deməkdir - 2024-cü ilin yanvar-aprel aylarında Azərbaycandan 6 milyon 753 min dollar dəyərində 2 min 604 ton pambıq ipliyi ixrac edilmişdi.
Yeri gəlmişkən, Azərbaycanda pambığın təhvil verilməsinin (alınmasının) təsdiq edilməsi prosesi elektronlaşdırılır. Bununla bağlı “Pambıqçılıq haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisdə müzakirə olunur. Layihəyə əsasən pambığın alqı-satqısının sənədləşdirilməsi qaydası Vergi Məcəlləsinin 71-1-ci (elektron qaimə-fakturaları) və 71-2-ci maddələrinin (malların alış aktı) tələblərinə uyğunlaşdırılır: pambığın alqı-satqısı üçün xüsusi olaraq nəzərdə tutulan “pambıq qəbulu sənədi”nin ləğvi və bu malın satışının elektron qaimə-fakturaları və ya malların alış aktları ilə sənədləşdirilməsi nəzərdə tutulur.
Qeyd olunur ki, subsidiyaların verilməsi prosesi zamanı digər kənd təsərrüfatı məhsullarında (buğda, şəkər çuğunduru və s.) məhsulun təhvil verilməsi elektron sənədlərlə (elektron qaimə-faktura və ya elektron alış aktı) təsdiqlənir. Yalnız pambıq üzrə bu günə qədər qəbul qəbzi kağız şəklində istifadə olunur ki, bu da “Elektron kənd təsərrüfatı informasiya sistemi”ndə (EKTİS) ikili yanaşma və statistik uyğunsuzluq yaradır.
Hazırladı: Dünya Sakit
01 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ