Onlayn ictimai-siyasi qəzet
Erməni lobbisinin qarayaxma kampaniyası güclənib; indi də Qərb mərkəzlərindən biri Qarabağda “blokada”dan dəm vurur - sərt etirazlar
İqlim dəyişikliyi ilə bağlı COP29 qlobal tədbiri ərəfəsində erməni lobbiçilərinin və digər maraqlı tərəflərin maliyyə dəstəyi ilə Azərbaycan əleyhinə qarayaxma kampaniyası güclənib. Hər gün ölkəmizə qarşı ortalama 5-6 yazı dərc olunur ki, bu yazılarda Azərbaycan az qala, dünyada baş verə biləcək bütün bəlalarda ittiham olunur.
Son belə materialdan biri “Korrupsiya və Mütəşəkkil Cinayətkarlığın Araşdırılması Mərkəzi” adlı qurum tərəfindən hazırlanıb. “Yeni Müsavat” qeyd edir ki, məqalədə vaxtilə Qarabağda hər hansı blokadanın olmadığını göstərən kifayət qədər sübutların olmasına baxmayaraq, iddia edilir ki, guya uydurma “blokada” zamanı Beynəlxalq Qırmızı Xaç Komitəsi böyük çətinliklərlə üzləşib. Halbuki bu da faktdır ki, keçmiş xunta rejiminin liderləri özləri ərzaq məhsullarını gizlətməklə süni şəkildə aclıq vəziyyəti yaradıblar. “Blokada” zamanı toy şənlikəri, restoranlarda dincələn insanlarla bağlı çoxsaylı kadrlar da var.
Söz yox ki, COP29 yaxınlaşdıqca Azərbaycana qarşı bu cür əks-təbliğat artacaq. Belə qarayaxmaların tədbirə hər hansı neqativ nəticəsi mümkündürmü? Ümumən bu il Azərbaycanın COP29-a ev sahibliyi etməsi barədə qəbul edilmiş qərar ölkəmizin növbəti beynəlxalq qələbəsidir. Bu hadisə Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Hər il dünyanın hər yerindən hökumət nümayəndələri COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edir. Sonuncu COP28 ötən il Dubayda baş tutub. 100 minə yaxın nümayəndəni bir araya gətirən COP28 BMT-nin tarixində ən genişmiqyaslı tədbir olub. Konfrans çərçivəsində təşkil edilmiş zirvə toplantısına 120-dən artıq dövlət və hökumət başçısı qatılıb. Sözügedən tədbirdə ilk dəfə olaraq Prezident İlham Əliyev də iştirak edib.
II Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevə ünvanlanan COP29-la bağlı bəzi suallarda bu beynəlxalq tədbirin müəyyən Qərb mətbuatında qeyri-obyektiv, qərəzli formada işıqlandırılacağına dair fikirlər öz əksini tapmışdı. Forum iştirakçılarından biri dövlət başçımıza sualla müraciət edərkən belə bir ifadə işlətmışdi: “... Böyük ehtimalla, bu tədbir (COP29) Qərb mediası tərəfindən qərəzli şəkildə işıqlandırılacaq”. Dövlət başçısı isə bildirmişdi ki, COP28-in ev sahibi olan Birləşmiş Ərəb Əmirlikləri də eyni mövzuda ittihamlarla üzləşmişdi. Lakin bu mövzuda irəli sürülən ittihamlar əslində tamamilə absurddur. Çünki bu ittihamların əsasında ölkəmizin zəngin qazıntı yanacağı ehtiyatlarına malik olması faktı durur. Bu, əlbəttə ki, Qərbin növbəti riyakarlığının bir təzahürüdür.
Azərbaycanın COP29-a ev sahibliyi etməsini qısqanclıqla qarşılayan bəzi Qərb dairələri erməni lobbisinin təsiri altındadır. Bunun nəticəsidir ki, ölkəmizə qarşı dezinformasiya və yalan məlumatlarla dolu kampaniyalar reallaşdırılır. 30 ildən çox müddət ərzində Azərbaycan torpaqlarının işğalda qalmasına, talanmasına, bir milyona yaxın vətəndaşının qaçqın düşməsinə, dörd minə yaxın azərbaycanlının itkin düşməsinə, olmazın şiddətlərə, soyqırıma məruz qalmasına göz yuman Qərb dairələri, Azərbaycanın öz ərazi suverenliyini bərpa etməsi ilə barışa bilmir. Guya Qarabağ ermənilərinin hüquqlarını müdafiə etmək adı altında Azərbaycana qarşı qarayaxma kampaniyası aparılır. Azərbaycan ilk gündən Qarabağda yaşayan ermənilərə öz əlini uzatdı, onların da Azərbaycanda yaşayan digər etnik azlıqlar kimi eyni hüquq və azadlıqlara sahib olacağını, Azərbaycan vətəndaşı olaraq hər bir imtiyaza sahib olacaqlarını bəyan etdi. Lakin yerli ermənilər erməni rəsmi dairələrinin hədə-qorxusu nəticəsində könüllü şəkildə Qarabağı tərk etdilər. İndi isə erməni rəsmi dairələri bunu əllərində bayraq tutaraq, həmişəki yazıq və məzlum obrazlarına bürünüb hər cür şər, böhtan yayaraq COP29-u boykot etməyə çağırışlar edirlər.
Azad Məsiyev
Siyasi ekspert Azad Məsiyevin “Yeni Müsavat”a bildirdiyinə görə, COP29 BMT-nin nəzarəti altında olan tədbirdir və Azərbycan onu təşkil edir: “Təbii ki, 44 günlük müharibənin nəticələri Cənubi Qafqazda Qərbin planlarını pozub və siyasi layları tərpədib. Ona görə Qərb itirilmiş mövqelərini möhkəmləndirmək üçün hərəkətə keçib və Azərbaycana təzyiqlərə başlayıb. COP29-la bağlı aparılan qara piar kampaniyası da həmin təzyiqlərin davamıdır. Ancaq Azərbaycan qərəzli davranışlara həqiqətləri ortaya qoymaqla cavab verməlidir. Ermənistanın 30 il Qarabağı işğal altında saxladığını söyləyən A.Məsiyevin fikrincə, indi Qərb ittihamlar səsləndirməklə özünü biabır edir: “BMT Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Ermənistan 4 qətnaməni yerinə yetirməyib və məsələ güc yolu ilə həll olunub. Ermənistan 10 noyabr sənədini imzalamaqla təsdiqlədi ki, onun silahlı qüvvələri işğalçı kimi başqasının ərazilərinə soxulub. Ona görə Azərbaycan antiterror əməliyyatı ilə buna yekun vurdu, öz suverenliyini bərpa etdi. Şübhəsiz ki, Fransa, ABŞ və digər Qərb ölkələri qələbəmizə sevinmir və bunu mülki ermənilərin qovulması kimi dəyərləndirir. Hərçənd onların təhlükəsizliyinə zəmanət verilmişdi, sadəcə, könüllü surətdə getdilər. Bu da gedənlərin problemidir, sadəcə, indi Qərb onların gedişi faktından öz maraqlarına uyğun olaraq Azərbaycana siyasi təzyiq vasitəsi olaraq istifadə etməkdədir. Lakin bu təzyiqlərin heç bir nəticəsi olmayacaq və beynəlxalq ictimai rəyi qərəzli məlumatlarla inandırmaq mümkün deyil. Ona görə də Bakı COP29 konfransını ən yüksək səviyyədə təşkil edəcək”.
Ehtiram Mehdiyev
Milli Cəbhə Partiyasının sədr müavini Ehtiram Mehdiyev Avropa mərkəzlərinin bu hücumlarını təəccüblə qarşılamır. Onun dəyərləndirməsinə əsasən, Qərbdəki institutlar, müxtəlif insan haqları təşkilatları və demokratiyaya dəstək adı ilə fəaliyyət göstərən fondlar COP29 harada keçirilirsə, o ölkələrə siyasi basqı göstərirlər. Bunun hər hansı effekti olmadığını bildirən E.Mehdiyev hesab edir ki, Qərb təsisatlarının kampaniyaları hədəf xarakterlidir: “Yəni dünya görsün ki, bu ölkələrdə insan hüquqları pozulur. Konret bizə gəlincə, BMT-nin faktaraşdırıcı missiyası Xankəndidə oldu və hər hansı etnik təmizləmə izi aşkarlamadı. Bu, yetərli deyilmi? Eyni zamanda diplomatlar, beynəlxalq media qurumlarının əməkdaşları Qarabağın ermənilər yaşamış ərazilərini gəziblər, hər hansı sübut ortaya qoya bilməyiblər. Hələ də bu köhnə söhbətləri təkrar-təkrar yada salmaq qərəzdən irəli gəlir”.
Partiya funksioneri qeyd etdi ki, Qarabağda antiterror əməliyyatı zamanı dinc erməni sakinlər xəsarət almayıb: “Onların evləri dağılmayıb, mülki əhalidən yaralı və ölən olmayıb. Dövlət onlara subsidiyalar təklif etdi, iş yerləri ilə təmin olunacaqdılar, bələdiyyə sədri, parlament üzvü seçmək hüquqları olacaqdı, ən yüksək səviyyədə təhlükəsizlik təşkil ediləcəkdi ki, hansısa erməni qoca barmağını dişləyəndə erməni diasporu yalandan hay-küy qoparsın ki, guya bunları Azərbaycan sıxışdırır. Amma bunların heç birini qəbul etməyib rədd olub gediblərsə, biz nə edək?! Zorla saxlamalı idik? Odur ki, çirkin kampaniyaların cavabını tədbirin yüksək səviyyədə təşkili ilə verəcəyik”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ