İnsanlara hürriyət, millətlərə istiqlal!

Çılğın liderin fəlakət ssenarisi – o, dünya düzənini dağıdır

Dünya ictimaiyyəti, budur, 4-cü aydır ki, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın nə etmək, nəyə nail olmaq, ölkəsini, dünyanı hara aparmaq istədiyini doğru-düzgün kəsdirə bilmir.

Ötən ilin noyabr ayının əvvəlində prezident seçilən, bu ilin yanvar ayının 20-də səlahiyyətlərinin icrasına başlayan Tramp gah elə, gah belə danışır, sağ göstərib, sol vurur, özündən əvvəlki 44 ABŞ prezidentinin heç vaxt etmədiyi hərəkətləri edir, danışmadığı sözləri danışır.

Onun təkcə Rusiyaya yönəlik ritorika və davranışları son 25 gündə başdan-başa müəmmadır. Tramp gah Rusiya və Putini hədələdi, gah da elə ifadələr işlətdi ki, Kremldəki şampan sifariş etdilər.

Bu günlərdə o, deyib ki, Ukrayna Rusiya tərəfindən azad edilmiş əraziləri geri qaytara bilməyəcək.

Bu, suda boğulana təkər kameri atmaq kimi bir şeydir. Dünənə qədər “qırğı” ruslar müəyyən ümidsizliyə qapılmış kimi görünürdülər, Ukrayna müharibəsində qələbəyə inamları sarsılma ərəfəsindəydi. Bu gün isə artıq onlar Ukraynanı “tam götürmək” eşqindədirlər.

Beləliklə, hələ seçkidən əvvəl Trampın Ukraynanı Rusiyaya satacağı, ölkəsini bu ballastdan xilas edəcəyi, NATO-nu dağıdacağı, Avropanı sıxışdıracağı barədə irəli sürülən mülahizələrin doğrulmaq ehtimalı artır.

İndi məlum olur ki, ABŞ prezidentinin Ağ evin oval kabinetinə qədəm basmasından dərhal sonra verdiyi anti-Rusiya bəyanatları gözdən pərdə asmaq üçün imiş, əslində bu, çılğın adam ortadakı tozanağın bir az yatmasını gözləyirmiş ki, öz əsl planını həyata keçirməyə başlasın.

Tulsi Qabbardın ABŞ milli kəşfiyyatının yeni direktoru kimi andiçmə mərasimi zamanı Tramp Ukraynanın öz ərazisini ruslardan geri almasının mümkünsüzlüyünü vurğulamaqla qalmayıb, eyni zamanda deyib ki, ABŞ-nin maliyyə naziri Skott Bessent Kiyevə göndərilən vəsaiti geri almağa əmin olmaq üçün Ukraynadadır.

Bu da Trampın hər şeyi mənfəət, pul-para gözüylə baxan bisnesmen olduğuna dəlalət etməklə yanaşı, Ukrayna və Avropa üçün fəlakət ssenarisi deməkdir.

ABŞ Rusiyadan çox uzaqdadır, ondan hər hansı bir təhlükə gözləmir, belə bir təhlükə olarsa da, ona 5 qat artıq şiddətlə cavab verməyə gücü var. Ancaq Avropa Rusiyanın, necə deyərlər, ağzının içində, pəncəsinin, caynaqlarının altındadır. Anti-Rusiya qüvvələrinin parçalanması Avropa ölkələrinin təklənməsi demək olacaq.

Trampın köhnə dünya düzənini pozmaq istiqamətində atdığı addımlar bir bunlarla yekunlaşmır. O, ölkəsində korrupsiyaya, dövlət vəsaitinin talanmasına qarşı sərt tədbirlər gördüyü halda, dünya ölkələrində korrupsiyanın çiçəklənməsinə yönəlik qərar da qəbul edib. İndən belə hansı ölkənin öz daxilində nə dərəcədə korrupsiyalaşmasının ABŞ-yə dəxli olmayacaq, ABŞ başqa ölkələrin pullarının “çirkli” olub-olmamasını təftiş etməyəcək.

Bu zamana qədər ABŞ pis-yaxşı dünyada demokratiya və insan haqlarının pasibanı rolunda çıxış edir, müxtəlif hesabatlar hazırlayır, ölkələrə demokratiyaya keçid etmələri üçün təzyiq göstərirdi. İndi isə Tramp diktatura rejimlərinə və avtortar hakimiyyətlərə yaşıl işıq yandırır, “öz ölkənizi istədiyiniz kimi idarə edə bilərsiniz” mesajı verir.

Dünyada yeni bir imperializm dalğası başlayacaqsa (böyük ehtimalla başlayacaq), bu, Trampın prezident postuna gəlməsi ilə bağlı olacaq. Onsuz da bir sıra keçmiş imperiyalar öz müstəmləkələrini itirmələrinin 30-50, hətta 70-100-cü illərində belə keçmiş koloniyalarından tam əl çəkmiş deyildilər, indi onların iştahı yenidən qabaracaq. Çünki dünyanın baş dövləti artıq özü başqa ölkələrə ərazi iddiası irəli sürür, ərazisini genişləndirməkdən bəhs edir.

Trampın miqrantlara, cinsi azlıqlara, siyasi opponentlərə kəskin münasibəti barədə çox yazılıb, danışılıb. Yalnız onu əlavə etmək olar ki, bu şəxsin addımları insan haqlarının total şəkildə tapdanması ilə müşayiət olunur və bu getdikcə daha şiddətli şəkil alacaq.

Bir sözlə, yaşı 80-ə dirənmiş, emosional ovqatı nataraz olan bu şəxsin qərar və hərəkətləri dünyaya böyük fəlakətlər gətirəcək. Bunu ABŞ-nin özündə nə dərəcədə anlayırlar, hələ bilinmir, amma uzaqlardan daha aydın görünür. Amerikalılar elə hesab edirlər ki, Tramp Amerikanı yenidən böyük və güclü edəcək. Dünyanı batırandan sonra Amerikanın böyük olması nəyə yarar?

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR