Onlayn ictimai-siyasi qəzet
Braziliya hakimiyyəti ABŞ-ın Rusiya kəşfiyyatçısı Sergey Çerkasovun təhvil verilməsi tələbini rədd edib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Braziliyanın Ədliyyə və İctimai Təhlükəsizlik Nazirliyinin bəyanatında deyilir.
Naizrlik ABŞ-ın tələbini əsassız hesab edib, çünki müttəhimin artıq Rusiyadan ekstradisiya tələbi var və onu Braziliya Ali Məhkəməsi təsdiqləyib. Lakin bu qərarın icrası Çerkasovun Braziliyada hələ də istintaq altında olması səbəbindən dayandırılıb. Braziliyada Çerkasov sənəd saxtakarlığında təqsirli bilinib və həbsxanada cəzasını çəkir.
Çerkasovun saxlanması 2022-ci ilin iyununda məlum olub. Hollandiya hakimiyyəti Beynəlxalq Cinayət Məhkəməsində təcrübə keçmək üçün gələn Braziliya vətəndaşı Viktor Müller Ferreyranı Braziliyaya qovub. Hollandiya kəşfiyyat orqanları braziliyalının əslində hərbi kəşfiyyatda işləyən Rusiya vətəndaşı olduğunu müəyyən edib.
ABŞ 2023-cü ilin aprel ayının sonunda Çerkasovun ekstradisiyası üçün sorğu göndərib. ABŞ Ədliyyə Nazirliyi rusiyalının özünü beynəlxalq tələbə kimi təqdim edərək Vaşinqtonda kəşfiyyat fəaliyyəti ilə məşğul olduğunu iddia edir. ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, Çerkasov 2012-ci ildə Braziliyada rus agenti kimi işləməyə başlayıb və 6 il sonra tələbə adı altında ABŞ-a köçüb, orada Rusiya kəşfiyyatı üçün məlumat toplayıb.
Bununla belə, Çerkasov ekstradisiyası üçün sorğu ilk olaraq Rusiya tərəfindən göndərilib. Rusiyada ona qarşı narkotik alveri maddəsi ilə cinayət işi başlanıb. Rusiya hakimiyyətinin məlumatına görə, guya Çerkasov Əfqanıstandan heroin daşıyan böyük narkotik alverçisi olub. Çerkasov özü də bunu “etiraf edib” və vətəninə deportasiya edilməsini istəyib.
“Bellingcat” və “The Insider” öz araşdırmalarında Rusiya hakimiyyətinin Çerkasovu vətənə qaytarmaq üçün onu narkotik alverçisi kimi qələmə verdiyini bildirir. Çünki belə bir adamın “Əfqanıstandan narkotik gətirməsi” barədə heç bir sistemdə məlumat yer almayıb. Rusiya kəşfiyyatçılarının ABŞ-ın əlinə keçməməsi üçün tez-tez bu üsullardan istifadə edir.
“The Wall Street Journal” Çerkasovu ABŞ və Rusiya arasında kəşfiyyatçı mübadiləsi üçün mümkün namizəd adlandırır. Qəzetin məlumatına görə Çerkasov casusluqda ittiham olunaraq həbs edilən jurnalist Evan Qerşkoviçlə dəyişdirilə bilər.
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ