İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın başı dərddə - Bakı “xilas kəməri” atmasa...

Ermənistanda son seçkinin nəticələri iqtidar üçün həyəcan təbili çalır; Kreml müxalifəti dəstəkləməklə sülhün qarşısını ala bilər - Azərbaycan isə elə bir manevr edər ki...

Xəbər verildiyi kimi, ötən bazar Ermənistanın Gümrü şəhərində növbədənkənar bələdiyyə seçkiləri keçirilib. Baş nazir Nikol Paşinyanın partiyası cüzi fərqlə (36.7%) qalib gəlsə də, bələdiyyə sədrini təkbaşına seçmək şansını itirib. Bunun üçün müxalifətlə koalisiyaya ehtiyac var. Müxalifət namizədləri isə iqtidarla deyil, öz aralarından vahid namizədi seçməklə bağlı anlaşıblar. 

Yəni hakim partiya faktiki məğlubiyyətə bərabər qələbə qazanıb. Armavir vilayətinin Parakar icmasında keçirilən seçkilərdə isə hakim partiya məğlubiyyətlə üzləşib: birləşmiş müxalifət bloku 58 faizdən çox səs toplayıb və seçkilərdə qalib gəlib.

Qeyd edək ki, son vaxtlar Paşinyan və partiyasının reytinqi xeyli aşağı düşüb. Bu kontekstdə Gümrüdəki seçkilər gələn il nəzərdə tutulan parlament seçkiləri ərəfəsində hakim “Vətəndaş Sazişi” üçün mühüm əhəmiyyət kəsb edirdi. Məlumata görə, Ermənistanın baş naziri nəyin bahasına olursa-olsun, parlament seçkilərində qalib gəlməyi öz partiyası qarşısında vəzifə kimi qoyub.

Bəs qarşıdakı parlament seçkiləri də mer seçkiləri kimi bitə, yəni Nikol Paşinyanın partiyası qalib olsa belə, “ofsaytda” qala, baş nazirlik postunu itirə bilərmi? Azərbaycan üçün əhəmiyyəti. Bakı Nikolun hakimiyyətdə qalması üçün nə(lər) edə bilər?

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

 Elxan Şahinoğlu

Analitik Elxan Şahinoğluya görə, Ermənistanın ikinci böyük şəhəri olan Gümrüdə bələdiyyə seçkilərində Kommunist Partiyasının hakim “Vətəndaş Sazişi” Partiyasından sonra ikinci yeri tutması diqqət çəkicidir. Onun proqnozu budur ki, Ermənistan Kommunist Partiyası Gümrüdəki uğurunu ölkə ərazisinə yaymağa çalışacaq. E. Şahinoğlunun fikrincə, Kommunist Partiyası erməni cəmiyyətində nüfuzu azalan keçmiş prezidentlər - Robert Köçəryan və Serj Sərkisyanın partiyalarını müxalifət cinahında əvəz etmək istəyəcək: “Əslində, Ermənistan Kommunist Partiyasının digər müxalif partiyalardan elə böyük fərqi yoxdur. Bu partiya da Qarabağ separatizminə dəstək verib və İkinci Qarabağ müharibəsində məğlubiyyətə görə baş nazir Nikol Paşinyanın istefasını tələb edib. Erməni kommunistlər son illərdə parlament seçkilərində uğur qazanmayıblar, ancaq Gümrüdəki nailiyyət onları ölkə üzrə fəallaşdıracaq. Partiyanın adından və ideologiyasından aydındır ki, erməni kommunistləri Qərblə əməkdaşlıq əvəzinə Rusiya ilə müttəfiqliyin tərəfdarıdırlar”. Ekspert hesab edir ki, son çıxışında Robert Köçəryanın və Serj Sərkisyanın ünvanına “sizi divara çırparam” deyən Paşinyan parlament seçkilərinə qədər erməni kommunistlərin də zəif nöqtələrini tapmalıdır.

Artıq Tehranda səfirliyimizin açılması gözlənilmir" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

Məhəmməd Əsədullazadə

Siyasi təhlilçi Məhəmməd Əsədullazadənin isə rəyi belədir ki, Ermənistanda müxalifətin bələdiyyə seçkilərində Gümrü şəhərində və digər regionlarda qələbə əldə etməsi Paşinyanın mövqeyinin zəifləməsinin nəticəsidir. Onun sözlərinə görə, iqtidar partiyası Gümrüdə minimal qələbə əldə etsə də, mer seçmək üçün koalisiya lazımdır. “Bələdiyyə seçkilərində müxalifətin minimal üstünlüyü siyasi toparlanmağa gətirəcək. 2026-cı ildə keçiriləcək seçkilərdə müxalifət Paşinyana ciddi təzyiq edəcək. Təbii ki, Nikol müxalifətin qələbə əldə etməsinə imkan verməyəcək. Amma müxalifətin güclənməsi onun üçün yeni baş ağrısına çevriləcək”, - ekspert belə dəyərləndirib.

Onun fikrincə, müxalifət hakimiyyətə qayıdarsa, Azərbaycanla yenidən müharibə ehtimalı gündəmə gələ bilər: “Rusiya müxalifətə ciddi dəstək verəcək və bu da sülhün əldə edilməsinin qarşısını ala bilər. Ona görə də Azərbaycan sülh müqaviləsinin imzalanmasında tələsməməli və Ermənistanda yeni seçkiləri gözləməlidir” .

Ramiyə Məmmədova: “Bakıda Nuru Paşanın heykəlinin qoyulması məqsədə uyğun  olardı”

Ramiyə Məmmədova

Siyasi təhlilçi Ramiyə Məmmədova isə hesab edir ki, Bakı İrəvandakı iqtidarın mövcudluğunda maraqlıdır. Onun sözlərinə görə, Paşinyan da hakimiyyəti itirmək istəmirsə, Azərbaycanla yekun sülh sənədinin imzalanması üçün irəli sürülən iki şərtin yerinə yetirilməsini sürətləndirməlidir. Ekspert zamanın daraldığını və regionda hər an situasiyanın dəyişə biləcəyini müşahidə edir: “Ona görə də Ermənistanda hakimiyyət son seçkidəki nəticələrdən dərs götürməlidir. Paşinyanın komandası bilməlidir ki, müxalifətin əldə etdiyi nəticələr ona ruh verə bilər. Gəlin unutmayaq ki, Rusiya Gürcüstanda da Saakaşvili iqtidarını 8 il sonra seçki yolu ilə dəyişməyə nail olmuşdu. Paşinyan 7 ildir ki, hakimiyyətdədir və gələn il parlament seçkilər keçiriləcək. Yəni olduqca kritik ildir. Fikrimcə, Azərbaycan Ermənistanda siyasi hakimiyyətin dəyişməsini istəmirsə, diplomatik addımlarında bəzi manevrlər etməlidir ki, Paşinyanın daxildə nüfuzu və reytinqi güclənsin. Çünki bizə yekun sülh müqaviləsini imzalamaq lazımdır və o da indiki iqtidarla mümkün ola bilər. Yeni gələcək hökumətin isə addımlarını proqnozlaşdıra bilmərik”.

Ekspertin dediyinə görə, əgər ruspərəstlər hakimiyyətə qayıdarsa, vəziyyət müəyyən mənada dəyişəcək: “Düzdür, Rusiya Zəngəzur dəhlizinin onun nəzarəti altında açılması üçün yeni hakimiyyətə daha çox təsir edə biləcək. Amma sülh prosesinin nizamlanmasında Moskvanın səmimi dəstək verəcəyini gözləmirəm. Ona görə də Paşinyan son nəticələri analiz etməlidir və Azərbaycandan mədəd ummalıdır”.

Xatırladaq ki, Ermənistanın İrəvandan sonra 2-ci böyük şəhəri olan Gümrüdə keçirilən bələdiyyə seçkilərinin rəsmi nəticələrinə görə, Baş nazir Nikol Paşinyanın partiyası 36,80% səs toplayaraq 1-ci yer tutub. Maraqlıdır ki, seçkilərdə 2-ci yerə 20,71% səslə Ermənistan Kommunist Partiyası çıxıb. Onu da deyək ki, Paşinyanın partiyası 1-ci yerə çıxsa da, təkbaşına mer seçə bilmir, yəqin ki, danışıqlar yolu ilə müəyyən koalisiya qurulacaq, amma seçicilərin hər şeyə rəğmən Paşinyana səs verməsi maraqlı məsələdir.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR