İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkədə işçilər evdən işləyəcək - Azərbaycan üçün də presedent?

Koronavirus pandemiyası dünya əmək bazarında yeni bir trendin formalaşmasına şərait yaratdı. Söhbət uzaqdan - yəni evdən işləməkdən gedir. Pandemiya dünyanın əksər ölkələrində ən kəskin qapanmalara, hərəkət məhdudiyyətlərinin tətbiqinə səbəb oldu. Bu zaman işəgötürənlər mümkün olan bütün ixtisaslar üzrə işçilərin evdən işləməsinə icazə verdilər. İki ilə yaxın müddətdə dünyanın üz tutduğu bu yenilik 10 illik yol qət edərək sürətlə təkmilləşdi.

ABŞ-ın “Global Workplace Analytics” şirkətinin 2021-ci ilin sonlarında apardığı araşdırmalar üzə çıxarıb ki, ABŞ-da iş yerlərinin 56 faizində tam və qismən evdən işləmək imkanı var. ABŞ-da bütün ölkədə yarımgünlük evdən işləmək sisteminin tətbiqi Nyu-York ştatının bütün işçi qüvvəsinin evdən işləməsinin ətraf mühitə verdiyi xeyrə bərabər olacaq: yollarda hərəkətin azalması havaya istilik qazlarının buraxılmasını minimuma endirəcək: “Karbon qazlarının emissiyasının qarşını almağın şəhərətrafı nəqliyyatla hərəkətin azalması qədər sadə, sürətli və ucuz yolu yoxdur”.

Şirkətin hesablamalarına əsasən ABŞ-da 1 işçinin evdən işləməsi 1 ildə işəgötürənlərin 11 min dollarlıq xərcə qənaət etməsinə səbəb olur. Uzaqdan işləmək dünya dövlətlərinin qarşısında dayanan daha bir problemin həllinə təkan verir. Bu, əlilliyi olan şəxslərin işlə təminatıdır. Burada söhbət həm fiziki hərəkət məhdudiyyətli, həm də digər şəxslərdən (autizmli, Daun sindromlu və sair) gedir. Evdən işləmək bu şəxslərin iş tapmaq imkanını qat-qat artırır.

Maraqlıdır ki, kommunikasiya texnologiyalarının yüksək inkişafından sonra hələ pandemiyadan əvvəl də inkişaf etmiş ölkələrdə evdən işləməyin yaratdığı üstünlüklərlə bağlı araşdırmalar aparılıb. Araşdırmalar göstərib ki, evdən işləyən əməkdaşların məhsuldarlığı artır, vəzifələrinə daha kreativ yanaşırlar, problemlərin effektiv həll yollarını asanlıqla tapırlar, səhvləri, işəgötürənlərin isə xərcləri azalır. Lakin işəgötürənlər, böyük şirkətlər bu araşdırmaların nəticələrinə əhəmiyyət verməyiblər. Pandemiya dövründə isə onların diqqətləri bu araşdırmalara yönəlib. Onların sifarişləri ilə daha dərin araşdırmalar aparılıb və evdən işləməyin əmək məhsuldarlığını artıran, xərcləri isə azaldan amil olduğu təcrübədə isbatlanıb. Bundan sonra dünyanın nəhəng şirkətləri - Zillow, Facebook (Meta), Twitter və digərləri öz əməkdaşlarını mümkün olan qədər uzaqdan işləmələrinə icazə veriblər. Hətta 2021-ci ilin iyun ayında “Meta”nın sahibi Mark Zükerberq elan etdi ki, şirkət bütün ştatlı işçilərinə öz vəzifələrini uzaqdan yerinə yetirə biləcəkləri müddət ərzində evdən işləməyə icazə verəcək. Əvvəllər şirkət uzaqdan işləməklə bağlı daha sərt siyasət yürüdürdü. Lakin hazırda Zukerberq özü ən azı 2022-ci ilin birinci yarısını evdə keçirib. O, öz şirkəti üçün uzaqdan işləmək imkanı təmin edən hibrid ofislər hazırlayır. Şirkətin işçilərinin yarıdan çoxu, yəni təxminən 60 min nəfər bu rejimdə on il işləyə biləcək.

Evdən iş indiyədək dünyanın heç bir ölkəsinin əmək qanunvericiliyi ilə tənzimlənmir. Lakin artıq ayrı-ayrı ölkələrdə qanunvericiliyə bununla bağlı müddəalar daxil edilməyə başlanıb. Məsələn, bugünlərdə Niderlandda evdən işləmə praktikasının bütün işçilər üçün qanuni hüquq kimi tanınmasını nəzərdə tutan qanun layihəsi parlamentin aşağı palatası tərəfindən qəbul edilib. Qanun layihəsinin qüvvəyə minməsi üçün Senat tərəfindən təsdiqlənməlidir.

Qeyd edək ki, pandemiya dövründə Azərbaycanda da evdən işləmək təcrübəsi geniş yayılmışdı. Hətta pandemiya məhdudiyyətlərinin demək olar ki, bütünlüklə aradan qalxdığı indiki dövrdə də bir sıra iri şirkətlər işçilərinə evdən işləməyə şərait yaradırlar. Bu halda Azərbaycanda əmək qanunvericiliyinə evdən işləməklə bağlı dəyişikliklər oluna bilərmi? Hansı istiqamətlərdə dəyişikliklərin edilməsi zəruridir?

mks.az - Sahib Məmmədov: "İşsizlikdən sığorta sisteminin məqsədi işsiz  vətəndaşların əmək bazarına təkrar qayıtmasını təmin etməkdir"

Sahib Məmmədov

Sualları cavablandıran Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədovun “Yeni Müsavat”a dediyinə görə, artıq bütün dünyada evdən işləməyin sahibkarlar üçün iqtisadi baxımdan səmərəli olduğu qəbul olunub: “Hazırda qlobal əmək bazarında iki mühüm tendensiya var: biri iş vaxtının qısaldılmasıdır. Buna əmək haqqının azaldılmaması şərtilə gedilməsi müzakirə olunur. İkinci tendensiya uzaqdan işdir. Bu, işəgötürənlərin xərclərinə xeyli dərəcədə qənaət etməyə imkan verəcək. Düzdür, elə işlər var ki, onları məsafədən təşkil etmək qeyri-mümkündür. Lakin əksər işlər üçün bu imkan var”.

Ekspert bildirir ki, Azərbaycanda özəl sektorda uzaqdan işin tətbiqi əmək qanunvericiliyinə dəyişiklik etmədən də mümkündür: “Lakin dövlət sektoru üçün Əmək Məcəlləsinə dəyişiklik olunması mütləq lazımdır. Çünki əvvəla, hansı işlərin məsafədən icra olunması mümkündürsə, onların siyahısı təsdiqlənməlidir. Bunu Nazirlər Kabineti həyata keçirməlidir. Biz, məsələn, təklif etmişdik evdə körpə uşağına baxan analar üçün məsafədən işləməyə şərait yaradılsın. Burada digər açıq məsələlər də var ki, qanunvericiliklə tənzimlənməsinə ehtiyac var. Məsələn, evdən işləyən insanlar üçün istehsalatda bədbəxt hadisə və peşə xəstəliklərindən sığortalanmanın hansı formada həyata keçiriləcəyi mütləq qanunla tənzimlənməlidir. Digər məsələ uzaqdan işə nəzarət mexanizminin yaradılmasıdır. Qlobal şirkətlər - Meta, Google və sairləri bunu artıq yoluna qoyublar. Azərbaycanda da belə nəzarət mexanizmi formalaşdırılmalıdır”.

Dünya SAKİT

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR