İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu məktubla ABŞ Dövlət Departamentini ifşa etdilər

 
Məlum olduğu kimi, Amerika Birləşmiş Ştatlarının bir qrup senator və konqresmeni oktyabrın 3-də dövlət katibi Antoni Blinkenə məktub yazaraq ölkəmizə qarşı sanksiya tətbiq olunmasını tələb ediblər. Azərbaycana nifrət və düşmənçilik hissi ilə dolu olan məktubun təhlili göstərir ki, belə bir iyrənc və şantaj xarakterli müraciətin vaxtı və məzmunu təsadüfən seçilməyib.
 
Bəribaşdan deyim ki, “ABŞ konqresmen və senatorları erməni lobbisinin əlində alətə çevrilibdir” kimi ənənəvi düşncə bu dəfə keçərli deyil. Məktubun təşəbbüskarı da ermənilər deyil.

Bu təşəbbüsün müəllifinin kimliyi haqqında Prezident İlham Əliyevin oktyabrın 4-də Cəbrayılda verdiyi açıqlama bütün suallara aydınlıq gətirdi: “Amerika Konqresinin 60 üzvü Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün Amerika hökumətinə müraciət etmişdir. Bu çirkin müraciət bizim iradəmizə təsir edə bilməz. Müraciətin müəllifi də, ünvanı da birdir. Çünki bunun ünvanı Amerika Dövlət Departamentinin Dövlət katibidir. Zərrə qədər şübhə yoxdur ki, bu müraciət Amerika Dövlət Departamentində yazılıb”.

Dövlət başçısının qətiyyətlə dediyi bu fikirləri həm məktubun imzalanma tarixi, həm də orada əks olunan uydurma narrativlərin dili və üslubu da təsdiq edir. Açıq şəkildə görsənir ki, ABŞ dövlət departamenti bu məktub vasitəsilə istifadə edilməyə həvəsli olan bir qrup senator və konqresmeni Azərbaycana qarşı təzyiq alətinə çevirə bilibdir.

Fikrimcə, burada bir sıra səbəblər var. Ən birinci səbəb, ABŞ-ın Azərbaycan hakimiyyətini milli maraqlarımıza zidd olaraq Ermənistanla yarımçıq sülh müqaviləsinin bağlamasına məcbur etmək istəyi ilə bağlıdır. Məlumdur ki, dövlət departamenti və şəxsən dövlət katibi Blinken çox çalışırdı ki, Ermənistanın konstitusiyasında dəyişiklik edilmədən, ölkəmizə qarşı ərazi iddiaları aradan qaldırılmadan Azərbaycan və Ermənistan XİN başçılarının sentyabrın 26-da Nyu-Yorkda keçirilən görüşündə hər hansı bir sənəd imzalansın. ABŞ tərəfindən Paşinyan komandasına “biz razılaşdırılmış 13 maddə üzrə istənilən vaxt, hətta, Bakıda sülh müqaviləsini imzalamağa hazırıq” cümləsini tutuquşu kimi təkrarlamaq haqqında təlimatın verilməsi də məhz bu məqsədi daşıyırdı. Belə olan təqdirdə Azərbaycanı sülh müqaviləsini pozan, Ermənistanı isə əksinə, sülhün carçısı kimi dünyaya təqdim etmək daha asan olur. Konstitusiyanı dəyişmədən Ermənistanla sülh müqaviləsinin imzalanması gələcək ərazi iddiası və yeni qanlı münaqişə üçün əsasların saxlanılması deməkdir. Bu da ABŞ-a öz geosiyasi maraqlarını təmin etmək və Cənuba Qafqazı daim təsir altında saxlamaq üçün lazımdır.

Azərbaycan təbii ki, belə bir təzyiqə boyun əymədi, yalançı və heç bir qalıcılığı olmayan sülh müqaviləsini imzalamqdan imtina etdi. Azərbaycan Prezidentinin qətiyyəti və sarsılmaz iradəsi ölkəmizə qarşı planlaşdırılan təhlükəli oynun qarşısını almış oldu.
 
Bu isə ABŞ-ın dövlət katibinin yerli və beynəlxalq ictimaiyyət qarşısında, o cümlədən karyerası dövründə üzləşdiyi ən ciddi diplomatik uğursuzluğu və bəlkə də fiaskosu idi. Bu səbəbdən biz oktyabrın 3-də bir qrup konqresmen və senatorun dili ilə ABŞ dövlət katibinin uğradığı fiaskonun revanşı kimi Azərbycana qarşı hazırladığı şantaj və böhtan dolu məktubunun şahidi olduq.
 
Lakin bu dəfə ABŞ dövlət departamenti əsl simasını gizlədə bilmədi. Beynəlxalq hüququn və beynəlxalq humanitar qanunların fundamental prinsiplərini heçə sayan, utanmadan işğalçılara, terrorçulara, separatçılara və müharibə canilərinə haqq qazandıran, Azərbaycanın milli maraqlarını və təhlükəsziliyini hədəfə alan bədnam müraciətin təşəbbüskarının və müəllifinin kim olduğu üzə çıxdı və beləliklə, Blinkenin riyakarlığı ifşa olundu.

Sonda isə yenə də cənab Prezidentin Cəbrayılın işğaldan azad olunduğu gün, 4 oktyabrda dediyi bir fikri xatırlatmaq istərdim:
 
“Bugünkü gün anti-Azərbaycan qüvvələr üçün yas günüdür, matəm günüdür. Azərbaycan öz hüququnu bərpa etdi, heç kimdən soruşmadan, heç kimdən qorxmadan. Bunu bizə bağışlaya bilmirlər”.

Həqiqətən, Vətən müharibəsində əldə etdiyimiz hər qələbə, Qarabağda suverenliyimizi təmin etdiyimiz tarixi gün təkcə Ermənıstan üçün deyil, Azərbaycanı sevməyən bütün ölkələr və dairələr üçün əsl matəm və hüzn günüdür.
 
Görünür, onları qarşıda hələ çox hüzn və matəm günləri gözləyir...

Azay Quliyev, millət vəkili

Musavat.com
 
 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR