Onlayn ictimai-siyasi qəzet
Gəncə şəhərində 1998-ci il təvəllüdlü Elmar şəxsi münasibətlər zəminində münaqişə zamanı 1983-cü il təvəllüdlü Sahibi qətlə yetirib.
Musavat.com Teleqraf.com-a istinadən xəbər verir ki, Elmarın qohumu Elşən özünə məxsus olan "YouTube" sosial şəbəkə kanalında canlı efirdə "Sahib Dost" istifadəçi adı ilə qeydiyyatdan keçmiş Sahiblə onu təhqir etməsi səbəbindən mübahisə edib.
Mübahisəni aydınlaşdırmaq üçün onlar Gəncə şəhəri, Natəvan qəsəbəsi ərazisində yerləşən "Şans" ərzaq mağazasının yanında görüş təyin ediblər. Həmin gün saat 23.50-də Elşən qohumu Elmarla birlikdə təyin olunan yerə gəliblər. Orada Sahiblə, həmçinin onun yanında olan şəxslərə görüşüblər.
Görüş zamanı Elmar Sahibə sosial şəbəkə hesabında nalayiq ifadələr işlətməsini irad tutub. Sahib Elmarın haqlı iradına məhəl qoymayaraq onu nalayiq ifadələrlə təhqir edib. Mübahisə zamanı Elmar Sahibin sifət nahiyəsinə yumruq zərbəsi vurub.
Sahib 29 avqust 2021-ci ildə stasionar müalicədə olduğu Gəncə şəhər Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasında vəfat edib.
İstintaq orqanı tərəfindən Elmarın barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərərvurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə ittiham elan edilib.
"Mübahisəsi olduğunu dedi"
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elmar özünü Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə təqsirli bilib.
Elmar bildirib ki, Elşən və qardaşı Mirruhin onun doğma xalası nəvələridir: "Avqustun 26-da saat 23 radələrində Elşən taksi ilə Samux rayonu Bağmanlar kəndindəki yaşadığımız evin qarşısından keçirdilər. Bu zaman dayanıb mənimlə söhbət etdilər.
Söhbət əsnasında Elşən internet sosial şəbəkəsində Sahib adlı şəxslə mübahisəsi olduğunu dedi. Sahibin söyüş söydüyünü, söhbətə dəvət etdiyini, həmin şəxslə görüşmək üçün Natavan qəsəbəsindəki "Şans" marketinin yanına gedəcəyini söylədi. Mən də birlikdə getməyi təklif etdim.
Qohum olduğumuz üçün Elşəngillə birlikdə qeyd edilən ərzaq mağazasının yanına getdik. Avtomobildə bizdən və sürücüdən başqa heç kim olmayıb".
"Səhv danışdığını bildirdim"
Təqsirləndirilən şəxsin ifadəsinə görə, onlar təxminən 2-3 dəqiqəyə "Şans" ərzaq mağazasının yanına çatıblar: "Taksi sürücüsü bizi düşürdükdən sonra mağazanın yanından uzaqlaşdı. Qısa müddət sonra Elşənlə Mirruhinin tanışları Məhəmməd də gəldi. Məhəmmədi əvvəllər Elşəngilin yanında görsəm də, onunla münasibətim olmayıb.
Az sonra mərhum Sahibgil boz rəngli taksidə yanımıza gəldilər. Avtomobildə adlarını sonradan bildiyim Sahib, Füzuli və taksi sürücüsü ilə birlikdə 3 nəfər idilər. Füzuli özünü 33 nömrəli avtobus xətt sürücüsü kimi təqdim etdi.
Bir-birimizlə salamlaşdıqdan sonra mən, Elşən, Mirruhin və Sahib kənara çəkilib, söhbət etməyə başladıq. Biz sakit söhbətə başlamağımıza baxmayaraq Sahib içkili idi, özünü haqlı hesab edirdi. Elşənin ünvanına "bu peysərdi, buna demişəm, sən kimsən ki bura gəlmisən, bunun söhbətinə gələn elə bunun tayıdır" kimi ifadələr işlətdi.
Mən səhv danışdığı üçün Sahiblə birlikdə gəlmiş Füzuliyə yaxınlaşdım və Sahibin özünü idarə edə bilmədiyini, buna görə onu özü ilə birlikdə oradan uzaqlaşdırmasını istədim. Füzuli də "neyniyim, öhdəsindən gələ bilmirəm" dedi".
"Bir zərbə vurdum"
Elmar qeyd edib ki, həmin zaman Elşənlə Sahib mağazanın qarşısında yolun kənarında dayanıb və söhbət ediblər: "Füzuli ilə söhbət etdikdən sonra təkrar Sahibin yanına qayıtdım. Elşən mənə səbirli davranmağı, Sahibin içkili olduğunu və ona əl qaldırmamağı dedi.
Mən Sahibin hərəkətlərindən qəzəblənərək sağ əlimin içərisi ilə onun sifət nahiyəsinin sol tərəfinə bir zərbə vurdum. Zərbənin təsirindən Sahib yerə yıxıldı, başı yerə dəydi və huşunu itirdi.
Bunu görən kimi Füzuli ilə birlikdə Sahibi yerdən qaldırdıq və yolun kənarındakı bardurun üzərində oturtduq. Əl-üzünə su vurduqdan sonra Sahib özünə gəldi".
Elmarın sözlərinə görə, Füzuli ilə taksi sürücüsü Sahibi avtomobilə əyləşdirib və evlərinə aparıblar: "Biz də yaşadığımız Samux rayonunun Bağmanlar kəndinə qayıtdıq. Evə çatdıqdan sonra Sahibin gəldiyi taksi sürücüsü Eminə zəng etdim və Sahibin hal-əhvalını soruşdum. O da narahat olmamağı, Sahibi bacısıgilə apararaq təhvil verdiklərini bildirdi".
"500 manat istədiklərini dedilər"
Təqsirləndirilən şəxs qeyd edib ki, avqustun 27-də günorta saatlarında Elşən ona zəng edib və Sahibin vəziyyətinin pisləşdiyini, xəstəxanaya aparıldığını deyib: "Həmin vaxt tanışım Araz da yanımda idi. O mənə xəstəxanaya getməyi, Sahibin vəziyyəti ilə maraqlanmağı məsləhət bildi.
Araz, Elşən və Məhəmmədlə birlikdə Abbas Səhhət adına xəstəxanaya getdik. Mən kənarda gözlədim, Arazla Elşən xəstəxanaya daxil oldular. Sahibin vəziyyəti ilə maraqlandıqdan sonra geri qayıtdılar. Qohumlarla söhbət etdiklərini və müalicə üçün 500 manat istədiklərini dedilər.
Tutulacağımdan qorxduğum üçün Yevlax rayonu Çardaqlı kəndində yerləşən və əvvəlcədən tanışım olan Zahid adlı şəxsin çoban işlədiyi fermaya getdim. Zahidə bir nəfərlə dalaşdığımı və onu vurduğumu dedim. Bir müddət həmin fermada qaldım.
Sentyabrın 5-də həmin fermada olarkən polis əməkdaşları oraya gəldi. Barəmdə axtarış qərarını elan etdilər və özləri ilə birlikdə polis idarəsinə apardılar".
"Uca səslə danışmasını eşitməmişəm"
İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilən mərhumun bacısı İradənin sözlərinə görə, 1995-ci ildən Gəncə şəhərinə köçüb və Raufla ailə qurub:
"2021-ci ilin mayında Sahib işləmək üçün Gəncəyə gəldi və bizimlə birlikdə yaşadı. O, ərim Raufla birlikdə Gəncə şəhərində yas mərasimlərində ofisiant işləyirdi. Avqustun 26-da səhər saatlarında Sahib restorana işə getdi, saat 22 radələrində evə qayıtdı. İşdən qayıtdıqda mən də evdə olmuşam və qardaşıma yemək vermişəm.
Sahib yeməyini yedikdən sonra telefonuna zəng gəldiyi üçün yaşadığımız evin həyətinə çıxdı. Orada telefonla danışdı. Sahibin telefonla uca səslə danışmasını və ya kiminləsə mübahisə etməsini eşitməmişəm.
Sahib telefonla danışmaq üçün məhləyə çıxanda ərim Rauf da evdə idi. Sahibin arxasınca məhləyə çıxdıqda onun qonşuluqda yaşayan Füzuli ilə birlikdə dayanaraq söhbət etdiklərini gördüm. Təkrar məhləyə çıxanda onları küçədə görmədim. Qardaşımın mobil telefonuna zəng etdim. Sahib narahat olmamağı, bir qədər sonra qayıdacağını dedi".
"Ərim ilə birlikdə yanına getdik"
Hüquqi varis qeyd edib ki, həmin günün gecəsi saat 1 radələrində Sahibin istifadəsində olan nömrədən ona zəng gəlib: "Nömrə qardaşımın olsa da, zəng edən Füzuli idi. O, Sahibin yaşadığımız küçənin girişində içkili vəziyyətdə olduğunu dedi. Ərimlə dərhal onların yanına getdik. Qardaşım dedi ki, İradə, mənə dəymə, qoy bir az dincəlim. Onun pis vəziyyətdə olduğunu gördüm.
Füzuli və Raufun köməkliyi ilə Sahibi əl arabasına uzatdıq və evə apardıq. Sahib mənə dediyi ilk sözlərindən sonra heç nə danışmadı. Hansı şəraitdə xəsarət almasını söyləmədi.
Qardaşımı evə apardıqdan sonra onun üz nahiyəsində xəsarət olduğunu gördüm və dərhal Daxili İşlər Nazirliyinin "102" xidmətinə, daha sonra təcili tibbi yardım olan "103" xidmətinə zəng etdim. Bir qədər sonra yaşadığımız ünvana polis əməkdaşları, təxminən saat 3-4 radələrində isə xəstəxanadan göndərilmiş təcili tibbi yardım avtomobili gəldi.
Sahibi təcili tibbi yardım avtomobili ilə Abbas Səhhət xəstəxanasına apardılar. Həkimlər onu müayinə etdilər, baş nahiyəsində travma olduğunu dedilər. Rentgen müayinəsindən sonra baş nahiyəsində hematoma əmələ gəldiyini bildirdilər.
Rentgen diskini bizə verərək xəstəxanada neyrocərrah olmadığını, vaxt itirməmək üçün Gəncə şəhər özəl xəstəxanalarda fəaliyyət göstərən neyrocərrahların adlarını sadalayaraq həmin diski neyrocərraha təqdim etməli olduğumuzu bildirdilər.
Həmin ərəfələrdə başımız qarışıq olduğu və Sahibin sağalacağına ümid etdiyimiz üçün diski həkimlərdən götürərək özəl xəstəxanalardakı neyrocərrahlardan birinə təqdim edə bilmədik. Həkimlər də neyrocərrahın qəbuluna getməməyimiz barədə heç nə demədilər.
Avqustun 29-da Sahib müalicədə olduğu Abbas Səhhət xəstəxanasında vəfat etdi".
"Hərbi şəhərciyə yollandım"
İş üzrə şahid qismində ifadə verən Elşənin sözlərinə görə, "YouTube" video portalında "Eliko Production" adlı kanal açaraq müxtəlif mövzulu video paylaşımlar edib, mütəmadi olaraq özünə məxsus kanalda canlı efir açaraq orada musiqiləri fonda səsləndirib, ara-sıra müxtəlif mövzulardan bəhs edib:
"Həmin canlını 7/24 formatda, yəni bütün gün ərzində açıq saxlamışam. Avqustun 26-da həmişə olduğu kimi canlı efiri açıq qoydum və səhər saatlarında fəhləlik etmək üçün Gəncə şəhərinin çıxışında yerləşən hərbi şəhərciyə yollandım.
Gün ərzində işlədim, təxminən gecə saat 23 radələrində evə qayıdaraq şam yeməyini yedim. "YouTube" sosial şəbəkədəki canlı efirinə daxil oldum. Canlı efirdə "Sahib Dost" adlı istifadəçinin "Ay peysər, məni niyə bloka atmısan?" cümləsini yazdığını, ardınca da onun öz mobil nömrəsini yazaraq zəng etməyi tələb elədiyini gördüm.
Canlı efirin qaydalarına əsasən, ismarıclarda nalayiq ifadələr işlədən şəxslər moderatorlar tərəfindən blok edilir. Mən "Sahib Dost" adlı istifadəçinin mobil telefon nömrəsinə vatsap vasitəsi ilə zəng etdim, ondan "mənim peysərliyimi harada görmüsən?" deyə soruşdum.
Sahib cavabında məni təhqir etmək istəmədiyini, sadəcə mənə xəbərdarlıq üçün həmin sözü işlətdiyini bildirdi.
Zəngi bitirdikdən bir neçə dəqiqə sonra Sahibin nömrəsindən təkrar zəng gəldi. O, özünü Sahibin qohumu kimi təqdim etdi və bildirdi ki, qaqaş, fikir vermə, Sahib içkilidir, baş qoşma, nə danışdığını anlamır, gəl bir yerdə oturaq, şokolad alım, çay içək, bu söhbəti bağlayaq. Mən də onunla razılaşdım".
"Əvvəlcədən tanımamışam"
Elşən qeyd edib ki, Sahibin tanışı olan şəxs "33" saylı xətt marşrutunun sürücüsü olduğunu bildirib, söhbəti mehribançılıqla bağlamağı xahiş edib və onunla "Şans" ərzaq mağazasının yaxınlığında görüşməyi qərara alıblar:
"Həmin gün gecə saat 12 radələrində qardaşım Mirruhinlə birlikdə taksiyə minərək həmin market istiqamətində getdik. Yolda "Bağban" adlı marketin yaxınlığında bizimlə qohumluq münasibətlərində olan, anamın xalası oğlu Elmarı gördük. Avtomobili dayandırdıq və onunla söhbət etdik.
Söhbət zamanı baş vermiş hadisəni danışdıq və həmin şəxslə görüşmək üçün getdiyimizi bildirdik. Elmara birlikdə getməyi təklif etdik. O da razılaşdı. "Şans" mağazasının yanına çatdıqdan bir neçə dəqiqə sonra Sahib 3 nəfərlə ora gəldi".
Şahid daha sonra ifadəsində aralarında yaranan münaqişədən, Elmarın Sahibi vurmasından danışıb.
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Elmarın əməli Cinayət Məcəlləsinin 124.1-ci maddəsinə tövsif edilib.
Ona 2 il 3 ay müddətinə cəza təyin edilib.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ