Onlayn ictimai-siyasi qəzet
“Batka”nın vida çıxışı, yoxsa...
Belarusda vəziyyət qarışa bilər. Uzun zamandır bu ölkə, konkret Aleksandr Lukaşenko hökuməti ilə bağlı planlar hazırlanırdı. Deyəsən, artıq Belarusda vəziyyət kifayət qədər gərgindir və reallıqları “Batka” özü də dərk edir.
Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, ölkə sakinlərini dövlət başçısı postundan getməsinə hazırlayır.
Bu barədə Belarus lideri “Rossiya” telekanalına müsahibəsində danışıb.
“Mən insanları prezidentlikdən getməyə hazırlayıram, heç bir məyusluq və uğursuzluq olmasını istəmirəm. Biz bu yaxınlarda dəyişikliklər edərək Belarus konstitusiyasını yenidən yaratdıq. Amma biz dəyişiklik istəmirik, çünki bir növ inqilab olsun.
Mən inqilabi deyil, təkamül dəyişikliklərinin tərəfdarıyam. Və bu illər ərzində indi gördüyünüzü qurmaq üçün çox şey etdik. Bəzilərinin xoşuna gəlir, bəzilərinin xoşuna gəlmir, amma ümumiyyətlə insanlar özlərini rahat hiss edirlər", - deyə o bildirib. (Report)
O, həmçinin deyib ki, Belarus ordusunun demək olar ki, üçdə birini Ukrayna ilə sərhədə yerləşdirmək məcburiyyətində qalıb.
Lukaşenko diqqətə çatdırıb ki, Ukrayna Belarusla sərhədləri yaxınlığında 120 mindən çox hərbi qulluqçu saxlayır.
Prezident xatırladıb ki, Rusiyadan iyunun sonu, iyulun əvvəlində Belarusun Müstəqillik Günü paradında iştirak etmək üçün aviasiya və quru qoşun hissələrinin bir çoxu gətirilmişdi: “Ukraynalılar o zaman Rusiyanın Belarus ərazisindən hücuma keçəcəyini düşünürdülər. Və onlar (Ukrayna - qeyd) 120 min hərbi personanı sərhədə köçürməyə başladılar. Cavab olaraq ordunun üçdə birini Ukrayna ilə sərhədə yerləşdirməyə məcbur oldum. Müharibə, müdafiə zamanı olduğu kimi, bütün sərhəd boyu hərbçilərimizi gətirdik və müəyyən nöqtələrə yerləşdirdik. Üstəlik, orada xüsusi təyinatlılar - "Alfa", “Almaz” və başqaları işləyir, öz işlərini görürlər".
Lukaşenko onu da vurğulayıb ki, Belarus qoşunlarının yaxın vaxtlarda sərhəddən çıxarılması istisna olunur: “Bizim qoşunlarımızı Ukrayna ilə sərhəddən çıxarmaq ölüm kimidir”.
Belarusa Ukraynadan hücum və ardınca daxildə inqilab ssenarisi artıq işə düşür, yoxsa başqa məsələlər də var?
Sona Əliyeva
Siyasi təhlilçi Sona Əliyeva hazırda Rusiya-Belarus münasibətlərinin isti olmadığını söylədi: “Belarusun taleyi, həmişə olduğu kimi, yenə də Rusiyadan asılıdır. Əgər Kreml Minskdən əlini çəkərsə, o zaman prezident Lukaşenkonun "qələmi qırıla" bilər. Çünki hazırda Rusiya ilə Belarus arasındakı münasibətlər Kursk hadisələri fonunda elə də isti deyil. Gərginləşməyə səbəb Belarusun öz sərhədləri daxilindən Ukraynaya əks-hücum üçün icazə verməməsi göstərilir. Görünən odur ki, Lukaşenko da vəziyyəti dərindən təhlil edir və hakimiyyətdən gedəcəyini də gözə alır. Rusiyanın gücünü arxasında hiss etmədən “Batka”nın kürsüsü üçün qollarını çırmayıb xalqa qarşı dirəniş göstərəcəyi istisna deyil. Artıq belaruslular da onun yarıtmaz iqtisadi “islahatlarından” təngə gəliblər. Belarus baş verən geosiyasi oyunlar fonunda ölkələrinin üzləşdiyi çətinliklərdən cana doyublar. Qərb nəşrləri hesab edirlər ki, bu cür iqtisadi çətinliklərin və sanksiyaların davamı gələrsə, gələn ilin yazına qədər Belarusda aclıq və səfalət başlayacaq. Bu da xalqın küçələrə axışması, legitim prezidentin kürsüsünü qoyub Moskvaya qaçması ilə nəticələnəcək. Yəqin ki, Lukaşenko da “getməyə hazırlaşıram” deməklə məhz buna işarə edir. Moskva Lukaşenko kartını başqası ilə əvəzləyə bilər, amma Belarusu əldən verməyəcək. Düşünürəm ki, belarusluların narazılığı fonunda “Batka”nı yeni sima əvəzləyəcək. Hətta Türkmənistan variantı, “ata-oğul” kartı da istisna deyil".
Əhəd Məmmədli
AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli Belarusun Rusiyadan asılı duruma düşməsində Qərbi suçlu bilir: “Fikrimcə, Lukaşenko könüllü iqtidarı yavaş-yavaş verir. Ola bilsin ki, bu Qərblə hansısa anlaşmada olsun. Məsələn, Qərb Rusiya ilə qarşıdurmada Lukaşenko və ailəsinin təhlükəsizliyini təmin edəcək. Belarusu da cəzalandırmayacaq. Və yaxud da Lukaşenkonun bu addımı həm də Rusiyadan asılılığını azaltmaq üçün düşünülüb. Qərb keçən prezident seçkilərində siyasətdə naşı Tixanovskaya kimi avantüristi dəstəkləməklə Belarusu Rusiyanın qucağına atdı. Yoxsa Lukaşenko gərəkliyində Moskvaya dişini göstərən siyasi liderlərdən idi. İstənilən halda dəyişən dünyada Lukaşenko da görür ki, o da, dövləti də dəyişməlidir. Bu məsələdə əsas nüans da budur. Fikrimcə, Ukraynanın Belarusa hücumu Qərbin Minsklə münasibətlərində növbəti səhvi olar və birdəfəlik Belarusu Rusiyanın yanında edir. Üstəlik, hesab edirəm ki, Ukrayna o gücdə deyil ki, iki cəbhədə vuruşsun. Belarusa gözlənilən hücum Ukrayna üçün ikinci cəbhəni açmaq anlamına gəlir. Düşünürəm ki, indiki halda bu Kiyev üçün o qədər də arzu olunan ssenari deyil”.
Elxan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Batkanın belə bir fikrə düşməsini yaşı ilə əlaqələndirir: “Lukaşenko ancaq özünün və hakimiyyətinin maraqlarından çıxış edir. Bu gün Moskvadan asılıdır deyə Rusiya ilə ittifaqı gücləndirir, Putinin əmrlərini yerinə yetirir. Sabah Rusiya büdrəsin, Putin zəifləsin, birinci Kremldən uzaqlaşan məhz Lukaşenko olacaq. Lukaşenko ingilislərin "Böyük Britaniyanın dostları yoxdur, əbədi maraqları var" prinsipindən çıxış edir. Əslində Rusiyadan asılılığı var deyə bu ittifaqda yer alır. Hesab edirəm ki, Ukraynaya qarşı aparılan işğalçı müharibəni daxilən Lukaşenkonun özü belə dəstəkləmir. Təsadüfi deyil ki, rus kanallarına verdiyi son müsahibədə dedi ki, müharibəni dayandırmaq lazımdır. Baxmayaraq ki, Rusiyanı dəstəkləyir. Müharibə hamını uçuruma aparır. Lukaşenko başa düşür ki, Rusiya Belarusdan da istifadə etmək istəyir. İstisna etmirəm ki, Ukraynanın Rusiya ərazilərinə müdaxiləsinə cavab olaraq Putin istəyə bilər ki, Belarus ərazisindən Ukraynaya qarşı ikinci cəbhə açsın. Lukaşenko da bilir ki, bu, Belarusu ölümcül vəziyyətə gətirib çıxara bilər. Amma Putindən asılılıq hələ ki davam edir. Lukaşenko hakimiyyətini ötürmək istəyir. Çünki yaşlaşıb. Lukaşenko o liderlərdəndir ki, hakimiyyətini kimə gəldi yox, inandığı adama hakimiyyəti etibar edəcək. Varisliyin davam etdirilməsinə çalışacaq. Hətta ara-sıra övladının da adını çəkib. Belə bir variant da mümkündür. Çalışacaq ki, ilk növbədə özünün və ailəsinin təhlükəsizliyi təmin olunsun, onun yürütdüyü siyasət davam etdirilsin".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ