İnsanlara hürriyət, millətlərə istiqlal!

Sinirlioğlu Bakıda o sözü niyə demədi?

ATƏT-in Baş katibinin Minsk Qrupunun ləğvi ilə bağlı çağırışlara susqunluğu bir neçə səbəblə izah edilir

Postmüharibə dövründə Cənubi Qafqaz regionunda uzunmüddətli sabitlik, təhlükəsizlik və əməkdaşlıq arxitekturasının qurulması üçün Azərbaycanla Ermənistan arasında etibarlı sülhün təmin olunması zəruridir. Sülhə nail olunması üçün isə tərəflər tənzimləmə prosesinə sözdə deyil, real müstəvidə sadiqlik göstərməli və bir sıra zəruri şərtlər təmin olunmalıdır ki, bunlardan biri də artıq ölü quruma çevrilən Minsk Qrupunun de-yure ləğv edilməsi ilə bağlıdır.

Minsk Qrupunun ləğv olunmaması sülh prosesini ləngidən əsas amillərdən biridir. Hazırkı mərhələdə tam şəkildə ləğv olunmamış Minsk Qrupunun Azərbaycanın maraqlarına zidd fəaliyyətini neytrallaşdırmaq məqsədilə Azərbaycan diplomatik müstəvidə fəallığını davam etdirir. Bu çərçivədə atılan addımlardan biri kimi Azərbaycanın ATƏT-in ümumi büdcəsindən Minsk Qrupu üçün vəsait ayrılmasına qarşı çıxması qeyd oluna bilər.

Bu baxımdan Firudin Sinirlioğlunun ATƏT-in Baş katibi kimi regiona ilk səfərinə ümid çox idi. Baş katibin İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə Ermənistan-Azərbaycan sülh prosesinin cari vəziyyəti müzakirə edilib. Paşinyan bildirib ki, ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı sənədin imzalanması sülh müqaviləsi ilə eyni gündə baş tutmalıdır. Onun yanaşmasına görə, əgər münaqişə rəsmi olaraq bitmiş hesab olunacaqsa, onun həlli ilə məşğul olan quruma da ehtiyac qalmayacaq.

Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun ləğv edilməsini Prezident İlham Əliyev dəfələrlə bəyan edib. Prezident aprelin 25-də ATƏT-in Baş katibi Feridun Sinirlioğlunu qəbul edərkən deyib: “ATƏT-in Minsk Qrupunun və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtı artıq çoxdan çatıb”.

Prezident Əliyev Ermənistan tərəfindən də bu xüsusda addımların atılmalı olduğunu bir daha qeyd edib. Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini hərbi və siyasi yollarla tam təmin etdiyini, bununla da ölkəmiz tərəfindən Helsinki Yekun Aktının, beynəlxalq hüququn norma və prinsiplərinin Cənubi Qafqazda təsbit edilməsinin təmin olunduğunu deyib.

Bəs ATƏT-in baş katibi bu təsisatın ləğv edilib-edilməyəcəyi barədə niyə bir söz demədi?

Azərbaycan Milli İstiqlal Partiyasının Sədri - Azərbaycan Milli İstiqlal  Partiyası

 Arzuxan Əlizadə 

Deputat Arzuxan Əlizadə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bunun səbəbi var. Parlamentari əvvəlcə xatırlatdı ki, ATƏT-in Baş katibi həm Bakıda, həm İrəvanda sülh prosesini müzakirə edib, amma Minsk Qrupu məsələsinə toxunmayıb: “O, kifayət qədər təcrübəli siyasətçidir, cənab Ərdoğanın komandasına yaxın biridir. Lakin tutduğu vəzifəyə uyğun olmazdı ki, Minsk Qrupunun buraxılması haqda fikir bildirsin. Bu missiya de-fakto fəaliyyətini dayandırsa da, de-yure qalır və baş katib olaraq ATƏT-in bir qolunun əleyhinə çıxış edə bilməzdi. Yəni hazırkı statusu buna imkan vermir”.

A.Əlizadə qeyd etdi ki, Sinirlioğlu onsuz da fərqindədir ki, Minsk Qrupunun saxlanması mümkün deyil və missiyanın bərpası gözlənilmir: “Eyni zamanda Azərbaycanın haqlı tələb irəli sürdüyünü də yaxşı bilir. Əslində Ermənistan da Minsk Qrupunun ləğvinin tərəfdarıdır, sadəcə, sülh sazişinə qədər bu formatdan siyasi alver kimi istifadəni nəzərdə tutur. Amma bu manipulyasiya alınmayacaq və İrəvan bu məsələdə də fiaskoya yaxındır”.

A.Əlizadə qeyd etdi ki, ATƏT-in Baş katibi Minsk Qrupu buraxılmadan sülh sənədinin imzalanmasının mümkün olmadığını belə gözəl bilir: “Amma təkrar etməli oluram ki, onun vəzifəsi bunu açıq surətdə deməyə imkan vermir. Hazırda baş katibdir və vəzifədə olduğu müddətdə bu haqda mövqe bildirməyəcək. Əslində onun bu məsələyə münasibət bildirməməsi də bir göstəricidir. Baş katib bununla Bakının mövqeyini bölüşmüş olur. Ona da əminəm ki, Sinirlioğlu Minsk Qrupunun bərpası üçün heç bir təşəbbüslə çıxış etməyəcək”.

Deputat əlavə etdi ki, Minsk Qrupunun ləğvi üçün Azərbaycanla Ermənistan birgə müraciət etməli, ATƏT-in sammitində müzakirəyə çıxarılmalıdır. A.Əlizadə onu da vurğuladı ki, hər iki tərəfin müraciətinə müsbət cavab verilməsi üçün Minsk Qrupuna üzv, eləcə də həmsədr ölkələr cavab verməlidirlər. Parlamentin üzvü Fransanın müqavimət göstərəcəyini istisna etmədi, amma Rusiyanın da Minsk Qrupunun dəfn olunduğunu açıqladığını yada saldı.

Samir Əsədli: “Bu, milli genefondun qorunması nöqteyi-nəzərindən son dərəcə  vacibdir” - VHP

Samir Əsədli

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli isə bildirdi ki, bu məsələ uzanacaq. Onun sözlərinə görə, Ermənistan ən azı 2027-ci ilin fevralına qədər sülh müqaviləsi imzalamaq niyyətində deyil: “Çünki rəsmi Bakının əsas tələblərindən biri üçüncü dövlətlərə məxsusu qüvvələrin Ermənistan-Azərbaycan sərhədində mövcudluğuna son qoyulması ilə bağlıdır. Amma Avropa İttifaqının "mülki missiyası" 2027-ci ilin fevral ayının 19-a qədər fəaliyyət göstərəcək. Deməli, Azərbaycanın əsas şərtlərindən birini Ermənistan ən azı 2027-ci ilə qədər qəbul etməyəcək. Belə olan halda, sülh müqaviləsi də imzalanmayacaq. Bu proseslə sinxron şəkildə Minsk Qrupu de-yure saxlanacaq. Əlbəttə ki, de-faktor Minsk Qrupu basdırılıb. Ancaq ABŞ-Rusiya dialoqunun bərpası İrəvanda müəyyən ümidlər oyada bilər".

VHP sədrinin müavini bununla yanaşı, Ermənistanın həmsədrlərin yenidən bir araya gəlib Azərbaycana təzyiq göstərəcəyinə ümid bəslədiyini söylədi: “Amma düşünmürəm ki, Moskva Bakıya qarşı bunu etsin. Tramp administrasiyası da İrəvanı sevindirmək həvəsində görünmür. Yalnız Makron Fransası Ermənistanın arzularını ifadə edə bilər. Lakin Vatikan görüşündə gördük ki, Tramp Makronla məsafə saxladı. Bu baxımdan da həmsədr ölkələrin toplaşması real deyil. Üstəlik, dünya dəyişib, regionda yeni status-kvo yaranıb, Azərbaycan regional oyunçu olaraq meydana çıxmaqdadır və fərqli xarici siyasət xətti var. Yəni bizə təzyiq yolu ilə Minsk Qrupunu bərpa etməyə razı sala bilməzlər. Odur ki, ATƏT-in Baş katibinin bu mövzuda susması nəyisə dəyişmir. Ola bilsin ki, qeyri-rəsmi söhbətdə bu məsələ müzakirə edilib. Amma bir türk diplomatın Azərbaycandan yana olduğunu düşünürəm, sadəcə, hazırkı statusuna görə məsələnin üstündən sükutla keçməyə üstünlük verib”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR