Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, ABŞ-da nəşr olunan nüfuzlu Washington Reporter saytı maraqlı və eksklüziv bir yazı ilə çıxış edib.
Məqalədə qeyd olunur ki, hazırda ABŞ Prezidenti vəzifəsini icra edən Donald Tramp beynəlxalq münasibətlərdə, xüsusilə Azərbaycanla strateji tərəfdaşlıq əlaqələrinin möhkəmlənməsində mühüm rola malikdir.
Məqalədə deyilir ki, Tramp administrasiyasının əvvəlki dövründə Azərbaycanla ABŞ arasında münasibətlərdə yeni və dinamik sistem formalaşmışdı. Bu prosesdə əsas rol oynayan şəxslərdən biri, Azərbaycanın sabiq ABŞ səfiri və hazırda Birləşmiş Krallıqda ölkəmizi təmsil edən Elin Süleymanov olub.
Elin Süleymanov
Elin Süleymanov Washington Reporter-ə bildirib:
“Prezident Tramp birinci müddəti dövründə "Abraham Razılaşmaları" çərçivəsində tərəfləri bir araya gətirmək üçün ciddi səylər göstərirdi. Onun təbiətində sülh yaratmaq, dialoq qurmaq və razılaşmalar əldə etmək üçün istək var idi.”
Süleymanov Trampın Azərbaycanın təşəbbüskarı olduğu enerji layihələrinə göstərdiyi dəstəyi də xüsusi qeyd edib:
“Prezident Tramp Transxəzər əməkdaşlığına və Azərbaycanın rəhbərlik etdiyi enerji layihələrinə daim dəstək göstərib. Dünyanın enerji təhlükəsizliyində mühüm yer tutan Cənub Qaz Dəhlizi məhz onun prezidentliyi dövründə başa çatdırıldı.”
Məqalədə Azərbaycanın aparıcı analitik qurumlarından biri olan Topçubaşov Mərkəzinin sədr müavini Murad Muradovun da fikirlərinə yer verilir. O vurğulayıb ki, Trampın əvvəlki hakimiyyəti dövründə Bakı–Vaşinqton xətti üzərində yeni və daha səmimi əməkdaşlıq mühiti yaranmışdı:
“Trampın seçilməsi Bakıda nikbinliklə qarşılanmışdı. Prezident İlham Əliyev Trampın vəzifəyə başlamasından öncə yeni administrasiyadan yüksək gözləntilərinin olduğunu bildirmiş, daha səmimi və effektiv əməkdaşlıq arzulamışdı.”
Muradov Tramp administrasiyasının ənənəvi dəyərlərə bağlılığı və ideoloji qütbləşmədən uzaq durması səbəbilə Azərbaycanla daha praqmatik münasibətlər qurduğunu qeyd edir:
“Tramp administrasiyası əvvəlkilərlə müqayisədə, Azərbaycanın dəyərlərinə daha yaxın idi. Bu da ikitərəfli əməkdaşlığın daha real zəmində qurulmasına imkan verirdi.”
Murad Muradov
O, həmçinin Demokrat administrasiyalarla olan münasibətlərin gərgin tərəflərini də vurğulayıb:
“Biz Azərbaycanda Demokrat administrasiyalardan, o cümlədən Co Bayden dövründə, kifayət qədər təzyiqlərlə üzləşmişik. Bunlar həm Ermənistanla münaqişə kontekstində, həm də Azərbaycanın enerji siyasəti və imici ilə bağlı idi.”
Muradov xatırladır ki, 2023-cü ildə ABŞ Dövlət Departamenti Azərbaycanın dini azadlıqları pozan ölkələr siyahısına salmışdı ki, bu da Azərbaycanda təəccüb və narazılıqla qarşılanmışdı:
“Demokratların ermənipərəst dairələrlə əlaqələri çox vaxt balanssız siyasətə səbəb olur. Halbuki dini tolerantlıq və multikulturalizm Azərbaycanın milli kimliyinin ayrılmaz hissəsidir.”
"Washington Reporter" yazır ki, Donald Trampın ABŞ prezidenti kimi vəzifəsinin ikinci dövründə Azərbaycanla əməkdaşlıq imkanları daha da genişlənə bilər. Bu əməkdaşlıq enerji təhlükəsizliyi, regional sabitlik və beynəlxalq diplomatik balans baxımından strateji əhəmiyyət daşıyır.
Azərbaycanın Transxəzər əməkdaşlığında, Türkiyə–İsrail münasibətlərinin vasitəçiliyində və Avropa enerji təminatında oynadığı rol Vaşinqton tərəfindən ciddi şəkildə qiymətləndirilir. Məhz bu baxımdan, Tramp administrasiyasının yanaşması Bakıda yeni dövrün başlanğıcı kimi qəbul olunur.
Mənbə: https://washingtonreporter.news/p/exclusive-president-trump-can-win?utm_campaign=post&utm_medium=web
Musavat.com
30 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ